İctimai Palatanın Hacıqabul rayonunda keçirmək istədiyi toplantının reallaşmaması üçün rayon icra hakimiyyəti tərəfindən basqılar davam edir. Oktyabrın 14-də təşkilatın toplantısını keçirmək istəyən yerli fəallar icra hakimiyyətinin buna şərait yaratmaması üzündən tədbiri təxirə salıblar. Halbuki oktyabrın 10-da təşkilatın yerli əlaqələndirmə şurası tədbir keçirmək niyyətləri ilə bağlı icra hakimiyyətinə rəsmən məktub ünvanlayıb. Oktyabrın 13-də Hacıqabul rayon icra başçısının müavini İlqar Talıbovla görüşən AXCP-nin Hacıqabul şöbəsinin sədri, İP-nin yerli Əlaqələndirmə Şurasının üzvü Vadər Məmmədli İP-nin tədbirinin keçirilməsi ilə bağlı çətinlikləri müavinin diqqətinə çatdırıb. İ.Talıbov isə öz növbəsində İP-nin məktubunun hələ onlara çatmadığını bildirib. Amma maraqlısı odur ki, oktyabrın 10-u müraciət məktubu icra başçısına göndəriləndən sonra sənədə imza atanlar yerli polis şöbəsinə dəvət olunublar. «Oktyabrın 11-də Hacıqabul rayon polis idarəsindən mənə zəng vuruldu və bölməyə gəlməyin istənildi. Mən Bakıda olduğumu bildirdim. Amma sənədə imza atan Zaydağa Səmədzadə, Muğan qəsəbəsində fəal cəbhəçilərdən Vidadi Səfərov polis bölməsinə dəvət olunub. Və onlara bildiriblər ki, tədbir qanun çərçivəsində olmalıdır. Məni isə icra hakiminin müavini oktyabrın 13-də icra hakimiyyətinə çağırdı və İctimai Palatanın fəaliyyəti, keçirəcəyimiz tədbirlə bağlı maraqlandı», deyə V.Məmmədli vurğuladı. V.Məmmədli onu da bildirdi ki, hələ İP-nin tədbirinin keçirilməsi oktyabrın 28-nə qədər təxirə salınıb. Amma tədbirin son vaxtı ümumi müzakirədən sonra qəbul olunacaq. Bu ərəfədə isə fəal müxalifəçilərin polis bölməsinə çalışması sadəcə olaraq insanlara psixoloji təzyiqdir.
Xəyal