Hardasa iki-üç il bundan qabaq idi. Şəkili bir nəfər böyrəyini satışa çıxardığını elan etmişdi, hətta səhv eləmirəmsə, adama təcili pul lazım olduğundan qiymətdə güzəştə gedəcəyini də deyirdi. Necə deyərlər, əlimyandıdaydı. Kişi bu fikrə nədən düşdüyünü borclanması ilə izah eləmişdi. Bankdan kredit götürüb taxıl əkmişdi. Deyəsən bu taxıldan da bir şey çıxmamışdı və bu çarəsiz adam lap çarəsiz duruma düşmüşdü. Bir yandan borclar, bir yandan gün-güzəran. Hətta kişi sonradan demişdi ki, artıq həm arvadımın, həm oğlumun böyrəyini satırıq. Əlqərəz, durum o qədər qəlizləşmişdi ki, imkanı olsaydı, deyərdi, bütün şəcərəmin böyrəyini satıram.
Satmaq demişkən, yadımdadı ki, bu yoldaş, bu yeni azərbaycanlı tipi YAP üzvü, hətta YAP-ın yerli şöbəsinin üzvü olduğunu da demişdi, seçkilərdə necə canfəşanlıq elədiyini, partiyasının qalib gəlməsi üçün özünü necə oda-közə vurduğunu söyləmişdi.
Adam müsahibələrinin birində deyirdi ki, artıq bir neçə nəfər zəng vurub, danışıqlar olub, ancaq hələ ki real alıcı yoxdu. Kəsəsi, bir ara ölkənin qəzet oxuyan bütün kəsimi bu olay haqda danışırdı, ara qarışıb, məzhəb itmişdi. Ancaq mən sonralar da nigaran qaldım ki, onun böyrək alveri nooldu. Yapçının böyrəyinə yiyə duran oldu, olmadı. Hələ də bilmirəm.
Yəni çox yeməkdən böyrəyi sıradan çıxan bir Azərbaycan vətəndaşı demirəm, barı bir yapçı olmadımı ki, elə bab birinin böyrəyini alıb özünə qoydura, üstəlik, doğma sıra yoldaşını da ağır durumdan çıxara.
Bu söhbəti Daşkəsən rayonunun icra başçısı Əhəd Abıyevin qardaşının böyrək qalmaqalı ilə bağlı “Yeni Müsavat”a açıqlamanı “Qafqazinfo”da oxuyarkən xatırladım. Məsələnin mahiyyəti budu ki, Eleonora adlı bir xanım öz böyrəyini icra başçısının qardaşına bağışlayıb, bunu sənəd-sübutla təsdiqləyib. Indisə, ortaya orqan alveri söhbəti düşüb.
Məlumdu ki, orqan alqı-satqısı qanunla yasaqdı. Ama burada iş başqa cür qurulub. Icra başçısı açıqlamasında deyib ki, Eleonora Cəbrayılova böyrəyini təmənnasız olaraq qardaşı Səməd Abıyevə bağışladığı haqda ərizə yazıb və onu notariusda təsdiqlədib. Başqa bir yerdə isə Abıyev deyir: “Eleonora 20 gün əvvəl mənə zəng edib dedi ki, 100 min manat verməsən, Qafqazinfo-da səni biabır edəcəm”.
Maraqlıdı, əgər arada alğı-satqı söhbəti olmasaydı, indi o xanım nədən para tələb etməliydi? Iş ondadı ki, icra başçısının dediyi başqa bir fikir də alğı-satqı məsələsinin gerçək olduğu qənaətini yaradır: “Əməliyyatdan sonra borclarının da hamısını qaytarıb… Burada onun məqsədi budur ki, guya mən ona pul verib böyrəyini almışam. Yəni məni orqan alverçisi kimi qələmə vermək istəyirlər. Axı bu qadın ƏVVƏLCƏDƏN PULUNU DA ALIB, könüllü olaraq böyrəyini verməyə razı olduğu haqda da ərizə yazıb. Kim istəyir, gəlib bu sənədlərə baxa bilər. BURADA NƏ PUL SÖHBƏTI OLUB, nə də orqan alveri. O qadın böyrəyini verib, borclarını da qaytarıb”.
Özü həm qadının əvvəlcədən pulunu aldıb, böyrəyini könüllü verdiyini söyləyir, bir yandan da burda pul söhbəti, orqan alveri olmadığını deyir. Indi gəl baş aç. Gülər Əhmədova alverindən sonra belə söhbətlər adamı tez diksindirir…
Kim nə alır, kim nə satır özü bilər. Hakimiyyət onların, dövlət onların, qanun onların, ölkə onların. Hətta xalqın böyrəyi də onlarındı. Hələ nəsə veriblərsə, buna sevinmək lazımdı. Ən maraqlısı, icra başçısının bu iddiasıdı: donor xanım cəbhəçiymiş! Ailəsindən siyasi baxışlarına görə ayrılıbmış. Və s. və i.a. Qardaş, əvvəla, burda söhbət orqan alverindən gedir, heç ailə söhbətinin yeridirmi? Yox, madam ki, cəbhəçi böyrəyi sizə sərf eləmir, qaytarın yerinə qoyun, orqan alveri söhbəti də bağlansın, pul söhbəti də. Şəkiylə maraqlanın, bəlkə o yapçı hələ də fikrini dəyişməyib…

Yapçı – cəbhəçi böyrəyi ilə…
•
•