Azərbaycanın ilk hüquq professoru Mustafa ağa Vəkilov

O da repressiya qurbanı olub

Mustafa ağa Vəkilov Vəkiloğulları nəslinin Azərbaycan xalqına bəxş etdiyi ən parlaq simalardan biridir. Bu nəsil Azərbaycan xalqına hərbi sərkərdələr, generallar, həkimlər, hüquqşünaslar və başqa böyük şəxsiyyətlər bəxş etmişdir. Mustafa ağa Vəkilov 25 yanvar 1899-cu ildə Tiflis şəhərində Azərbaycan xalqının görkəmli ziyalısı maarif fədaisi, ictimai xadim Məhəmməd ağa Vəkilovun ailəsində anadan olmuşdur. Mustafa ağa ailənin yeganə övladı olmuş və atası ona öz atasının adını qoymuşdur.
Məhəmməd ağa Vəkilov oğlu Mustafanı orta təhsil almaq məqsədi ilə Tiflisdə 1-ci oğlanlar gimnaziyasına qoymuşdur. Həmin dövrdə Tiflis Qafqazın mədəniyyət mərkəzi sayılırdı. Təsadüfi deyil ki, həmin dövrdə şəhərin elitar mühitinin əksəriyyətini məhz azərbaycanlı ziyalılar təşkil edirdi. Bu ziyalılar arasında Mustafa Vəkilovun atası Məhəmməd ağa Vəkilovun xüsusi çəkisi var idi. Mustafa Vəkilov Tiflisdə 1-ci oğlanlar gimnaziyasını medalla bitirmişdir. Onun gimnaziyada təhsil aldığı müddətdə linqivistik istedadı da üzə çıxmışdır. M.Vəkilov eyni vaxtda fransız, alman, latın dillərini əla qiymətlərlə oxuması onun bu sahədə xüsusi istedadından xəbər verir. Mustafa Vəkilov gimnaziyanı qurtaran ili Qafqaz Cəbhəsi Müsəlman Qaçqınlarına yardım üzrə müvəkkil vəzifəsində işləmişdir.
O həmçinin Azərbaycan Xalq Cümhuriyyətinin Tiflisdəki daimi nümayəndəliyində tərcüməçi vəzifəsində çalışmışdır.
Azərbaycan Xalq Cümhuriyyəti parlamenti 1919-cu il sentyabrın 1-də keçirilən iclasında Bakı Dövlət Universitetinin təsis olunması və hökumətin təklifinə əsasən bu sahədə milli kadrların hazırlanması üçün 100 nəfər azərbaycanlı gəncin dövlət hesabına təhsil almaq üçün xarici ölkələrə göndərilməsi barədə qanun qəbul etmişdi.
Mustafa ağa Vəkilov da həmin gənclərdən biri kimi, parlamentin 1919-cu il 1 sentyabr tarixli qərarına əsasən, təhsilini hüquq sahəsində davam etdirmək üçün Paris Universitetinə göndərilmişdir.
Azərbaycanda sovet hakimiyyəti qurulduqdan sonra xaricdə dövlət hesabına təhsil alan azərbaycanlı tələbələrin vəziyyətini öyrənmək üçün 1921-1922 illərdə Xalq komissarları Sovetinin sədri Nəriman Nərimanovun tapşırığı ilə xaricə ezam olunmuş xüsusi nümayəndənin hesabatında onun 2-ci kursa keçdiyi göstərilirdi. Mustafa ağa Vəkilov universiteti bitirdikdən sonra hüquq magistri elmi dərəcəsi almışdır.
Mustafa Vəkilov Parisdə təhsilini başa vuraraq Moskvaya – Kremlə gəlmiş, orada MIK sədri N.Nərimanovla görüşmüşdür. N.Nərimanov gənc hüquqşünasa Kremldə qalıb ixtisası üzrə işləməyi təklif etmişdir. O, bu təklifi qəbul etməmiş və 1924-cü ildə Bakıya qayıtmışdır. O, Bakıda Konyuktor Bürosunda statbüroda əvvəlcə katib, sonra isə rəis vəzifəsində işləmişdir.
Hüquq professoru dərəcəsi
1925-ci ilin mayında M.Vəkilov hakim kimi Ədliyyə Komissarlığına işə qəbul olunmuşdur. 1927-ci ildə Xalq Ədliyyə Komissarlığında müfəttış-təlimatçı, eyni zamanda xüsusilə mühüm işlər üzrə xalq məhkəməsi hakimi vəzifəsində çalışmışdır. Bakı və onun rayonlarında mühüm mülki işlərə rəhbərlik də ona həvalə olunmuşdur. 1928-ci ildə o, öz xahişi ilə Ədliyyə Komissarlığından işdən azad olunmuşdur.
Mustafa Vəkilov 30 aprel 1927-ci il tarixdə öz bibisi qızı Müqəddəsnisə ilə ailə qurmuş, bu izdivacdan onların Çingiz adında bir oğlu, Nigar adında isə bir qızları olmuşdur.
