Mirmahmud Fəttayev həmişəki kimi yalan danışır

Qaya Əliyev

Bütün avtoritar rejimlərin mahiyyətində yalan dayandığı kimi KXCP-dəki teokratik diktaturanın da xəmiri yalanla yoğrulub. Bir latın frazasında deyilir ki, yalançının yaddaşı gərək güclü olsun. Ancaq “yalançının yaddaşı gödək olar” deyib atalarımız. Mirmahmud bəyin barəmdə istər məzuniyyət dövründə saray əyanları vasitəsilə, istərsə məzuniyyətdən sonra birbaşa özünün danışdığı və danışdırdığı yalanlardan hiss olunur ki, bütün yalançılar kimi yaddaş defisiti problemini o da yaşayır. Məhz buna görə bir müsahibədə “fraksiya məsələsi bitdi” dediyi halda başqa müsahibəsində fraksiyadan və fraksiyaçılardan danışır.
Fraksiya məsələsi bitibsə sən niyə bu qədər narahatsan, əzizim? Niyə fraksiyaşünasa çevrilmisən və şair demişkən, son günlər, hər sadə mürəkkəb, cümlənin də, əzəl mübtədası fraksiyadır?
Onun son günlər barəmdə danışdığı bir neçə yalanı məcbur etdi ki, bu yazını yazım. Ilk yalanı bu oldu ki, mənimlə bağlı axırıncı iştirak etdiyi toplantıda bir sual verilib və o da bildiribmiş ki, guya mənimlə aylar öncə sağollaşıbmış. Bəs həqiqətdə necə olub? Sözügedən iclas, 28 avqust 2012-ci ildə Idarə Heyətinin iclasıdır. Həmin iclasda Ədalət Yusubov bu adama sual verib ki, niyə bu 3 müavin iclasda yoxdur? Bu adam da cavabında deyib ki, özüm tapşırmışam ki, 3 müavini bu iclasa dəvət etməsinlər. Ədalət bəy səbəbini soruşduqda o, hər birinin niyə çağırılmadığının səbəbini ayrı-ayrı izah edib. Konkret olaraq mənimlə bağlı izahatında isə deyib ki, Qaya mənimlə müəyyən məsələlərdə razılaşmır. Təbii ki, o mənim mətbuatda KXCP sədr müavini kimi onun Məşvərət Məclisində özbaşına iştirakı ilə bağlı etirazımı, bu addımın onun şəxsi təşəbbüsü olduğunu bildirən 24 avqust 2012-ci il tarixli açıqlamama eyham vururdu (Hərçənd ki, mənim guya o məzuniyyətə getdikdən sonra müavinliyimi yada saldığımı iddia edir, halbuki həmin açıqlamamda müavin qismində təqdim olunmuşam və görəsən, bu adam 24 avqustda da məzuniyyətdə olub?). Bu söhbətin autentikliyini və doğruluğunu maraqlananlar Ədalət Yusubovdan soruşaraq dəqiqləşdirə bilər. Göründüyü kimi, həmin söhbətdə “sağollaşmaq”dan söhbət belə getməyib və gedə də bilməzdi. Çünki adamdan soruşarlar ki, mənimlə 28 avqustdan aylar öncə sağollaşmışdınsa, niyə məni 2 iyul saat 12-də keçirilməsi nəzərdə tutulan Idarə Heyətinin iclasına dəvət etdirmişdin? Axı həmin SMS telefonumdadır. Eləydisə, niyə adım partiyanın rəsmi elektron mətbu orqanında, rəsmi saytında müavinlər sırasından aylar öncə yox, məhz məlum birlik təklifindən sonra, 6 sentyabrda çıxarıldı? Axı saytın sentyabrın 6-da günün birinci yarısındakı fotosu, adım çıxarılmamış haldakı vəziyyəti məndədir? Sənin Ali Məclis sədrin birlik təklifimi mediada səsləndirəndən sonra 30 sentyabr 2012-ci il tarixli  müsahibəsində mənə irad tutmuşdu ki, partiya funksioneri olaraq, təklifimi mətbuatdan, sosial şəbəkədən əvvəl partiyanın orqanlarında irəli sürməliymişəm. Indi sual yaranır, “sağollaşma” baş versəydi, funksioner olmasaydım, mənə bu irad tutula bilərdimi?
