Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə Azərbaycanda səfərdə olan İran İslam Respublikasının Prezidenti Mahmud Əhmədinejadla onun üçün ayrılmış iqamətgahda görüşüb.
Görüşdə Azərbaycan və İran arasında tarixi mənəvi əlaqələrin qorunub saxlanılması və inkişaf etdirilməsinin zəruriliyi vurgulanıb, xalqlarımız və dövlətlərimiz arasında ünsiyyətin daha da dərinləşdirilməsinin vacibliyi önə çəkilibdir. Şeyxülislam xüsusi vurgulamışdır ki, dost və qardaş dövlətlərimiz arasında bütün sahələrdə oldugu kimi, dini-mənəvi sahədə də əlaqələrin yüksək səviyyəsinin bərqərar edilməsi olduqca mühümdür və bu xalqlarımızın rifah və səadətinə xidmət edir.
Şeyxülislam A. Paşazadə İran Prezidenti M. Əhmədinejadı, İranın Ali Dini lideri Ayətullah-üzma Xameneyi başda olmaqla bütün İran xalqını müsəlman dünyasının qarşıdan gələn böyük bayramı – Eydül-Əzha münasibətilə ürəkdən təbrik etmiş, Qurban bayramının fəzilət və nurunun bütün İslam dünyasına əmniyyət və rifah bəxş etməsini diləmiş, həmçinin, ali dini liderə dərin ehtiram və salam-dualarını yetirməyi rica edib.
İranın dövlət başçısı İran və Azərbaycan xalqları arasında dini-mənəvi əlaqələrin möhkəmlənməsinə rəvac olaraq Şeyxülislam A. Paşazadəni İran İslam Respublikasına qonağı olaraq səfər etməyə dəvət edib (qafqazinfo.az).