YAP sədrinin qardaşı öldürüldü

Hakim partiyanın Qazax rayon təşkilatının rəhbərinin qardaşı bıçaqlanıb

Dünən gecə saat 1 radələrində Qazaxda ölümlə nəticələnən ağır cinayət hadisəsi baş verib. Yerli mənbədən aldığımız məlumata görə, taksi sürücüsü işləyən Arif Pənahov münaqişə zəminində rayonun Canallı kənd sakini Nəbiyev Dadaş Mahmud oğlu tərəfindən bıçaqlanaraq qətlə yetirilib. Qətli törədən könüllü şəkildə polisə gələrək özünü təslim edib. Cinayətin motivi hələlik tam məlum deyil. Deyilənlərə görə, rayon mərkəzində, Bayraq Meydanı yaxınlığında baş vermiş dava zamanı mübahisə edən tərəfləri ayıran olmayıb. Qazax Rayon Polis Şöbəsində faktla bağlı cinayət işi açılıb. İstintaq gedir.

Əlavə edək ki, mərhum təxminən 45 yaşlarında olub. O, YAP-ın Qazax rayon təşkilatının sədri Həmid Pənahovun doğmaca qardaşıdır. Oğlu bu il qəbul imtahanı zamanı 700 bal toplayıb.(musavat.com)