Dünya estrada ulduzlarının Bakıya gətirilməsi Tehrana güc göstərisidir?
ABŞ-da yayımlanan dünyanın ən tirajlı qəzetlərindən biri “The Washington Post” son həftələrdə bir-birinin ardınca dünya şöhrətli pop-ulduzların Bakıda konsert verməsi ilə bağlı geniş məqalə dərc edib. Məqalədə bildirilir ki, məşhur ulduzlar Azərbaycanın İranla ideoloji mübarizədə istifadə etdiyi sonuncu silahlardır. Jenifer Lopes, Rihanna və Şakira kimi ulduzların Bakıda konsert-şoularının təşkili ayətullahları “özündən çıxarmaq” məqsədi güdür.
“The Washington Post” yazır ki, Cenifer Lopezin Bakıda verdiyi konsert və onun çıxışı zamanı açıq-saçıq geyimlərdən istifadə etməsinin Xəzər dənizinin o biri sahilindəki ayətullahları özündən çıxaracağı gözlənilən idi.
Qəzet daha sonra konsertdə iştirak edən, ancaq adının açıqlanmamasını istəyən bir azərbaycanlı məmurun İran rəsmilərinə ünvanlanan “Siz təsəvvür edə bilərsiniz ki, iranlılar necə qəzəblənirlər. Bu səhnə onları dəli edir” fikirlərinə yer ayırıb. Məqalədə əlavə olunur ki, Azərbaycan İranın şimal qonşusudur və regionda dünyəvi, qərbmeylli ölkə kimi İrana qarşı öz rolunu gücləndirir. İran beynəlxalq sanksiyalara nəticsində getdikcə daha dərin təcrid vəziyyətinə düşür və iqtisadi vəziyyəti pisləşir.
ABŞ qəzeti Azərbaycanın daxili ictimai-siyasi durumuna da yer ayırıb. Qeyd olunur ki, ölkə daxilindəki ümumi heç də ideal deyil. Azərbaycanda birpartiyali siyasi sistem domninantlıq edir. Hakimiyyət insan haqları müdafiəçilərinin tez-tez tənqidlərinə məriz qalır və korrupsiya ittihamları ilə üzləşir. Azərbaycan həmçinin Dağlıq Qarabağa görə Ermənistanla münaqişə vəziyyətindədir.
İnformasiya şöbəsi