Türkiyə baş nazirinin mühafizə xidməti haqda ilginc məlumatlar yayıldı
Türkiyənin baş naziri Rəcəb Tayyip Ərdoğanın mühafizə xidməti və təhlükəsizliyinin təşkili haqda maraqlı məlumatlar yayılıb.
“Sözçü” internet qəzetinin (sozcu.com.tr) yazdığına görə, Türkiyənin indiyə qədərki baş nazirləri içərisində ən çox cangüdən və təhlükəsizlik avadanlıqları Ərdoğanın təhlükəsizliyinə ayrılıb.
Məqalədə deyilir:
“Baş nazir Ərdoğanın mühafizəsinin əvvəlki baş nazirlərdən çox fərqli olduğu, ən çox cangüdən və texniki cihazların Ərdoğanın təhlükəsizliyi üçün istifadə edildiyi aydın oldu. Süleyman Dəmirəl, Turqut Özal, Məsud Yılmaz, Tansu Çillərin də aralarında olduğu baş nazirlər sürücü ilə birlikdə 8 nəfər tərəfindən qorunurkən, Ərdoğanın təhlükəsizliyi üçün hər birində 40 nəfər olmaqla 5 ayrı qrup çalışır. Nazirlər Kabinetinə məxsus mühafizəçilərin ümumi sayı isə 1500 nəfərdir.
40 nəfərlik 5 qrup
Qruplardan biri daim İstanbulda olur. Baş nazir İstanbulda oldu-olmadı, 40 nəfərlik mühafizə dəstəsi orada hazır vəziyyətdə gözləyir. Qalan qruplar günaşırı vəzifə yerinə yetirir. Hər qrupun öz komandiri var, ümumi rəhbərliyi isə Nazirlər Kabineti Mühafizə İdarəsinin təhlükəszilik rəisi həyata keçirir.
12 nəfər şəxsi cangüdən
40 nəfərlik qruplardan birindəki 12 nəfər baş nazirin yaxın qoruması (şəxsi cangüdən – red.) olaraq vəzifə yerinə yetirir. Onlar son model Amerika “cip”lərində gəzir. 3 belə maşını xüsusi təyinatlıların olduğu dördüncü avtomobil də müşaiyət edir.
Hər qrupda “bomba” mütəxəssisləri, siqnal pozucu cihazlar var.
150-dən 1500-ə
Türkiyənin səkkizinci prezidenti Turqut Özal dövründə əhəmiyyətli vəzifədə olan bir polis şefi deyir: “Bizim dövrümüzdə Nazirlər Kabinetinin mühafizə heyəti 150 nəfər idi. Buraya bina, mənzil və ətrafda vəzifə alan rəsmi formalı polislər də daxildir. Bilavasitə baş naziri qoruyanlar isə cəmisi 26 nəfər olub və növbəli vəzifə yerinə yetiriblər. Bu gün isə bu say, bildiyim qədər, 1500-ə çatıb, bunun da təxminən 200-ü bilavasitə baş naziri mühafizə edir. İnanılmayaca bir rəqəmdir”.
Keçmiş baş nazirlərdən Bülent Ecevitin mühafizəçilərinin sayı isə 90 nəfər olub”.
azadliq.info