Zakir Fərəcov 11 obyekti buldozerin qabağına verdi; sahibkarlara isə heç bir kompensasiya verilmir
20 ildir dükan işlədənlərə «qanunsuz tikilidir» deyilir, bələdiyyə sədri isə «müvafiq yerlər ayırmışıq» söyləyir
Xırdalan şəhər 27-ci məhəllə adlanan ünvanda – “Abşeron” univermağıyla üzbəüz yerləşən 11 obyekt yerlə-yeksan edildi. Yaşıllıq zolağı adıyla buradakı dükanları sökdülər, sahiblərinə isə bir manat da kompensasiya verilmədi. Sahibkarlar deyirlər ki, sifarişçi Abşeron rayon icra hakimiyyətinin başçısı Zakir Fərəcov, icraçı isə Xırdalan şəhər bələdiyyəsinin sədri Eldar Əhmədovdur…
Kimi alğı-satqı yoluyla, kimi də icra və bələdiyyənin icazəsiylə…
Bu 11 obyektdə 25 ailə çalışır. Bir neçə ay əvvəl sözügedən ünvandakı obyektlərdən bir neçəsi sökülmüşdü. Obyekt sahibləri deyirlər ki, ilk sökülən dükanların sahibləri Eldar Əhmədovla bələdiyyə üzvü Hacı Ramiz adlı şəxsdir.
“Eldar Əhmədovla Hacı Ramiz obyektlərini sökdürdülər ki, bizim danışmağa sözümüz olmasın. Guya ”dövlət əhəmiyyətli obyekt” üçün məmurlar ilk addımı atırlar”.
Dükan sahibləri obyektlərinin sökülməsinə etiraz etmirlər: “Biz kompensasiya tələb edirik. Bazar qiymətlərinə uyğun bizə pul versinlər. Bura Xırdalanın mərkəzidir. Dükanların qiyməti 60-250 min manat arasındadır. Eldar Əhmədovla Hacı Ramizin dükanlarının uçurulması onlar üçün heç nədir. Bu iki şəxsin Xırdalanın ayrı-ayrı yerlərində onlarla obyekti var. Ancaq bizim isə tək gəlirimiz bu dükanlardandır”.
Qeyd etdiyimiz kimi buranı yaşıllıq zolağı adıyla sökürlər. Sahibkarlara deyiblər ki, 60-cı illərdə Xırdalanın baş planına əsasən həmin ərazidə istirahət mərkəzi olub. Ancaq illər keçdikdən sonra baş plan layihəsi elə kağız üzərində qalıb. Şəhər sakinləri 1993-cü ildən bu yana kimi alğı-satqı yoluyla, kimi də icra və bələdiyyənin icazəsi ilə yeri alıb dükan tikib.
3 gün dedilər, 12 saatdan sonra sökdülər
Dükan sahibləri obyektləri söküləcəyi təqdirdə kompensasiya ala bilməyəcəklərsə, yaxınlıqdakı kitabxananın onlara verilməsini istəyiblər: “Bizim dükanların arxasında kitabxana var. Eldar Əhmədova dedik ki, həmin yeri bizə verin. Cavabı bu oldu ki, oranı özüm ələ keçirmişəm”.
Sahibkarlar problemlə bağlı Abşeron rayon Icra Hakimiyyətinə də gediblər. Icra başçısı Zakir Fərəcovla görüşə bilmədikləri üçün təhsil, səhiyyə, mədəniyyət üzrə müavini Iradə Gülməmmədovanın qəbulunda olublar: “Iradə xanım dedi ki, kompensasiya verilməyəcək. Gedib özümüzə yer tapsaq, dükan tikmək üçün icazə verməyə kömək edəcək. Ondan soruşduq ki, harada yer tapaq, binaların həyətlərini bizə göstərdi. Əvvəla, binaların həyətlərində yer yoxdur, həm də camaatın istirahət yerini əlindən ala bilmərik. Ikincisi, lap tutaq ki, o yerlərdə dükanlar tiksək, kimdir bizdən alver edən? Yoldan ötən maşınını yaşayış yerinə sürəcək? Üçüncüsü və ən əsası, biz dükanları hansı pulla tikək? Burada beş-on manat qazanırıq, indi bunu da bizə çox görürlər”.
“Oktyabrın 9-da gəlib bizə dedilər ki, üç gün ərzində dükanlarınızı boşaldın, obyektlər söküləcək. Heç 12 saat keçmədi ki, buldozerləri göndəriblər. Heç kim bizə bir söz demir. Yaşıllıq adıyla dükanımızı sökürlər. Kompensasiyadan söhbət getmir”,- deyə sahibkarlar qeyd etdilər.
Obyektlər binaların fonunda eybəcərlik yaradır…
Bələdiyyə sədri Eldar Əhmədov “Azadlıq”a açıqlamasında obyekt sahiblərinə başqa ərazilərdə yer təklif etdiyini söylədi: “Burada dükanları sökülənlərə torpaq sahələri ayrılır. Dükanlar qanunsuz tikilidir. Bunların heç bir müvafiq sənədləri yoxdur. Yer ayırdığımız ünvanda tikintiyə icazə veriləcək. Qanunsuz olsalar belə bizim rəhbərlik istəmir ki, insanların əziyyəti hədər getsin. Biz də əlimizdən gələni köməkliyi göstərəcəyik. Ancaq kompensasiya olmayacaq, çünki qanunsuz tikildir”.
Söküntünün səbəbinə gəlincə, bələdiyyə sədri deyir ki, obyektlər binaların fonunda eybəcərlik yaradır, indiki abadlıqla uyuşmur.
Eldar Əhmədov “sahibkarlar deyir ki, sizin də burada dükanınız var” sualına “Mənim obyektim olub, sökmüşəm. Dükanın müvafiq sənədi vardı, olmasaydı o vaxtı almazdım. Ola bilsin onu kimsə tikmişdisə, necə etmişdisə, xəbərim yoxdu, ancaq sənədləri vardı” cavabını verdi.
Ramin DEKO