Əliyevi əyləndirməyə gələn sehrbaz kimdi?

Nigel Mead Britaniya kral ailəsini və 40 kralı əyləndirib

Bu günlərdə Britaniyanın populyar sehrbazı və aparıcısı Nigel Mead öz internet səhifəsində Azərbaycana gələcəyi ilə bağlı məlumat yerləşdirib. Azərbaycan prezidentini əyləndirmək üçün ölkəmizə gələcəyini deyən sehrbaz “BBC Azərbaycanca”ya açıqlamasında ölkəmizə xüsusi tədbirə gedəcəyini təsdiqləyib və onun ictimaiyyətə açıq olub-olmadığından xəbərsiz olduğunu bildirib.
Nigel Mead həmçinin özəl müştəridən dəvət aldığından tədbir barədə danışmaq istəməyib. Bəs bu ay Azərbaycana gələcək Nigel Mead kimdir? Sehrbazın şəxsi saytı olsa da, orada məhdud sayda informasiyalar yerləşdirilib. Bu mənbədən yalnız onun qatıldığı tədbirlərin bir neçəsi barədə məlumat əldə etmək mümkündür. Sehrbazın hansı qonorar müqabilində tədbirlərə qatıldığı da məlum deyil.
Nigel Mead 2002-cü ildə Discovery Shannel telekanalında uşaqlar üçün şou verilişinin aparıcı kimi tanınıb. Böyük uğur qazanan şou bu günə qədər efirə çıxır. 2005-ci ildən öz şou verilişlərində sehrbazlıq fəndləri göstərir. Onu məşhurlaşdıran da məhz bu olub. 2008-ci ildən gənclər üçün nəzərdə tutulan magiya-şouların hazırlanmasında iştirak edir. Televiziya layihələri ilə yanaşı Nigel Mead sehrbaz kimi çıxış edir və öz ölkəsində tamaşaçıların simpatiyasını qazanıb. Az halda başqa ölkələrdən dəvət alan Mead öz ölkəsində kifayət qədər təmtəraqlı tədbirlərin qonağı olur. Onun tamaşaçıları arasında Kraliça II Yelizaveta, Pol Makkartni, Stinq, Klaudiya Şiffer, Stiven Spilberq və digər tanınmış simalar da var. Məsələn, II Yelizavetanın taxta çıxmasının altmış illik yubileyi münasibəti ilə keçirilən tədbirdə Mead kral ailəsi və 40 ölkənin kralı qarşısında çıxış edib. Yeri gəlmişkən, Mead aktyor kimi də özünü sınayıb və bir filmdə çəkilib. Həmçinin, ənənəvi olaraq Uembli stadionunda keçirilən futbol üzrə Ingiltərə kubokunun final matçlarından əvvəl də Mead çıxışları ilə tamaşaçıları əyləndirir.
Maraqlıdır ki, sehrbaz öz internet səhifəsində Azərbaycanda qatılacağı tədbir barədə yazarkən sentyabrın sonunda ölkəmizə gələcəyini bildirib. Bu da onun artıq ölkəmizə gəldiyini ehtimal etməyə əsas verir. Alacağı qonorarın gizlin saxlanılması isə bu məbləğin kifayət qədər yüksək olacağından xəbər verir.

Fizzə