Axı nə vaxta kimi sən Idarə Heyətində bir söz, mətbuatda başqa söz, bu gün bir söz, sabah onu inkar edən başqa söz danışacaqsan? Bu gün çıxıb deyirsən ki, Müsavat yer versə, Müsavata baha başa gələcək, sabah isə çıxıb deyirsən ki, hər ikimizə baha başa gələcək. Kənardan nə qədər qeyri-ciddi göründüyünün fərqindəsənmi?  
Keçək bu adamın barəmdəki ikinci yalanına. Deyib ki, guya məni çağırıb, saatlarla söhbət edib, guya etimadı doğrultmadığımı, hətta vəzifəmin öhdəsindən gələ bilmədiyimi diqqətimə çatdırıbmış və mən də bu xəyali iradlarla razılaşıb, sağollaşıbmışam. Indi sual yaranır. Bəs axı onun özünün və saray əyanlarının mifologiyasına görə, guya mən aylarla partiyaya gəlib getməmişəm. Indi, viktorinamızın sualı belədir, Mirmahmud bəy, mən aylarla partiyaya gəlməmişəmsə, sən kiminlə saatlarla söhbət etmisən? Mənim ruhumla, ya xəyalımla? Bax, burada Kərəmi ağlamaq tutur. O ki, qaldı Mirmahmud bəyin mənim ruhumla telepatiya zamanı xəyali iradlarına. Bu vaxta qədər birbaşa fəaliyyətimlə bağlı bu adamın mənə “vəzifənin öhdəsindən gəlməmək, etimadı doğrultmamaq və s.” kimi hər hansı bir iradı olmayıb və ola da bilməzdi. O yaxşı bilirdi ki, mənə belə bir irreal ittiham irəli sürsə, mən də ona təşkilatın 2000-ci ildəki kontingenti ilə bugünkü kontingentinin kəmiyyət və keyfiyyət göstəricilərini müqayisə edərək analoji qaydada real ittihamnamə irəli sürə bilərəm. Iraddan söz düşmüşkən, Mirmahmud bəyin müxtəlif vaxtlarda mənə sırf fəaliyyətimlə birbaşa bağlı olmayan 2 iradı olub. Hər iki iradı eşidəndə şok yaşamışam. Birinci iradı mənim sosial şəbəkədə bir oliqarxı və onun rəhbərlik etdiyi qurumun fəaliyyətini tənqid etməyimlə bağlı olub. Bildirib ki, bunu etməyim. Ikinci iradı isə daha öncə sosial şəbəkədə müxtəlif vaxtlarda səsləndirdiyim KXCP-AXCP birləşməsi barədə fikirlərimlə bağlı olub və bildirib ki, bu alınan deyil. Mən də səbəbini soruşmuşam. O da deyib ki, hətta mən razı olsam belə, bu qaragürühü görürsən, onlar qırğın edər. Hər iki söhbət üçlükdə, Fikrət Cəfərlinin iştirakı ilə olub. Maraqlananlar bu söhbətin autentikliyini və doğruluğunu Fikrət Cəfərlidən soruşaraq dəqiqləşdirə bilər.
Bu gün səndən fərqli olaraq Ədalət Yusubov və Aydın Şükürov kimi bu təşkilatı yaradan, Elçibəyin əsl silahdaşları, milli-demokratiya yolunun əsl yolçuları sənin yox, mənim yanımdadırlarsa və mənimlə birlikdədirlərsə, deməli, mən doğru yoldayam. Partiyanı öz məhdud intellektual imkanlarına və siyasi çapına uyğunlaşdırmaq üçün təşkilatdan məqsədli şəkildə uzaqlaşdırdığın əsl Elçibəy yolçuları sənin barəndə deyirlər ki, o heç vaxt Elçibəy yolunda olmayıb. Amma mən isə sənə güzəşt edib deyirəm ki, sən bu yoldan sapmısan. Əgər bir gün yola qayıtmaq istəsən, fraksiyamız, inşa etdiyimiz “Nuhun gəmisi” hər xilas olmaq istəyən şəxs kimi, sənin də üzünə açıqdır. Səninlə şəxsi qərəzimiz yoxdur.
O ki qaldı yalanlarına, gəl, belə danışaq Mirmahmud bəy, sənə Adlay Stivinsonun opponentlərinə etdiyi təklifi edim. Gəl, sən mənim barəmdə yalanlar danışmaqdan əl çək, mən də sənin haqqında həqiqətləri danışmaqdan əl çəkim.