Deputatları kim danışdırır?

Zərdüşt Əlizadə: “Gülər Əhmədova məsələsi cılız məsələdir. Azərbaycanda milyonları yeyirlər, milyardları dağıdırlar”

Ərəstun Oruclu: «Baş verənlər hakimiyyətdaxili mübarizənin təzahürüdür»

Gülər Əhmədova olayı ölkədə geniş rezonans doğursa da, bu hadisədən sonra parlamentin ilk iclasında susqunluq müşahidə edildi. Millət vəkilləri, ümumiyyətlə, bu mövzuya toxunmamağa üstünlük verdi. Lakin bir neçə gün sonra deputatlar Gülər Əhmədova olayına münasibət bildirmək, bəziləri isə onu açıq ittiham etmək üçün növbəyə düzüldü. Müstəqil qərarı və fikri olmayan millət vəkillərinin nə deyəcəkləri ilə bağlı tapşırıq gözlədikləri şübhəsizdir.
Lakin bu, eyni zamanda hakimiyyətdaxili qruplaşmaların qarşıdurmasının növbəti təzahüri kimi də qələmə verilir. Deputatların Milli Məclisdə deyil, kənarda danışmaları əslində nəyin görsənişidir?
Politoloq Zərdüşt Əlizadə YAP-çı deputatları sadəcə təlimat gözlədiklərini deyir. Çünki Gülər Əhmədova olayında hamının bildiyi şey əyani şəkildə ortaya qoyuldu. Bu biabırçılığa hakimiyyətin necə reaksiya verəcəyi məsələsi müxtəlif səviyyələrdə müzakirə olunurdu. Ona görə də YAP-çı deputatlar səslərini çıxarmırdılar, çünki təlimat almamışdılar. Görünür, həmin dövrdə informasiya siyasəti haqqında hansısa təlimat hazırlandı, onlara verildi və müstəsna milli qeyrət və fərdi ləyaqət sahibləri növbəyə düzüldülər. Bu da qəribə bir şey deyil.
Z.Əlizadə Gülər Əhmədova məsələsinin Azərbaycan cəmiyyəti üçün istisna olmadığını da qeyd etdi. Faktiki olaraq Azərbaycan hakimiyyətini daha böyük cinayətlərdə və səhvlərdə itiham etmək olar. Gülər Əhmədova məsələsi cılız məsələdir və orda cəmi 1-2 mln. dollarlıq yeyinti söhbəti var. Azərbaycanda isə milyonları yeyirlər, milyardları dağıdırlar.

Politoloq Ərəstun Oruclu da deputatların tapşırıq almayana qədər danışmadıqlarını bildirdi. O, eyni zamanda baş verənləri hakimiyyətdaxili mübarizənin təzahüri kimi də qiymətdəndirdi. Bu mübarizənin əsas predmeti isə 2013-cü ildə hakimiyyətin daxilində hansı qruplaşmanın namizədinin iqtidar partiyasının əsas namizədi kimi iştirak edəcəyi məsələsidir. Gülər Əhmədova ilə bağlı videonun üzə çıxması, ona olan bütün reaksiyalar, təhlillər bir daha göstərir ki, hakimiyyətin daxilində çox ciddi və amansız mübarizənin getdiyini göstərdi. Bu mübarizədə getdikcə kəskinləşmə müşahidə olunur. Heç kim heç kimə güzəştə getmək fikrində deyil: “Ona görə də bu gün müxtəlif bəyanatların, açıqlamaların, mövqelərin şahidi oluruq. Çünki həmin açıqlamaları verənlər çeşidli qruplaşmalara mənsubdular. Hansı qruplaşmanın gücü bir qədər artır, qarşı tərəfin arqumentləri susdurulur. Digəri balansı bərpa edən və ya gücünü toparlayan kimi birinci tərəfin əleyhinə olan açıqlamalar verir. Təhlil aparanda hər şey kifayət qədər açıqdır”.

Fizzə