Müsavat Partiyasının gənclər təşkilatının fəalı Nigar Yaqublunun azadlığıa buraxılması üçün Azərbaycanın Hollandiyadakı səfirliyinə müraciət edilib. Bu barədə Modern.az saytına Müsavat Partiyasından məlumat verilib. Bildirilib ki, Hollandiyanın Gənc Demokratlar təşkilatı Müsavat Gənclər Təşkilatının sədr müavini Nigar Yaqublunun həbsi və ona qarşı qaldırılan cinayət işi ilə bağlı Azərbaycanın Hollandiyadakı səfiri Fuad İsgəndərova müraciət göndəriblər.
N.Yaqublunun həbsinə dair CNN-də yerləşdirilən məlumatların da əlavə edildiyi müraciətdə qeyd edilir ki, təşkilat gənc fəal barəsində uzun müddətli həbs-qəti imkan tədbirinin seçilməsindən, analoji hallarda və son illər baş verən avtomobil qəzaları zamanı hamının qanun qarşısında bərabər məsuliyyətə cəlb olunmamasından və N.Yaqublunun müdafiə hüququnun pozulmasından narahatlıq keçirdiyini bildirir:
“Biz xüsusilə onun vəkilinin Nigarın şok vəziyyətində dindirildiyinə dair açıqlamasını vurğulamaq və sizin bu açıqlama ilə bağlı münasibətinizi öyrənmək istərdik”.
Azərbaycanın suverenliyinə hörmətlə yanaşdıqlarını vurğulayan gənc demokratlar hüquq-mühafizə orqanlarının fəaliyyətinin vacib olduğunu vurğulayırlar:
“Digər bir tərəfdən biz Nigar Yaqublunun siyasi müxalifətə verdiyi tövhələri müşahidə etmişik. Bu bizə məhkəmənin ədalətli olub –olmayacağını aydınlaşdırmaq üçün prosesi daya yaxından izləməyə əsas verir. Biz inanırıq ki, sizin hakimiyyət mülkü və siyasi hüquqlara dair beynəlxalq konvensiyanın 14-cü maddəsinə hörmətlə yanaşacaq”.
Müsavat Gənclər Təşkilatının sədri, N.Yaqublunun hüquqlarını müdafiə komitəsinin sədr müavini Tural Abbaslı gənc fəalın müdafiəsi istiqamətində görülən işlər haqqında deyib ki, Avropadakı müttəfiq təşkilatlarla digər dövlətlərdə yerləşən Azərbaycan səfirliklərinə müraciətlərin göndərilməsinin intensivləşməsi istiqamətində işlər davam edir:
“Bununla yanaşı? Nigar Yaqublunun həbsi barədə məlumatların Avropanın yerli təşkilatları vasitəsilə bu ölkələrin Xarici İşlər Nazirliyinə çatdırılması istiqamətində də razılaşmalar var”.
T.Abbaslı qeyd edib ki, Müsavat Partiyasının üzv olduğu və Avropanın nüfuzlu təşkilatlarından olan Avropa Liberal Demokratik İslahatlar Partiyaları İttifaqı da N.Yaqublunun həbsinə reaksiya verib:
“Avropanın müxtəlif ölkələrindən 52 partiyanı özündə birləşdirən və Avropa Parlamentində 70-dən çox deputatla təmsil olunan bu ittifaq öz rəsmi Facebook səhifəsində Nigar Yaqublunun həbsinə münasibət bildirib. Həmin bəyanatda qeyd edilir ki, gənc müsavatçı fəal Nigar Yaqublu barəsində həbs-qətimkan tədbirinin seçilməsi Azərbaycanda siyasi azadlıqların pozulmasının davam etdiyini göstərən daha bir göstəricisidir.
Təşkilat Nigar Yaqublunun sağlıq durumundan narahatlığını ifadə edib və Azərbaycan hakimiyyətindən ədalətli məhkəmə prosesi tələb etdiyini bəyan edib”.