Bizim ölkə əhalisinin təkcə 4,4 faizi rəsmən əlildir. Bu adamların böyük əksəriyyəti isə potensial yoxsuldur. Bütün dünyada qəbul edirlər ki, bir nəfər əlilin olması əksər ailələri yoxsulluq həddinə çatdırır. Çünki əlillərin müalicəsi, onların xüsusi qayğıları bütün ailəni zor duruma salır.
Işsizləri də bura əlavə edin. Dövlət Statistika Komitəsinin 2012-ci ilin ilk yarısında Azərbaycanda işsizlik səviyyəsi barədə məlumatı belədir: rəsmi işsizlik səviyyəsi ilin əvvəli ilə müqayisədə 0,14% azalaraq 5,59% olub. Amma onu da bilirik ki, işsizlərin sayı da bundan dəfələrlə çoxdur.
Mən bütün risk qruplarını xatırlamıram. Yalnız ikisini cəmləmək bəs edir ki, Azərbaycanda yoxsulluq səviyyəsinin xeyli artıq olduğu aydın olsun. Amma bizim hökumət hesab edir ki, Azərbaycanda yoxsulluğun səviyyəsi 7,6 faizə düşüb.
Bu necə ola bilər? Təkcə hökumətin etiraf etdiyi işsizlər və əlillərin sayı bundan xeyli çoxdur. Bura təqaüdçülər, tələbələr, məcburi köçkünlər, ağır xəstələr arasında olan risk qruplarını da əlavə etsək, hökumətin yalanı ərşə qalxır…
Amma yoxsulluq səviyyəsinin, başqa sözlə ölkəmizdə yoxsulların sayının azaldılması Ilham Əliyevin sevimli mövzusuna çevrilib. Bir neçə ildir bu rəqəmi endirə-endirə gəlirlər. Hələlik 7,6 faizdə dayanıblar. Bir az gülün, bu göstərici ABŞ-da 15,1, Almaniyada 15,5, Belçikada 15,2, Böyük Britaniyada 14, Hollandiyada 10,5 faizdir. Guya bir azdan oraların insanları yaxşı həyat üçün köçüb bura gələcəklər. Amma gülmək əvəzinə, bizə deyilən ağ yalana görə qəzəblənə də bilərsiniz…
Axı nə məsələdir, adam yoxsul deyil, hökumət onu bu siyahıdan çıxarıb, amma dilənçi kökündə yaşayır?!
Adam yoxsul sayılmır, amma ağzında dişi yoxdur…
Adamı yoxsul saymırlar, amma içməyə normal suyu yoxdur…
Yoxsul sayılmır, amma ən adi tibbi əməliyyatları edib, mərəzindən qurtula bilmir…
Yoxsul deyil, amma uşağına təhsil vermək üçün repititora pul tapa bilmir…
Yoxsul deyil, amma maddi sıxıntı içində qovrulur, çörək pulu tapmır…
Minimum yaşayış həddi minimum xidmətlərə də sahib olmaqdır. Amma bizim insanların əli çatırmı bu xidmətlərə? Məsələn, səhiyyə və təhsilə? Hökumət hesablamır ki, sən uşaqlarının təhsilinə bir ətək pul ödəməlisən. Hesab edir ki, məktəb var. Amma valideyn üçün bu məktəb yoxdur, çünki oradakı tədris heç nə vermədiyi üçün, sən repititora üz tutmalısan. Sən normal içməli suyu da mağazadan almalısan. Sən müalicə üçün Irana getməlisən. Bunları edə bilmədən, yoxsulluğun daşını necə atmaq olar?
Eyni yalan Rusiyada da var. Iki ay bundan öncə köhnə və yeni prezident Vladimir Putin hökumətin iclasında bəyan etdi ki, ölkəsində yoxsulluq səviyyəsi 13 faizdir. Bizdəkindən təxminən iki dəfə çoxdur, amma bu rəqəm özü də Rusiyada böyük etiraz doğurdu. Əvvəlcə, jurnalistlər yazdılar ki, rəsmi statistika 13 yox, 13,5 faizdir, bu da Putinin dediyi kimi, 18 yox, 19,1 milyon nəfər edir. Lakin Qloballaşma Problemləri Institutunun direktoru, tanınmış iqtisadçı Mixail Delyagin üzünü onlara tutub dedi: Pitinin çıxışındakı 1 milyon nəfərlik fərq xırda şeydir. Məsələ ondadır ki, 13 faiz ölkədəki yoxsulların səviyyəsi deyil, bu, dilənçilik səviyyəsində olan insanların sayıdır. Alim göstərdi ki, Rusiyada yoxsulların səviyyəsi 80 faizdir. Bəli, məhz 80 faiz. Alim yalnız Rusiya statistikası əsasında yoxsulluğun bu ölkədə səviyyəsinin 54 faiz olduğunu sübut etdi və bura nəzərə alınmayan amilləri əlavə edib, məhz 80 faizin üzərində dayandı. Maraqlı misal da çəkdi. Delyagin “Kalaşnikov” avtomatları istehsal edən zavodun fəhlələrinin maaşlarını yada salıb və sual etdi ki, məgər bu adamlar yoxsulluq səviyyəsinin altında yaşamırlarmı?!
Rusiya hökuməti bir az insaflıdır, yoxsulluq səviyyəsinin heç olmasa, 13 faiz olduğunu etiraf edir, bizimkilər isə yavaşlaya bilmirlər, yəqin 7,6 faizdən də aşağı düşəcəklər. Yalan sürətlə böyüyür…

“Yoxsul sayılmır, amma ağzında dişi də yoxdur…”
•