Öz komandası Ramiz Mehdiyevə qarşı çıxır

Siyasi səhnədə dramatik anlar yaşandığı bir məqamda Ramiz Mehdiyevin “antrakt” elan etməsi – “məzuniyyətə çıxması” – qədər maraqlı heç nə ola bilməz. Hamı bilir ki, Ramiz Mehdiyev hər zaman “rejissor pultunun” arxasında oturmağa üstünlük verən şəxsdir: onun təlimatlandırıb ortaya atdığı adamlar izləyicilərin önünə çıxıb, vinti burulan oyuncaqlar kimi proqramlaşdırılmış hazır mətni oxuyurlar. Hazırda isə siyasi səhnədə proseslər o qədər sürətlə dəyişir ki, “proqramlaşdırılmış mətnlər” də yenilənməlidir – təbii ki, rejissor tərəfindən.
Rejissorsa məzuniyyətə çıxıb və… iş o yerə çatıb ki, videoqalmaqal ölkəni qarışdırandan, partiyadaşları Gülər Əhmədovanı küçə əxlaqında suçlayandan sonra da birisi qalxıb, “Elşad Abdullayevdə bu qədər pul hardandır” sualını efirdən dilə gətirməyə ar-ayıb etmir, “köhnə mətni” təkrarlamaqla rejissorun mövqelərini sarsıdır.
Siyasi oyuncaqları qınamıram; hardan ağıllarına gələrdi ki, prosesin qaynar vaxtında Ramiz Mehdiyev yeni mətni səhnə arxasından suflyor vasitəsilə çatdırmaq planını təxirə salacaq? Belə vəziyyətdə – ilişən köhnə val kimi – əvvəlki sözləri təkrarlamaqdan başqa mənəvi, siyasi və düşünmək ixtiyarını çoxdan tərk etmiş “aktyorların” əlindən nə gəlir?
Bəs, Ramiz Mehdiyev niyə pult arxasından çəkilir? Bu nə vaxtın “qısamüddətli məzuniyyətidir”?
Ictimaiyyətin fikri-zikri bu ikən… maraqlı xəbər aldıq dünən: həmişə Ramiz Mehdiyevin komandasında olmaqla öyünən bəziləri “əllərində olan faktları” açıqlamağa hazırlaşırlar; “faktlar” isə Ramiz Mehdiyevin əleyhinədir!
Nələr olur, Ilahi? YAP-çıların dediyi kimi, “Gülər Əhmədovanın arxasında duranlar” o qədər gücləniblər ki, Ramiz Mehdiyevin qulbeçələri artıq PA rəhbərinə qarşı “kompromat” savaşına qoşulurlar?
Əgər öz komandasında bu problem yaşanırsa, Ramiz Mehdiyev hakimiyyətdaxili siyasi oyunun əleyhinə çevrildiyini görüb, yaşının gətirdiyi ağrılar qarşısında geri çəkilirsə, müalicə və ya “müalicə” adıyla “xarici dəstək” üçün “qısamüddətli səfərə” çıxmaqdan başqa əlac görmürsə… – demək, “fil qocalıb, artıq üstünə milçəklər qonur!”
Məsələnin siyasi tərəfi haqqında gedişat və “özəl” informasiyalar əsasında daha bir çox ehtimal irəli sürmək olar. Ancaq idarəetmə təkcə siyasi oyunlardan ibarət deyil ki! Prosesin bir mənəvi tərəfi də var, axı…
“Komandam” dediyin insanlar: yalnız cinayətkar əməllərinə görə sənə girov düşən və qul xidməti göstərməyə məcbur olanlardırsa; əgər satın alınmış adamlardırsa; əgər yalan və riya mexanizminin detallarıdırsa, şər atmağı gündəlik həyat normasına çevirənlərdirsə, onlara necə arxalana bilərsən?
Əxlaqsızlığın ilk addımı keçilməzdir, dəhşətlidir, haramdır: mənəvi aşınmanın qapısını insan bir dəfə açdısa, adiləşir hər şey. Bu gün sənin xeyrinə satqınlıq etməyə vadar olan şəxsin sabah səni satacağını anlamaq o qədərmi çətindir?
Bu hakimiyyətin ayrı-ayrı simalarının “gizli komandası” yalnız belələrindən ibarətdir. Çünki “komanda üzvləri” – əqidəsindən nəyinsə qarşılığında döndərilənlər, satın alınanlar, cinayətə şərik qoşulanlardır: “səflərini” dəyişmək, ağalarını qurban verib, başqasının qoltuğuna sığınmaq onlar üçün adi bir işdir – gündə birinin qoynuna girməklə “gündəlik rüzisini qazanan” qədim peşə sahibləri kimi.
Ramiz Mehdiyevin də öz “sadiq”, “etibarlı”, “yaxın” adamları tərəfindən günlərin birində daş-qalaq edildiyini görsəniz, təəccüblənməyin: Özünün əkdikləridir – biçəcək!
Hər zaman vurduqları adamın bütün qohum-əqrəbasını hədəf götürüblər; doğmasını, yaxınını hədə-qorxu ilə sındırıb, əzizinin üzünə qoyublar… Millətin psixologiyasını sarsıdıblar; o qədər ki, vəzifədən çıxan doğmasına salam verməmək, onu saymamaq, adını çəkməmək şərəfsizliyi əksəriyyətin canına-qanına hopub!
Bunlar “filankəsin qulağını çək” göstərişi verdikləri adamdan həmişə, “buyurun, hansı qulağını deyirdiniz”, – deyə kəsilmiş baş qəbul edəndə, qul sədaqətinə seviniblər.
Indi “qulaq çəkməyə” göndərdiklərinin onların başını məcməyiyə qoyub, kiməsə ərmağan aparacaqlarını görəcəklər – necə ki, Gülər Əhmədovanın qulluğunda durmaq üçün növbəyə düzülənlər indi onu “qırt fərə” adlandırır…