Rubin Azərbaycana niyə gəlib?

«ABŞ rəsmisi hakimiyyətdən bəzi məsələlərə cavablar istəyəcək»

ABŞ dövlət katibinin Avrasiya məsələləri üzrə köməkçisinin müavini Erik Rubin Azərbaycanda səfərdədir. ABŞ-ın Azərbaycandakı səfirliyindən verilən məlumata görə, E.Rubin Bakıya oktyabrın 12-də gəlib. Səfər müddətində onun Azərbaycan prezidenti Ilham Əliyevlə, xarici işlər naziri Elmar Məmmədyarovla, işgüzar dairələrlə və QHT təmsilçiləri ilə görüşü nəzərdə tutulur. Səfərin əsas məqsədi ABŞ-Azərbaycan əməkdaşlığının perspektivlərini müzakirə etməkdir.
Siyasi şərhçi Rahim Hacıyev hesab edir ki, Rubinin səfəri Azərbaycanla Qərb arasındakı münasibətlərin gərginləşdiyi dövrə təsadüf edir: “Bu bir neçə aspekti əhatə edən məsələdir. Bir tərəfdən Azərbaycanla Qərb arasındakı siyasi münasibətlər gərginləşib. Azərbaycan hakimiyyəti uzun müddətdir Qərbin insan hüquq və azadlıqları ilə bağlı tənqidlərinə ciddi əhəmiyyət vermir. Ölkədə hüquq və azadlıqların vəziyyəti günbəgün pisləşir. Mətbuat azadlığı sahəsində vəziyyət kritik həddə çatır. Hakimiyyət isə müsbət nəticə çıxarmaq fikrində deyil. Bu da Azərbaycanla Qərb arasında ciddi gərginlik mənbəyidir”.
R.Hacıyev deyir ki, gərginliyə səbəb olan məqamlardan biri də prezident Ilham Əliyevin BP-yə qarşı ciddi ittihamlar irəli sürməsidir: “Qərb mətbuatında Ilham Əliyevin ünvanına hədə dolu materiallar çap olunur. Azərbaycanla Israil arasında münasibətlər, rəsmi Bakı ilə Iran, Türkiyə və Rusiya arasında yaşanan gərginlik. Bir sözlə münasibətlərin gərginləşdiyi mürəkkəb bir dövrdür. Belə bir mərhələdə Rubinin Bakıya səfərində başlıca məqsəd, Qərb və Azərbaycan hakimiyyəti arasında münasibətlərin gərginləşməsidir. Əslində Ilham Əliyevin BP-yə qarşı ittihamlar irəli sürməsi heç də heç də hansısa 8 milyardla bağlı deyil. Bu daha çox Qərblə Azərbaycan arasında münasibətlərin hansı həddə olmasının göstəricisidir. Azərbaycan hakimiyyəti Qərblə müxtəlif mərhələlərdə müəyyən məsələlərlə bağlı əməkdaşlıq edib. Amma birdən Qərbin Azərbaycan hakimiyyətinə münasibəti sərtləşdi.
Avropa Şurasında Azərbaycan hakimiyyətinə ciddi zərbə vuran sənədlərin qəbulu da göstərir ki, münasibətlər olduqca gərgindir. Heç bir şübhə yoxdur ki, ABŞ-dan gələn yüksək rütbəli rəsmi bilavasitə Azərbaycan hakimiyyətindən bu məsələlərə cavablar istəyəcək. Münasibətlər ya yoluna qoyulmalı, ya da daha radikal addamlar atılmalıdır. Bu da təbii ki, Azərbaycan hakimiyyətinin davranışından asılı olacaq”.