Görünür, cəmiyyətin həssaslığı yerindəymiş. Hakimiyyət ən iyrənc müştəbehlikləri ilə daim diqqəti öz əməllərindən yayındırmaq, fikri ayrı səmtə yönəltmək üçün nələr uydursa da, cəmiyyət gərəkəndən yapışdı!
Əbülfəz Elçibəyin zəhərlənərək öldürülməsi, Ramil Səfərovun ekstradisiyası, əfvi, rütbə, para və s. alması, Cenifer Lopez, Rihanna, Şakira, Nigar Yaqublunun, Zaur Qurbanlının tutuqlanması və s. və i.a. kimi olaylar, bu “fövqəladə” tədbirlər planı seriyasında heç bir halqa bir həftədən artıq gündəmdə qala bilmədi. Hətta Ramil Səfərov məsələsi kimi beynəlxalq insidentə çevrilmiş bir olayın səs-küylü ömrü belə çox qısa oldu, çünki bu lokal olayın mayasında millətin yaralarının köz-köz olmuş gözü yox idi. Ortaya çıxan Elşad və Gülər videosu, videonun ikinci hissəsi və vəd olunan üçüncü, dördüncü… ümummilli yaraya çevrilmiş gələcək hissəsi hər şeyi unutdurdu, cəmiyyətin diqqəti bu daha ciddi və daha ağrılı mövzuya yönəldi. Və məsələ ondadı ki, bu videodan sonrakı heç nə, hətta Ceylonun iki milyonluq yanbızı belə bu videoda sözü gedən məsələləri – hakimiyyətin rüşvətxor mahiyyətini, seçkilərin iyrənc məzmununu, videodakı mətləblərə istinadən mövcud parlamentin az qala bütövlükdə eyni prinsiplə formalaşmasına əminliyi unutdurmadı, əksinə, daha da yəqinləşdirdi. Indi artıq belə görünür ki, bu mövzunu gündəmdən çıxarmaq çətin mümkün ola. Sabah keçiriləsi mitinq-yürüş də bu gündəmi dəyişə bilməyəcək.
Əlbəttə, həbslər olacaq, polis yenə də vəhşilik nümayiş etdirəcək, hətta ola bilsin ki, müxalifətin fikrini yayındırmaq üçün bu vəhşilik son dərəcə amansızlığı ilə seçiləcək, həbslər daha böyük miqyasda həyata keçiriləcək… ancaq yenə də mümkün olmayacaq.
…Jurnalistikanın bir işi də məhz elə budu – üzə çıxan bu tip cinayət tərkibli hadisəni gündəmdən düşməyə qoymamaq, ictimai qınağı gücləndirirək işin sonuna kimi getmək, bir növ araşdırmanı davam etdirmək və nəticəyə nail olmaq. Bəzilərinin işlətdiyi bir fikir son dərəcə əsasız və mənasızdı. Guya jurnalistlər üçün bu mövzu göydəndüşmə oldu, yazmağa mövzu tapmırdılar və s.. Xeyr! “Bayquşların söhbəti”ndə olduğu kimi, bu rejim varkən mövzu qıtlığı ola bilməz. Bu günəcən jurnalistlər videoda sözü gedən məsələlərdən yazırdılar, indi yazdıqları öz təsdiqini tapdı və artıq bir başa təsdiqini tapmış işin üzərinə gedilir və gedilməlidir də.
Bu gün, Azərbaycanın xalq artisti Zeynəb Xanlarova da Gülər Əhmədova məsələsinə münasibət bildirib: “Mən yıxılana balta vuran adamlardan deyiləm. Yıxılanın əlindən tutub qaldırmağa çalışıram. Bu mənim xarakterimdir”.
Zeynəb xanım məsələyə hissləri və əxlaqı ilə yanaşır. O, hesab eləyir ki, Gülər Əhmədova yıxılıb, yıxılana balta çalmağı isə tanınmış müğənni öz əxlaqına sığışdırmır və ilk baxışdan düz də eləyir. Lakin bu olay atalar sözündə nəzərdə tutulduğu şəraitlə qətiyyən üst-üstə düşmür, arada zərrəcə yaxınlıq yoxdu. Gülər, kişi kimi döyüşüb məğlub olan bir düşmən padşahı və ya sərkərdəsi də deyil. O, ayrı məsələdi ki, Gülər Əhmədovanın üstünə getmək, onu aşağılmaq, ittiham etmək, “ləkə” adlandırmaq üçün gərək heç olmasa bir qram da olsa ondan təmiz olasan, ancaq iş ondadı ki, bu, belə deyil. Üstünə gələnlərdən Gülərin bir fərqi var ki, onun əməli videoya düşüb, “suç üstündə yaxalanıb”, o birilər isə Gülərkimi olduqları halda yaxalanmadıqlarına görə hələ gül kimidirlər.
Qoy, xalq artistimiz durumu dəyişik salmasın, burda kəsən balta deyil, qanundu və iş ondadı ki, Gülər Əhmədova heç nəyə baxmayaraq, özünü o yana qoymur. Sanki o qanunlar binadan YAP üzvləri üçün nəzərdə tutulmayıb. Əldən tutmağa gələndə isə, yıxılan heç də Gülər deyil, çeynənən, tapdanan, balta çalınan Azərbaycan qanunlarıdı…

Zeynəb xanım, yıxılan Gülər deyil…
•
•