Gülər Əhmədova istintaqda dindirilibmi?

Bu sual prokurorluq sözçüsünü əsəbiləşdirdi…

Azərbaycan Beynəlxalq Universitetinin sabiq rektoru Elşad Abdullayevin Gülər Əhmədova ilə mandat bazarlığı qalmaqalı son günlərin əsas müzakirə mövzusu olaraq qalır.
Məlum olduğu kimi, iki gün əvvəl Elşad Abdullayev Gülər Əhmədova ilə aralarındakı söhbətin daha bir fraqmentini yaydı. Sabiq rektor hələ birinci dəfə söhbətin müəyyən bir hissəsinin görüntülərini yayandan sonra Bakı şəhər Prokurorluğunda dələduzluq maddəsilə cinayət işi başlanmışdı. Baş prokuror Zakir Qaralov da bəyan etmişdi ki, məsələ şəxsən dövlət başçısının nəzarətindədir.
Cinayət işinin başlanmasından təxminən 10 gün keçir. Görəsən bu müddətdə qalmaqalın iştirakçıları Gülər Əhmədova və Sevinc Babayeva istintaq tərəfindən dindirilibmi?
Elşad Abdullayevin vəkili Adil Ismayılov “Azadlıq”a açıqlamasında bu barədə məlumatsız olduğunu bildirdi: “Mən bu barədə heç nə deyə bilmərəm. Çünki bu, mənim işim deyil”.
Eyni sualla Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanova da müraciət etdik. Eldar Sultanovun reaksiyası isə çox qəribə oldu. Sultanovla dialoqu olduğu kimi təqdim edirik,
– Elə sual verirsiniz ki, “bişmiş toyuğun gülməyi gəlir”. Necə yəni, dindirilibmi, dindiriləcəkmi? Sual xətrinə sual verirsiniz, qardaş! Vaxtaşırı həmin məsələlərlə bağlı…
Sanki bu yerdə Eldar Sultanov qəfildən hiss edir ki, onun söylədikləri diktofona yazılır:

– Özü də ki, məndən icazə almadan səsimi niyə yazırsınız?
– Eldar müəllim, jurnalist sual verib açıqlama alırsa, deməli, təhrif olmasın deyə, diktofondan istifadə etməlidir.

– Necə?
– Sizə sual veririk ki, Sevinc Babayeva və Gülər Əhmədova dindirilib, yoxsa yox?

– Siz məni xəbərdar etməlisiniz ki, səsinizi yazırıq. Birinci dəfədir mənə zəng vurursunuz?
– Yox, birinci dəfə deyil. Amma yəqin ki, siz də birinci dəfə deyil ki, mətbuata açıqlama verirsiniz…

– Onda qayda-qanunla işləmək lazımdır. Icazəm olmadan səsimi yazırsınız. Mən rəsmi açıqlama versəm, icazəmi alandan sonra səsimi yaza bilərsiniz.
– Siz rəsmi açıqlama vermirsiniz?

– …
Eldar Sultanov dəstəyi asır…

Ramin DEKO