“Hafiz Hacıyev məsələsini də müzakirə etdik. Bildirdim ki, Elçibəyi zəhərləməyiblər”
Azərbaycanın eks-prezidenti, mərhum Əbülfəz Elçibəyin qardaşı Almurad Əliyev bu gün bir neçə saat prokurorluqda dindirilib. Bakı şəhər Prokurorluğunda çağırılan A.Əliyev yenidən istintaqa cəlb olunmasının səbəblərini Modern.az-a açıqlayıb. Sabiq prezidentin qardaşı bildirib ki, o, Əbülfəz Elçibəyin müəmmalı ölümü ilə bağlı prokurorluqda açılan cinayət işi üzrə ailə məsələləri ilə bağlı ifadə verib. A.Əliyevin sözlərinə görə, dindirilmə zamanı prokurorluq əməkdaşları onunla Müasir Müsavat partiyasının sədri Hafiz Hacıyev arasında yaşanan gərgin münasibətlərə toxunaraq, sorğu-sual ediblər.
“Bu gün prokurorluqdan zəng vurub ifadə vermək üçün məni çağırdılar. Mən də getdim. Çox yaxşı da qəbul elədilər. Məni bu dəfə Elçibəyin ailə məsələləri ilə bağlı çağırmışdılar. Elə indi gəlmişəm evə. Prokurorluqda Hafiz Hacıyev məsələsini də müzakirə etdik. Mən ifadəmdə də bildirdim ki, belə bir hadisə ola bilməz, yəni Elçibəyi zəhərləməyiblər”,- deyə A.Əliyev bildirib.
Xatırladaq ki, Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyevin mərhum Əbülfəz Elçibəyin zəhərlənərək öldürülməsi ilə bağlı Bakı şəhər Prokurorluğuna etdiyi müraciət əsasında açılan cinayət işi hazırda davam edir.