Apteklərdə əməliyyat keçirilməsi təsdiqləndi

Almaniya Federal Kriminal Polis Idarəsindən Interpolun Azərbaycan bürosuna daxil olan məlumatda nə deyilir?

Daxili Işlər Nazirliyi (DIN) Baş Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə Idarəsinin (BMCQMI) apteklərdə əməliyyat keçirməsi barədə “Azadlıq”ın xəbərini təsdiqləyib. DIN-in mətbuat xidmətinin şöbə rəis Orxan Mansurzadə bildirib ki, həqiqətən də BMCQMI paytaxtda, həmçinin bir sıra rayonlarda fəaliyyət göstərən apteklərdə əməliyyat keçirib.  “Lakin bu, aptek sahiblərinin iddia etdiyi kimi heç də əsassız, şəxsi maraqlar üzündən keçirilməyib. Əksinə, bu əməliyyat vətəndaşların sağlamlığı baxımından ciddi əhəmiyyət daşıyır”.
Orxan Mansurzadənin sözlərinə görə, Almaniya Federal Kriminal Polis Idarəsi ötən ay Interpol-un Azərbaycan bürosuna məlumat daxil olub. Həmin məlumatda bildirilib ki, bir qrup Almaniya və Rusiya vətəndaşlarına məxsus firmalar vasitəsilə Hindistandan və Çindən Almaniyanın Frankfurt şəhərinə qaçaq yolla mənşəyi bəlli olmayan, saxta dərmanlar gətirilib: “Həmin dərmanlar Frankfrutdan Avropa ölkələrinin bazarlarına paylanıb. O cümlədən Azərbaycana da bu dərmanlardan göndərilib. Almaniya Federal Kriminal Polis Idarəsi bu dəstəni ifşa edib və dərmanların göndərildiyi ölkələrin, o cümlədən Azərbaycanın hüquq-mühafizə orqanlarına bu işlə bağlı məlumat verib ki, araşdırma aparsınlar. Məhz bu məlumatla bağlı Baş Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə paytaxtda və bir sıra apteklərdə əməliyyat, daha doğrusu, reyd keçirib. Həmin apteklərdən saxta olduğu şübhə doğuran dərmanlardan nümunələr götürələrək yoxlanılması üçün müvafiq laborotoriyaya göndərilib. Bu məsələdə hər hansı şəxsi maraq olmayıb”.
Xatırladaq ki, “Azadlıq”ın ötən sayında BCQMI-nin Cəlilabad, Imişli, Masallı, Biləsuvar və digər iri rayonlarda fəaliyyət göstərən apteklərdə əməliyyat keçirməsi barədə məlumatda dərc olunmuşdu. Həmin məlumatda qeyd olunur ki, BMCQMI-nin Faiq və Vüqar adlı əməkdaşlarının rəhbərlik etdiyi 4 nəfərlik qrup apteklərə daxil olaraq dərmanların tarixi ilə və psixotrop maddələrlə maraqlanırlar. Daha sonra aptek sahibləri baş idarəyə gətirilir. Onlar BMCQMI  əməkdaşlarının şərtini qəbul etdisə, sərbəst buraxılır, əks təqdirdə həbslə hədələnir.