Əsəd Türkiyə qarşısında geri çəkildi

Suriya hakimiyyəti Ankara ilə münasibətləri düzəltməyə çağırış etdi

Bəşər Əsədin əmrində olan ordu birləşmələri ilə müxalif hərbçilərdən ibarət Azad Suriya Ordusu arasında son günlər daha da şiddətlənən döyüşlər davam edir. Müxaliflər son olaraq, Türkiyə sərhədindəki, Idlib şəhərinə bağlı Azmarin qəsəbəsini ələ keçirdiklərini, Əsəd əsgərlərinin isə nəzarətlərindəki Cəmiliyə, Amud və Zərzür şəhərlərində toplaşmağa başladıqlarını açıqlayıb.
Bildirilir ki, hökumət qüvvələri bu şəhərlərdə toplaşaraq, yol üstündə yerləşən və müxaliflərin nəzarətindəki Dərkuş qəsəbəsinə hücum edib. Hücum zamanı tərəflərin onlarla itki verdiyi deyilir.
Bu arada, ABŞ Dövlət Departamentinin sözçüsü Viktoriya Nuland Suriyadakı vəziyyətin dəyişməz olaraq qalmasında Rusiyanı günahlandırıb. Keçirdiyi mətbuat konfransda çıxış edən Nuland bildirib ki, Rusiyanın Suriyaya silah verməsi Təhlükəsizlik Şurasında vəzifəsi dünyada təhlükəsizliyi təmin etmək olan bir dövlət üçün məsuliyyətsiz bir addımdır: “Rusiya BMT Təhlükəsizlik Şurasına üzv olmasına baxmayaraq, bu cür təhlükələrə yol açan fəaliyyətləri davam etdirir”.
Nuland etiraf edib ki, Rusiyadan Suriyaya avadanlıq göndərilməsi qanunidir. Amma Rusiyanın Suriyaya yönəlik siyasəti “mənəvi cəhətdən savadsızdır” və Rusiyanın BMT Təhlükəsizlik Şurasının daimi üzvü kimi statusuna uyğun gəlmir.
Son günlər münasibətləri getdikcə gərginləşən Bəşər Əsəd rejimi geri addım atmağa qərar verib. Suriya Xarici Işlər Nazirliyi Türkiyə ilə aralarında yaşanan gərginliklə bağlı rəsmi bəyanat yayıb. Bəyanatda Bəşər Əsəd hökumətinin Türkiyə ilə münasibətləri bərpa etməyə hazır olduğu bildirilib: “Suriya hökuməti iki ölkə arasındakı gərginliyi azaltmaq üçün Türkiyə ilə birbaşa əlaqə qurmağa hazırdır”.