Azərbaycanda sahə inzibati ərazi dairələrinin hansı rayonlarda yaradılacağı açıqlanıb. “Media forum” saytının məlumatına görə, Milli Məclisin regional məsələlər komitəsinin oktyabrın 12-də keçirilən iclasında dairələrin yaradılması ilə bağlı qanunvericiliyə dəyişikliklər müzakirə olunub.
Komitə sədri Arif Rəhimzadə bildirib ki, “Azərbaycanın bəzi şəhər və rayonlarının inzibati ərazi bölgüsündə qismən dəyişikliklər edilməsi haqqında” qanun layihəsində bir sıra rayonlarda sahə inzibati ərazi dairələrinin yaradılması öz əksini tapıb. Onun sözlərinə görə, ölkədə 40 sahə inzibati ərazi dairəsi yaratmaq nəzərdə tutulur. Dairələr Bakı şəhərinin Binəqədi, Xətai, Nərimanov, Nəsimi, Nizami, Səbail və Yasamal, Gəncə şəhərinin Kəpəz və Nizami rayonları, Lənkəran, Mingəçevir, Naftalan, Sumqayıt, Şəki, Şirvan, Yevlax şəhərlərində yaradılacaq.
Komitə sədri bildirib ki, sahə inzibati ərazi dairələri idarəetməni, icra hakimiyyəti orqanlarının əhaliyə daha yaxın olması məqsədi güdür: “Əvvəl vətəndaşa bir arayış almaq üçün icra hakimiyyətinə getmək lazım idisə, indi həmin arayış sahə inzibati ərazi dairələrində veriləcək”.
İclasda “Bəzi şəhər və rayonların inzibati ərazi bölgüsündə qismən dəyişikliklər edilməsi haqqında” qanun layihəsinə də baxılıb. Müzakirələrdən sonra layihələr Milli Məclisin plenar iclasına tövsiyə olunub.