Fəvvarələr Meydanına aksiya təyin edildi

Bir qrup ictimai-siyasi fəal “Parlament buraxılsın” tələbi ilə dinc etiraz aksiyasına qərar verib. Bununla bağlı “Facebook”da çağırış yerləşdirilib. Çağırışda deyilir:

“Əziz vətəndaşlar!
YAP-çı deputat Gülər Əhmədovanın videosundan hər birimiz xəbərdarıq.
Bu video açıq-aşkar sübut etdi ki, ölkəmizdə parlament xalqın iradəsi ilə yox, “gülərlərin”, “ramizlərin” və “milyon manatlar”ın köməyi ilə formalaşır.
İndi hakimiyyət Gülər Əhmədovanı qurban verib diqqəti parlamentin saxta mahiyyətindən uzaqlaşdırmaq istəyir.
Biz bununla razılaşmayan, saxta insanların formalaşdırdığı parlamentin buraxılmasını istəyən hər kəsi meydana səsləyirik.
Bu həm də bir ləqayətin müdafiəsi aksiyasıdır!
Dinc və sivil yolla saxta parlamenti istəmədiyimizi ifadə edək.
Aksiya 20 oktyabr saat 15-də Fəvvarələr meydanında keçirilir”.

Xatırladaq ki, eyni tələblə İctimai Palata oktyabrın 13-də yürüş keçirmək üçün Bakı Şəhər İcra Hakimiyyətinə müraciət etmişdi. Lakin BŞİH müraciətə mənfi cavab verərək, Bibiheybətdəki Sürücülük Məktəbinə məxsus meydançada mitinq keçirilməyi təklif edib. İP isə təklifi qəbul etməyib və BŞİH-in cavabının Konstitusiyaya zidd olduğunu bildirib.