22 il öncəki arzuma çatdım…

18 sentyabr 2012-ci il. Parisdə Notr Dam Kilsənin önündə dayanmışıq. Elə bil möcüzə görürdüm. Doğrudan da inanılası deyildi bu. Mən elə o anlarda dərk etdim ki, niyə bu binanı Parisin ürəyi hesab edirlər. Gözümü çəkə bilmirdim, susub qalmışdım. 
Yanımda isə Azərbaycanın çox istedadlı bir adamı vardı, o da mənim sakitcə dayanmağımı görüb soruşur: “Necədir?”.
Cavab almadıqda isə sözünə davam edir: “Təəccüblü heç nə yoxdur, daşdır…”.
Bu, mənə yönələn bir atmacadır. Bir neçə gündür Parisi gəzdikcə, oradakı qeyri-adi, gözəl memarlıq nümunələrini gördükcə, yanımdakı soydaşlarıma deyirdim: “Daşdır. Təəccüblü nə var ki?!”.
Indi özüm eşidirdim bu sözləri. Xeyli susdum. Tikintisinə 12-ci əsrdə başlanan bu məbədin gözəlliyi ilk dəfə məni daşın qarşısında lal etmişdi.
Amma bir azdan içimdə bütün daşlara meydan oxuyan bir fikir oyandı və dostuma dedim: “Paris Notr Dam adlı iki abidə var. Biri gözəlliyi doğrudan da möcüzə sayılacaq bu daş məbəddir. Digəri isə Viktor Hüqonun eyni adlı romanı. Məncə, ikinci üstündür. Onun rolu, dəyəri daha çoxdur. Bir-biri ilə bağlılığı da yox deyil, amma daş abidələr olmadan da Fransa bugünkü azadlığına çata bilərdi, amma məhz kağız abidələr olmadan Fransa azadlığın beşiyi olmayacaqdı. Məhz kitab abidələrin köməyi ilə Fransız xalqı azadlığını qazandı, hətta bunun üçün o daş abidələri ucaltdıran kralların başını da kəsdi…”.
Həm də mənə elə gəldi ki, Paris Notr Dam məbədi ilə Paris Notr Dam romanını müqayisə etmək yalnız mənim və mənim gəldiyim ölkənin insanlarının ağlına gələ bilərdi. Çünki mən Parisə küçələrin abadlaşması ilə öyünən, kitabın isə qiyməti olmayan bir ölkədən getmişdim. Mən ora daş heykəlləri sürətlə çoxalan, amma kitablar haqda danışlmayan bir ölkədən gəlmişdim. Mən daş, asfalt, qum, körpü, hasar ölkəsindən gəlmişdim…


Ağrılı idi. Amma mən həmin gün bütün ağrılara üstün gələn bir şövq yaşamışdım. Çünki o gün 22 il öncəki bir arzuma çatmışdım. Viktor Hüqonun qəbriniz ziyarət etmişdim. Hələ 22 il öncə bu yazıçının “Səfillər” romanını ikinci dəfə oxuyarkən bu arzum yaranmışdı…
Maraqlı və dahiyanə ədəbi əsərlər çoxdur. Onların arasında bəzilərini hətta ixtira saymaq olar. Mən “Səfilləri” məhz ixtira sayıram, üstəlik, onu bəşəriyyətin tarixində oynadığı rola görə çox yüksək qiymətləndirirəm. 2010-cu ilin ədəbiyyat üzrə Nobel mükafatçısı Xorxe Mario Varqas Lyosaÿbu əsər haqqında deyir: “Hüqonun ”Səfillər”i millətlərin həyatını dəyişdi. Xalqlarda yeni arzular oyatdı…”.
“Səfillər”in mənim həyatımda və ürəyimdə də böyük yeri var. Parisi, onun ürəyi sayılan, Böyük Fransa inqilabı dövründə hətta Ağıllar sarayı adlanan Notr Dam məbədini görmək deyə bir arzum olmayıb. Amma azadlıq üçün ölən şən səfillərin atası olan Viktor Hüqonun, o böyük və işıqlı insanın qəbrini ziyarət etmək adlı bir arzum vardı. Mən həmin gün bu arzuma da çatmışdım.
Paris Panteonunda Hüqonun, eyni zamanda Volterin qəbrini ziyarət etmişdim.
***
Redaksiyadan xahiş edirəm ki, bu yazımın qonorarını Qarabağ müharibəsi veteranı olan işsiz əri və bir övladı ilə kirayədə qalan, quru çörək almağa da çətinlik çəkən Iradə Qurbanovaya yardım üçün onun adına açılan bank hesabına köçürsünlər. Iradə xanım ağır böyrək xəstəliyindən əziyyət çəkir, yalnız dializin köməyi ilə yaşa bilir, yaşaması və müalicəsi üçün köməyə ehtiyacı var. Çox ağır durumdadır.
Imkanı olanları bu hesaba yardım etməyə çağırırıq.
Azərbaycan Beynəlxalq Bankı
Kod: 805669
VÖEN: 9900001881
SWIFT: IBAZAZ2X
Müxbir hesabı: AZ03NABZ013550100000000002944
Hesab sahibi: Qurbanova Iradə Nikolay qızı
Hesab nömrəsi: 33801019442308825208