YAP-a həmişə sadiq qalacam

Hakimiyyət “Suriyaya çalışan ekstremist dindarlar”ın aksiyasını öz tərəfindən pis hazırlamamışdı. Hər şey yerində idi. Onu da deyim ki, ilk dəfəydi Azərbaycanda bir aksiyaya iştirakçılar (yaşıl) dəyənəklərlə çıxmışdılar. Baxanda, qəşəng bel (“lopatka”) sapıydı. Guya bu adamlar Azərbaycandakı “sabitliyi”, sokrallığı şumlamaq istəyən adamlardı, imkan verilsə, bu sapa bel də taxacaq, ölkəni şumlayacaq, dini fanatizm, terror əkəcəklər (Bu məqamda yaşıl sap bağçılıq, əkin-biçin rəmzi olaraq görülsün). Ancaq qoy heç kimdə elə təəssürat yaranmasın ki, bu aksiyaçılar gerçəkdən dünyəvi hakimiyyəti şumlamaq fikrində olan adamlardı, əslində tam əksinə. Dünyəvi hakimiyyəti qorumaq olmasa da, sadəcə, hakimiyyəti qorumaq simptomları gözə aydın dəyirdi. Yeri gəlmişkən, azərbaycanlı təfəkküründə hicab qadın hüququnun pozulması kimi yadda qalıb, indi belə çıxır ki, qadınların hüquqlarının pozulmasına azadlıq tələb edilir. “Köləliyə azadlıq!” kimi bir şey. Nə isə, bunu qoyaq bir yana, azadlığı hicab üçün yox, insan üçün istəmək lazımdı ki, hicab taxmaq istəyənlər də bu azadlıqdan yararlana bilsinlər. Yəni kişi hüququ da, qadın hüququ da, ən nəhayət, hicab hüququ da boş seydi, təfəkkürü normal olanlar lokal hüquqlar deyil, bütövlükdə insan hüquqlarını müdafiə və tələb edirlər. Hələ bu zalım hakimiyyətə qarşı bel sapıyla silahlanıb çıxmaq, heç inandırıcı deyil. Həm Iranmeylli, həm yarımmüstəqil dini çevrələrdən gələn açıqlamalar da göstərdi ki, bel sapı aksiyası hətta Iranın belə işi deyil. 
Aksiyadan sonra mənim ancaq polislərə yazığım gəldi. Onlar gerçəkdən azadlıq istəyən vətəndaşlara nə qədər can-ü dildən divan tutmaqda ad çıxarsalar belə, bu dəfə millətin polisini hakimiyyətin masqaraya qoyması və guya təhlükəli dindarlarla ölüm-dirim savaşına göndərməsi ürəyimi ağrıtdı.
Məsələ ondadı ki, həm Avropanı qorxutmaq, həm Gülər Əhmədova biabırçılığını unutdurmaq üçün qurulan bu şou zərrəcə effekt vermədi. Artıq Avropa o Avropa deyil; indi nəinki oralarda çörəyi qulağın dibinə yemirlər, hətta qara kürü yeməkdən belə imtina eləyirlər.
Gülər Əhmədova məsələsi isə lap qəhrəmanlıq tarixçəsi kimidi – bu ölkədə qəhrəmanlar heç vaxt unudulmur (H.Əliyev). Hətta unutmaq istəsən belə, mümkün deyil. Çünki bir yandan Elşad, bir yandan Gülər, Qaralov, Həsənov, Əhmədov, əsrimizin qəhrəmanı Siyavuş və başqaları bu məsələni unutdurmağa imkan vermirlər. Material bol, qəhrəmanlıq aktları bol. Oxuduğuma görə, Heydər Əliyev haqqında dondurulan filmin uzunluğu 4 min km. imiş. Ancaq E&G filminin uzunluğu ondan da uzunmuş, gördüyümüzsə hələ jurnalıdı.
Nə isə. Gülər Əhmədova bir açıqlama verib. Öz aləmində kimlərəsə mesajlar ötürüb. Açıqlamada diqqətimi çəkən bir cümlə var: “Mən mənsub olduğum Yeni Azərbaycan Partiyasına və onun nizamnamə və məramnaməsinə sadiqəm və həmişə də sadiq qalacam”.
Sözün açığı, bilmirəm, bu cümləyə şərh verim, verməyim. Deyirəm, yəni şərhim yersiz görünə bilər. Çünki bu ölkədə hər kəsin YAP haqda ən səhih təsəvvürü var. Yazaram, deyərlər ki, balam, bildiyimizi bizə niyə təzədən deyib, vaxt alırsan. Ancaq elə o hamının bildiyi, belə adı kimi dəqiq bildiyi o bilgini rəhbər tutaraq bunu demək istəyirəm – zənnimcə, bu cümlənin iki başı var. Biri budur ki, xanım hələ də onlara sadiq qaldığını çatdırmaq istəyir. Yəni saman çöpü məsələsi. Ancaq bu, az inandırıcıdı. Əsas ikincidi. Yəni YAP-a mesaj. Baxın, mən ayrısı deyiləm, elə sizdən biriyəm, siz də mənim kimi yapçısınız və neynirsiniz eləyin, unutmayın ki, mən bütün qanım, canımla bu partiyanın siyasi kursuna (istinad – E&G filmi) sadiqəm, xəyanət etməmişəm və etmək də fikrim yoxdu. Getdiyimiz yol ümummilli liderin yoludu. Di tutursunuz, tutun…