Adil İsmayılov «facebook» səhifəsində kimlərə mesaj verib?
Tanınmış vəkil Adil Ismayılova təzyiq edilir. Vəkilin dünən “facebook” səhifəsində paylaşdığı status belə deməyə əsas verir. Həmin statusu olduğu kimi diqqətinizə çatdırırıq:
“Abdullayev-Əhmədova problemilə əlaqədar meydana çıxan son olaylarla bağlı növbəti dəfə bəzi fikirlərimi paylaşmağa məcburam. Məni tanıyanlar, kimliyimə və xasiyyətimə bələd olanlar bunları gözəl bilir. Bunları bilməyən və mənə qarşı hər hansı addım atmaq istəyən, məni təhdid edən, hədə-qorxu gələn, ”yardımlarını” təklif edən “dostlarımın” gələcəkdə çaşmamaları və xəyal qırıqlığına uğramamaları üçün aşağıda sadalayacaqlarımı nəzərə almalarını istərdim:
1. Haqlı olduğuma tam əmin olmadan heç bir vaxt, heç bir addım atmamışam. Bu o dəmek deyil ki, həmişə haqlı olmuşam (bunu yaradandan başqa kim desə haqsızdı). Dediyim sözdən heç vaxt imtina etməmişəm , səhvim olanda bunu etiraf etməyi və üzr istəməyi bacarıram.
2. Görmədiyim kinodan, oxumadığım kitabdan və olmadığım ölkədən heç vaxt danışmamışam.
3. Həyatın oyun olmasını fikirləşirəm, bu oyunda oynadanlar, oynananlar və oynadılanlar var. Hemişe oynadılan olmaqdan qaçmışam. Anam rəhmətliyin sözü həmişə qulağımda sırğa olub: “Oğlum, mən kimdən yox, kim məndən de!?
4. Həmişə yaxşılıq etməyə çalışmışam, bunu bacarmasam da heç vaxt, heç kimə bunu haqq etməyibsə pislik etməmişəm, çalışmışam ki, problemlər şəxsi müstəviyə keçməsin.
5. Həm dostluğu, həm düşmənçiliyi mərdi-mərdanə etmişəm, heç kimin arxasınca danışmamışam və arxasında işlər çevirməmişəm. Inanıram ki, heç kim və heç nə unudulmur, insanın etdiyi gec-tez onun qarşısına çıxır.
6. Ona görə də heç kimdən və heç nədən qorxmuram, xüsüsən də Allahdan qorxmuram. Onun boyüklüyünə və ədalətinə inanıram. 7. Pul heç bir vaxt mənim üçün məqsəd olmayıb, yaxşı yaşamaq üçün vasitə olub. Bütün situasiyalarda özümü elə almağı və təmkinli olmağı bacarmışam, sonuncu sözümü əvvəldə deməmisşəm, problemləri sülhlə həll etməyə çalışmışam.
8. Harda çalışmağımdan və nə iş görməyimdən asılı olmayaraq həmişə peşəmə hörmətlə yanaşmışam və birinci olmağa çalışmışam, prinsiplərimə sadiq olmuşam.
9.Başında bu gün kimin durmasından asılı olmayaraq Azərbaycanı öz dövlətim hesab edirəm və dövlətin maraqlarını hakimiyyətin maraqlarından üstün tuturam, ən böyük arzularımdan biri bu maraqların üst-üstə düşməsidir.
10. Heç prokurorluqda işləyəndə də silahım olmayıb, narkotikə nifrət edirəm və 3 ildir siqaret belə, çəkmirəm. Bazar günləri dostlarla arabir içki içirəm. Amma normadan artıq içmirəm. Içəndə də şuluq salmıram. Polisin həmişə haqlı olduğunu bildiyim üçün haqlı ilə mübahisə etmirəm.
Bunları oxuyandan sonra inanıram ki, “dostlarım” başa düşəcək ki, məni həbslə və ölümlə qorxutmağın mənası yoxdu, bu əksinə onların ziyanına işləyəcək. Söyüş söyməkdən zəhləm getdiyi üçün kiminsə səviyyəsinə enib söyüş söyməyəcəm. Kimin kimlə problemi varsa, məni bu işlərə qoşmasınlar, çünki kimin kimlə Dubaya getməsi, kimin kim tərəfindən uşaqlıqda təcavüzə məruz qalması məni ilgiləndirmir, kəndi problemlerini kəndiləri həll etsinlər. Ümidvaram ki, her kes öz payını götürdü”.
Statusdan belə anlaşılır ki, Adil Ismayılova təzyiqlər onun fəaliyyəti dayandırılmış Azərbaycan Beynəlxalq Universitetinin rektoru Elşad Abdullayevin hüquqlarını müdafiə etməsilə bağlıdır. Bəs vəkilə təzyiq edənlər kimlərdir? Ümumiyyətlə nə baş verir? Bu suallara cavab tapmaq üçün Adil Ismayılovla əlaqə saxladıq. Vəkil isə bildirdi ki, o yazdığını yazıb, əlavə şərh vermək istəmir: “Hər kəs öz payını götürüb, bu barədə başqa heç nə demək istəmirəm”.