Əliyevin kadrları niyə rüşvətxor çıxır?

Zərdüşt Əlizadə: «İlham Əliyev korrupsiya ilə mübarizəyə məhdud və dar düşüncə baxımından yanaşır»

Azərbaycanda korrupsiyaya qarşı mübarizənin başlandığını bəyan edən hakimiyyət təmsilçiləri artıq bu istiqamətdə ciddi nəticələrin əldə edildiyini də deməkdən çəkinmir. Lakin ölkə başçısının regionlara son səfəri zamanı dilə gətirdiyi fikirlər iqtidarın korrupsiya ilə mübarizədə nailiyyətlər əldə etmədiyini bir daha təsdiqləyib.
Tərtərdə Gənclər Mərkəzinin açılışında korrupsiyaya qarşı mübarizə ilə bağlı inzibati tədbirlərin davam etdiriləcəyini deyən Ilham Əliyev eyni zamanda təkcə inzibati addımlarla korrupsiya ilə mübarizə aparmağın çox çətin olduğundan şikayətlənib. Dövlət başçısının sözlərinə görə, inzibati addımlar atılır, cəza tədbirləri görülür, insanlar cəzalandırılır, həbs edilir. Ancaq ondan sonra o yerlərə gələn yeni təyin edilmiş insanlar da bəzi hallarda müəyyən müddətdən sonra eyni yolla gedirlər.
I.Əliyevin bu etirafı ölkədə korrupsiyanın artıq dərin kök saldığını və onunla real mübarizənin hakimiyyətin çökməsinə səbəb ola biləcəyini deməyə əsas verir.

Dövlət başçısının dediklərinə münasibət bildirən politoloq Zərdüşt Əlizadə Ilham Əliyevin korrupsiya ilə mübarizəyə məhdud və dar düşüncə baxımından yanaşdığını deyir. Prezident korrupsiyaya qarşı mübarizəni elə anlayıb ki, bir nəfər rüşvətxoru çıxarıb onun yerinə guya təmiz adamı qoyanda, o adam rüşvət almayacaq. Sonra da xalqa deyir ki, bu rüşvətxoru çıxartdım, yerinə təmiz adamı qoydum, o da yenidən başladı rüşvət almağa.
Korrupsiyanın obyektiv hadisə olduğunu və onu sistemli islahatlarla aradan qaldırmağın mümkünlüyünü qeyd edən Z.Əlizadə Əliyev rejiminin bu islahatlara hazır olmadığını vurğuladı.
Ekspertin sözlərinə görə, sistemli islahatlarda dövlət orqanları üzərində ictimaiyyətin, mətbuatın nəzarəti olmalıdır. Dövlət orqanlarının fəaliyyətində şəffaflıq təmin edilməlidir. Azərbaycanda isə dövlət strukturlarının fəaliyyəti dövlət sirri kimi gizlin saxlanılır. Digər bir amil isə müstəqil məhkəmə sistemidir. Çünki bu olmadan korrupsiya ilə mübarizə aparmaq mümkün deyil. Prezident həqiqətən də korrupsiyaya son qoyulmasını istəyirsə, məhkəmə sisteminin müstəqilliyinə nail olmalıdır.
Ekspert korrupsiyanın qarşısını alan əsas səbəblərdən biri kimi siyasi rəqabəti və hakimiyyətlərin dəyişdirilməsini göstərdi. Demokratik ölkələrdə korrupsiyanı cilovlayan əsas mexanizm məhz vətəndaşların siyasi azadlığıdır.

Fizzə