Elşad Abdullayev Avropa Birliyindən məktub alıb

Azərbaycanla bağlı növbəti hesabatlarda sabiq rektorun qardaşının məsələsinə də diqqət ediləcək

Azərbaycan Beynəlxalq Universitetinin keçmiş rektoru Elşad Abdullayev Strasburqda Avropa Şurası Parlament Assambleyasının payız sessiyası ərzində Avropa Şurasının rəsmiləriylə görüşlər keçirib.
Görüşlərdə qardaşı Mahir Abdullayevin 9 il əvvəl dövlət resurslarından istifadə edən mütəşəkkil cinayətkar dəstə tərəfindən oğurlandığı və buna paralel olaraq qardaşının tapılmasıyla bağlı fəaliyyətə başladığında rəhbərlik etdiyi ABU-nun qapadıldığı və bənzər məsələlər müzakirə edib.
Brüsseldə Avropa parlamenti və Avropa Komissiyasında da görüşlərdə iştirak edən keçmiş rektor qardaşının oğurlanması məsələsini geniş müzakirə edib və Avropa Parlamentindən müstəqil tərkibdə istintaq qrupunun yaradılmasını xahiş edib.
Habelə Elşad Abdullayevin qısa müddət öncə Avropa Birliyinin xarici siyasət idarəsinin rəhbəri Ketrin Eştona etdiyi müraciətə rəsmi cavab məktubu gəlib.
Məktubda Mahir Abdullayevin oğurlanması məsələsinə toxunulur, bununla bağlı təəssüf hissləri qeyd olunur, Avropa Birliyinin Azərbaycanla bağlı növbəti hesabatlarında bu məsələyə diqqət ediləcəyi bildirilir.
Xatırladaq ki, Elşad Abdullayev qısa müddət öncə qardaşı Mahir Abdullayevin oğurlanmasıyla bağlı Fransa prezidenti Fransua Ollanda da müraciət məktubu göndərib.

Məlumatı Fransadan azərbaycanlı fəal Elnur Məcidli yayıb.