“Barəsində cinayət işi açılan andan o, ilk növbədə partiyadan xaric olunmalı idi”
Yeni Azərbycan Partiyasının Xətai rayon təşkilatının sədri, deputat Hüseynbala Mirələmov partiyadaşı və keçmiş həmkarı Gülər Əhmədovaya qarşı sərt ittihamlar səsləndirib.
Mirələmov “Qafqazinfo”ya sabiq deputatın ötən gün ölkə başçısı İlham Əliyevə ünvanladığı müraciətlə bağlı açıqlama verib.
“İstintaqa cəlb olunan Gülər Əhmədova son vaxtlar özünün və ailəsinin mənəvi-fiziki repressiyalara məruz qaldığını dilə gətirərək, keçmiş deputat həmkarlarının güya onun ünvanına təhqir, şər və iftira yağdırdıqlarını söyləyir: “Görəsən obyektiv, qərəzsiz fikirlər, dəlillər, sübutlar nə vaxtdan mənəvi və fiziki təziq vasitəsi sayılır?
“Alverdə nala-mıxa vurmaq olar, siyasətdə yox” – deyən Gülər Əhmədova son müraciətində güya mənsub olduğu Yeni Azərbaycan Partiyasına və onun nizamnamə və məramnaməsinə sadiq olduğunu bildirir. Qəribədir, düşünülməmiş hərəkətləri və yersiz açıqlamaları ilə düşdüyü vəziyyəti pisləşdirən bu xanım partiyaya hansı sədaqətdən dəm vurur?”, – deyə açıqlamada bildirilir.
Mirələmova görə, keçmiş deputat yoldaşı qeyri-səmimi bəyanatlar verməklə özünü “çirkaba” batırır: “Zənnimcə, cəmiyyətdəki statusundan, siyasi baxışlarından, ictimai mövqeyindən asılı olmayaraq hər bir fərd bir-biri ilə münasibətdə əqidə anlayışına söykənməlidir. Gülər Əhmədova isə son zamanlar üzə çıxan dələduzluq əməlindən çıxış yolu axtara-axtara qeyri-səmimi bəyanatları ilə özünü gündəmdə saxlayaraq daha da çirkaba bulaşır.
Xüsusilə, onun Yeni Azərbaycan Partiyasının sədr müavini-icra katibi Əli Əhmədov barədə facebook sosial şəbəkəsindəki səhifəsində ezop dilində yazdığı fikirlər bunu subut edir”.
YAP-çı deputat açıqlamasının bu yerində Əli Əhmədovu xeyli tərifləyəndən sonra bildirib ki, Gülər Əhmədovanın o adam haqqında danışmağa mənəvi haqqı yoxdur. “Məncə, barəsində cinayət işi açılan andan o, ilk növbədə partiyadan xaric olunmalı idi. Çünki deputatlıq fəaliyyəti dövründə Gülər Əhmədova mənsub olduğu partiyaya “öz sədaqətini” bildiyi kimi yerinə yetirib”, – deyə Mirələmov qeyd edib.
YAP-çı deputat daha sonra Gülər Əhmədovanın uzun müddət parlamentdə təmsil olunmasının təəssüf doğurduğunu deyib və iki hadisədən danışıb: “Şahid olduğum iki faktı misal gətirəcəyəm. 2 il öncə parlamentə onun namizədliyi 34 saylı Xətai seçki dairəsindən irəli sürülmüşdü. Dairə seçki komissiyasının sədri Rəfael Mehdiyev seçkilərin ilkin nəticələri məlum olan kimi, Gülər Əhmədovaya zəng edib onu təbrik edir. Lakin o, özünəməxsus şəkildə bu təbriki başqa yerə yozub, sədri qınadı: “Xeyir ola, sən nə haqla seçkinin nəticələrini mənə deyirsən?”. Belə yerdə “karın könlündəki” deyimi yerinə düşür. Gülər Əhmədova elə düşünürdü ki, bu şad xəbəri ona deməklə, dairə sədri nəsə umur.
Seçicilərlə hər görüşdə Gülər Əhmədova öz telefon nömrəsini elan edib, onlara nə probleminiz olsa mənə zəng edərsiniz, deyirdi. Seçkidən az sonra 171 saylı orta məktəbin direktoru İradə Murquzova məktəbin problemləri barədə Gülər Əhmədovaya zəng edib, onu qəbul etməsini xahiş edir. Gülər Əhmədova isə İradə xanıma acıqla cavab verir: “Sən kimsən, məni narahat edirsən. Mən Milli Məclisin deputatıyam”.
Gülər Əhmədovanın seçicisi olan məktəb direktoru bu barədə mənə YAP üzvü kimi şikayət edəndə, çox təəssüfləndim. Əlbəttə, hər kəs öz hərəkətlərinə və əməllərinə cavabdehdir. O cümlədən Gülər Əhmədova da”.