Mustafa ağa Vəkilov sonra 1927-ci ildən dərs dediyi ADU hüquq fakültəsində pedaqoji və elmi fəaliyyətlə məşğul olmuşdur. AzDETI təşkil olunduqda ali məktəbdə öz müəllimlik işinə fasilə verərək buranın sovet quruculuğu və hüquq şöbəsinin aspiranturasına qəbul olunmuşdur. 1930/31-ci tədris ilinin sonlarında aspiranturanı bitirib (aspiranturasının ilk buraxılışı) dosent dərəcəsi almışdır.
Mustafa ağa Vəkilov 1935-ci ildə Az.SSR Konstitusiyası türk mətninin redaktoru olmuşdur. O, eyni zamandə tərcümə və redaktə işləri ilə məşğul olmuşdur. 1935-ci ildə o dövlət və hüquq elmləri namizədi alimlik dərəcəsi alaraq, təsərrüfat-hüquq kafedrasının professoru olmuşdur. Beləliklə o, Azərbaycanda hüquq professor adını almış ilk azərbaycanlı alim olmuşdur.
1937-ci il repressiyaları Mustafa ağa Vəkilovdan da yan keçmədi. 1937-ci ilin noyabrın 21-i gecəsi Mustafa ağa Vəkilovun evində axtarış apararaq, onu həbs etdilər. Onun mənzilində Firudin bəy Köçərlinin (Badisəba bibisinin əri) Azərbaycanın müxtəlif regionlarından min bir əziyyətlə topladığı folklor nümünələri götürüldü. Mustafa Vəkilovun istintaqını XDIK DTI 4-cü şöbəsi 6-cı bölməsinin operativ əməliyyat müvəkkili Haqverdiyev aparırdı.
Sorğu-suallar aylarca vaxt apardı. Anasının Tehranda yaşayan qardaşı ilə (Məmməd bəy Şıxlinskini nəzərdə tuturdular), siyasi baxışları ilə maraqlanırdılar. Rəsmən ona qarşı irəli sürülən ittiham isə bundan ibarət idi ki, Mustafa Vəkilov “əksinqilabi millətçi təşkilatın üzvüdür, onu bu işə hüquq fakültəsinin keçmiş dekanı Quliyev Məcid cəlb etmişdir”.
“Əksinqilabçı” professor
Onları tələbələr arasında əksinqilabi iş aparmaqda, onların beyninə Azərbaycanın əsarətdə olduğu, ölkənin sərvətlərinin talanıb aparıldığı, ruslaşdırma siyasəti yürüdüldüyü haqqında fikirlər doldurmaqda ittiham edir, lakin bunu sübut edə bilmirdilər. Ondan hər şeyi etiraf etməyi tələb edirdilər. Institutun bəzi müəllimlərindən onun əleyhinə alınan ifadələrdə göstərilirdi ki, guya Mustafa Vəkilovun mühazirələri qəlizdir, ruscadan bir kitab belə tərcümə etməyib, onun rəhbərliyi altında müdafiə edən Baratzadə dissertasiyasında burjua inqilabının rolunu düzgün izah etməyib, buna görə zalda olan tələbələr hay-küy salmışlar, Vəkilov ictimai işlərə əhəmiyyət vermir, kütlələrdən qaçır, kafedraya yaxşı rəhbərlik etmir, zaçot vaxtı azərbaycanlı tələbələrə aşağı qiymət yazıb və onlar bundan narazı qalıblar və sair. Kamera yoldaşları onu “professor” deyə çağırırdılar. Mustafa dindirilərkən özünü mərdanə aparır, ittihamları cəsarətlə rədd edirdi…
Il yarım çəkən məşəqqətli məhbəs həyatından, heç nəyi sübut edə bilməyən üzücü istintaqlardan sonra Mustafa Vəkilov 1939-cu ilin martında edamlar, güllələnmələr dalğası ötdükdən sonra nisbətən yüngül cəza ilə canını qurtardı. 1941-ci ilin yanvarın 25-də XDIK yanında Xüsusi Müşavirədə Mustafa Vəkilova “antisovet-millətçi təşkilatda iştirakına görə cəzasını islah-əmək düşərgəsində çəkməklə 5 il müddətinə azadlıqdan məhrum edilmişdir. Taleyin acı istehzasından Mustafa Vəkilov sürgün vaxtını bitirsə də, azad olub vətənə dönə bilmir. Onun son məktubunu ürək ağırısı olmadan oxumaq mümkün deyil: ”Əzizim Müqəddənisə! Təzə gətirildiyim yerdən sənə ikinci məktubumu yazıram. Birinci məktubun çatıb-çatmadığını bilmirəm. Buraya sürgün müddətinin bitdiyi səbəbincə azad edilmək üçün çağırılmışdım. Lakin son dəqiqədə elan etdilər ki, müharibə bitdikdən sonra azad ediləcəyəm. Mustafa…”. Lakin təssüflər olsun ki, M.Vəkilov 1943-cü il aprelin 30-da sürgündə vəfat etdi.
27 dekabr 1955-ci il tarixdə SSRI-nin Baş Hərbi Prokurorluğu tərəfindən barəsində başlanmış cinayət işi üzrə cinayət tərkibi olmadığı üçün cinayət işinin icraatına xitam verilmişdir.
“Azadlıq”ın Araşdırmaçı Jurnalistlər Qrupu KIV-ə Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap edilir