“Nikoil” bankdan milyon manat krediti necə almaq olar?

Kağız üzərində aparılan real olmayan əməliyyatlar real əmanətləri riskə soxub

“Nikoil” bank onlardan bəhs edən məqalələrimizin bir hissəsinə mövqe bildirib. Bankda yüz işçinin əmək müqaviləsinə son qoyulması barədə yazdıqlarımıza “Nikoil” bank sığorta şöbəsinin müdiri Elşən Babayev cavab verib: “Işçilərlə əmək müqaviləsinə Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissısinin a bəndinə əsasən (tərəflərdən birinin təşəbbüsü ilə) xitam verilib. Daha doğrusu, işçilərin təşəbbüsü ilə.
Məlum olduğu kimi son illər ərzində Azərbaycanda sahibkarlığın inkişafına xüsusi diqqət ayrılır, azad sahibkarlığa təminat verilir. Bu gün vətəndaşlarımız öz şəxsi imkanlarından istifadə edərək sahibkarlıq fəaliyyəti ilə məşğul olurlar. Azad sahibkarlıq hər bir vətəndaşın konstitusion hüququqdur və bu heç bir halda məhdudlaşdırıla bilməz”. Göründüyü kimi, şöbə müdiri işçilərlə əmək müqaviləsinin ləğv edildiyini inkar etmir, sadəcə bildirir ki, bu onların öz təşəbbüsü ilə baş tutub.
Xatırladaq ki, bizim məqalədə mənbəmizə əsasən qeyd olunmuşdu ki, “Nikoil” bank müflisin astanasındadır, onlar düşdüyü böhrandan çıxmaq üçün yüzədək işçidən məcburi qaydada işdən çıxmaq barədə ərizə alıblar.
Ümidvarıq ki, bank kredit problemi yaşayan vətəndaşların girovlarını real dəyərindən 4-5 dəfə ucuz qiymətə əldən alıb satmaları barədə yazılanlara da bir aydınlıq gətirməyə çalışacaq. Eləcə də bankın girovların realizasiya ilə məşğul olan “Eratrans” sığorta şirkətinin dolaşıq əməlləri barədə…
Bu məqalədən etibarən isə biz çalışacağıq bankın konkret sənədlərinə istinadən “Nikoil” bankın qaranlıqlarına işıq tutaq.
Əlimizdə bankın 12 may 2010-ci il tarixli 17 saylı iclas protokolundan çıxarış var. Bu iclasda Ədadil Mazahim oğlu Allahverdiyevə 1 490 000 manat kredit ayrılmasına razılıq verilib. Məbləğin iriliyi göz qabağındadır. Kağız üzərindəki qeydə görə, Allahverdiyóev bu məbləği torpaq almaq üçün götürür. Əsl həqiqət isə başqadır, bunu da dəqiqləşdirib oxucularla tanış edəcəyik. Indilik öyrənək: kifayət qədər böyük məbləğli krediti qarşılığında müştəri nəyi girov qoyub? Təəccüblənməyin, daşınmaz əmlak hüququnu. Aydın yazaq, girov kimi hansısa mənzil, avtomobil, tikili yox, mülkiyyət hüququnun özü qoyulub. Hansı mülkiyyətin, bax, bu da maraqlıdır. Bunlar hələ real həyatda olmayan Nizami rayonunda tikilməsi planlaşdırılan binalardakı mənzillər olub. Bu məqamı unutmayaraq girovun məbləğinə də nəzər yetirək: 3 578 500 manat. Bu girov qoyulan 13 mənzilin ümumi məbləğidir.
Indi biz baş verənləri dərk etməyə çalışaq. Bəli, qanunvericlik mülkiyyət hüququnun girov kimi tanınması imkanı verir. Ancaq harada, hansı ölkədə, hansı şəraitdə. Tikinti şirkətlərinin dələduzluqla məşğul olduğu bir neçə məhkəmə prosesində üzə çıxdığı bir ölkədə bank bu hüquqa görə milyonu aşan məbləğdə kredit verərmi? Azərbaycan elə bir yerdir ki, burda insanlar öz yaşadıqları evə sahiblik edə bilmirlər, onda qala hələ izi-tozu olmayan binada yalnız kağıza əsaslanıb mənzilim var deyəsən və onunla milyonluq kredit alasan… Onu da mütləq unudutmamalıyıq ki, girov qoyulan mənzillərin heç birinin “kupça”sı olmayıb.
Təqdim edilən faktda “maxinasiya” izi görünsə də, qəzet olaraq bunu iddia edə bilməyəcəyik. Söhbətləşdiyimiz ekspertlər isə bildirir ki, çox vaxt bankın rəhbər işçilərinə yaxın adamlara heç bir girov olmadan kredit vermək ehtiyacı yarananda mülkiyyət hüququnun girov kimi tanınması baş verir. Hansısa 3-cü bir tanışın tikilməkdə olan binasından evlər sessiya müqaviləsi ilə guya girova qoyulur. Normal ölkələrdə, normalda banklar bundan təbii ki, qaçırlar.
Mənbəmiz deyir: “Bəzən tikinti hələ başlamamış – yalnız evin alınacağı ilə bağlı müqavilə girov kimi götürülür. Yəni ehtimal var ki, bina tikilməyəcək və girov faktiki olmayacaq. Mülki Məcəlləyə görə, bu, qanunidir, amma ondan istifadə edib heç bir normal fəaliyyəti olan bank özünü yüksək risk altına atmaz. Başqa bir şey deyim: Sizdəki protokol hələ hər şey demək deyil. Protokol Kredit Komitəsinin protokoludur – bu, hesab edin ki, bankın kreditin verilməsi ilə bağlı qərarıdır. Ancaq ola bilsin heç müştəri ilə müqavilə bağlanmayıb və faktiki kredit verilməyib. Belə əməliyyatlardan əksərən ”ölü borcların” ilədən-ilə ötürülməsi, kağız üzərində ödənilməsi zamanı istifadə edilir. Bu, məsələnin tam rəsmi tərəfi idi. Reallıq isə belədir ki, bu tip kreditlər, demək olar, qayıtmır. Bu metod yuxarıda dediyim kimi, ya yuxarıdan tapşırıq olanda, ya da çirkli pulların yuyulması zamanı işə düşür”.
Bu gün təqdim edilən faktın icmalını versək görürük ki, əslində bu cür real olmayan əməliyyatların nəticəsində “Nikoil” bank azərbaycanlı əmənətçilərin müqəddəratını sual altına qoyub, bununla bərabər öz etimadının azalmasını şərtləndirib.
Bitmədi.

Natiq