Politoloq hesab edir ki, Obama qələbə qazanması üçün Suriya və Rusiya məsələsində ciddi mövqe sərgiləməlidir
Hazırda ABŞ-da tam sürəti ilə davam edən seçki kampaniyası Azərbaycanda da diqqətlə izlənilir. Dünyanın fövqədövləti olan ABŞ-a növbəti mərhələ üçün kimin rəhbərlik edəcəyi maraq doğuran suallardan biridir.
Politoloq Vəfa Quluzadə hesab edir ki, ABŞ-a növbəti 4 il üçün respublikaçı Mitt Romney başçılıq edə bilər. Çünki bunu artıq dünyadakı vəziyyət tələb edir: “Vaxtilə Obama hakimiyyətə gələndə bu, o zamanın tələbi idi. Çünki Corc Buş öz idarəçiliyi ilə ölkənin həm daxili, həm də xarici siyasətini bərbad günə qoymuşdu. ABŞ ölkənin nüfuzunu xarici aləmdə qaldıra biləcək birisinə ehtiyac duyurdu. Nəticədə ABŞ-ın başını müharibələrə Buş kimi qatmayan Obama hakimiyyətə gəldi. ABŞ Obamanın dövründə aqressiv xarici siyasət yürütmədi”.
Amma hazırda artıq Obamanın siyasətinin sonunun göründüyü düşünən V.Quluzadənin fikrincə, bunu demokratların namizədi özü də gözəl bilir. Bu məqam özünü namizədlər arasında keçirilən teledebatda da göstərdi: “Obama gözəl bilir ki, o, artıq getməkdə olan bir prezidentdir. Çünki hazırda dünyada baş verənlər ABŞ-dan daha sərt tədbirlər görməyi tələb edir. ABŞ-ın Suriya və Rusiya məsələlərində ciddi mövqe sərgiləməməsi Vaşinqtonun nüfuzuna xələl gətirir. Amma respublikaçı Romney artıq həm Suriya, həm də Rusiya ilə bağlı sərt tədbirlər görəcəyini açıqlayıb. Ona görə düşünürəm ki, onun seçkidə qalib gəlmək şansları daha böyükdür”.
ABŞ-ın dünyadakı demokratikləşmə dalğasına münasibətinə gəlincə, V.Quluzadə bildirdi ki, ABŞ özünə demokratik cəmiyyət qurmağı bacaran xalqlara dəstək verməkdə davam edəcək. Amma ABŞ heç kimin əvəzinə demokratiya qurmayacaq. Bu istək millətlərin özündən gəlməlidir.
Xəyal