Rauf Arifoğlu: «Həmin telefon danışığının lent yazısı redaksiyadadır»
Elşad Abdullayevin məlum videomaterialları yayması və bundan sonra Gülər Əhmədovanın səsləndirdiyi bir sıra fikirlər YAP rəhbərliyini ayağa qaldırıb. Artıq hakim partiyada təmsil olunan şəxslər G.Əhmədovanı hədəfə alaraq ona qarşı hücuma keçib. Görünür, bu səbəbdən də G.Əhmədova bir sıra fikirlərindən imtina etməli olub.
Xatırladaq ki, məlum video yayılandan sonra G.Əhmədova “Yeni Müsavat” qəzetinə açıqlamasında “məndə də videolar var, yaya bilərəm” məzmunlu fikirlər bildirmişdi. Lakin bu günlərdə o belə bir fikir səslənirmədiyini və qəzetin onun dediklərini təhrif etdiyini bildirib. O yazılı müraciətində heç vaxt “məndə də videolar var, yaya bilərəm” məzmunlu açıqlama vermədiyini deyib. G.Əhmədovanın sözlərinə görə, onun fikirləri sadəcə olaraq kontekstdən çıxarılıb: “Mənə israrla zəng edən jurnalist xanıma bildirmişəm ki, bir vaxtlar bəzi qəzet baş redaktorları, habelə jurnalistləri barədə də videolar yayılanda ”Mərkəz” qəzeti və saytı olaraq, həmin videoları dərc etməmişik. Həmin videoları yaya bilərdik, amma bunu etməmişik. Jurnalist xanım mənim bu açıqlamamı kontekstdən çıxardaraq, bilərəkdən və ya bilməyərəkdən təhrif etmiş və ictimaiyyətə yanlış formada təqdim etmişdir. Mən barəmdə yazılan həmin açıqlamanı qəti şəkildə təkzib edirəm”.
Əslində bu məsələdə kim haqlıdır? G.Əhmədova “Yeni Müsavat” qəzetinə belə bir açıqlama veribmi?
Belə bir açıqlamanın olduğunu təsdiqləyən “Yeni Müsavat”ın baş redaktoru Rauf Arifoğlu G.Əhmədovanın artıq neçənci dəfədir qəzeti hədəfə aldığını deyir. Baş redaktor G.Əhmədovanın təkzib tipli müraciətində yanlışlığa yol verdiyini də qeyd etdi. Çünki G.Əhmədovaya qəzetin xanım yox, kişi əməkdaşı müraciət edib. Həmin telefon danışığının lent yazısı isə hazırda redaksiyadadır.
R.Arifoğlunun sözlərinə görə, sözügedən söhbət zamanı mandat alveri videosu barədə sualın cavabında G.Əhmədova “məndə də çox adamın videosu var”, cümləsini işlədib və bu danışığa əməkdaşımızla yanaşı, redaksiyanın bir çox əməkdaşları şahid olublar.
Fizzə