Müzəffər Baxış: «Prezidentin guya bu cinayət işlərinin istintaqından başı çıxır ki, onun nəzarəti altında olsun?»
Elşad Abdullayevin yaydığı video ilə bağlı başlanılan cinayət işi ölkə başçısı Ilham Əliyevin nəzarəti altındadır. Bu barədə baş prokuror Zakir Qaralov öz açıqlamasında bildirib. Xatırladaq ki, baş prokuror bu vaxta qədər ölkədə törədilən səs-küylü cinayət hadisələrinin hamısı barədə bu sözü deyib. Elmar Hüseynovun, Rafiq Tağının, Rail Rzayevin də qətli ilə bağlı açılan cinayət işləri prezidentin şəxsi nəzarətində idi.
Nəticə isə göz qabağındadır. Bundan belə nəticəyə gəlmək olur ki, prezidentin nəzarətində olan cinayət işləri açılmamış qalır. Gülər Əhmədova ilə bağlı cinayət işini də eyni aqibət gözləyə bilərmi?
Hüquqşünas Müzəffər Baxış Azərbaycanda prokurorluğun Prezident Administrasiyasından, ümumiyyətlə, icra hakimiyyətindən asılı bir qurum olduğunu deyir. Sadəcə olaraq formal elə bir fikir irəli sürülür ki, guya bu işlər Azərbaycan prezidentinin nəzarəti altındadır.
M.Baxış bir gün də olsa hüquq-mühafizə orqanlarında iş təcrübəsi olmayan prezidentin bu sahəni bilmədiyini qeyd etdi. Hətta prezidentin nəzarəti altında olsa, onun istintaq işindən anlayışı yoxdur. Bu, sadəcə bir təbliğat vasitəsidir: “Prezidentin guya bu cinayət işlərinin istintaqından başı çıxır ki, onun nəzarəti altında olsun? Sadəcə bu, prezidentə yaltaqlanmaq məqsədi ilə edilir və cəmiyyətdə prezidentin nüfuzunu qaldırmaq məqsədi daşıyır. Bu, hüquq-mühafizə orqanlarının savadsız işçilərinin düşündüyü bir qaydadır. Prokurorluq elan edir ki, guya prezident istintaq qrupunun dəyişdirilməsi ilə bağlı göstəriş verib. Indiyə kimi baş prokurorun gözləri görmürdü ki, istintaq obyektiv aparılmır, istintaqı aparan şəxslər öz vəzifələrini icra etmirlər”.
Hüquqşünasın sözlərinə görə, əslində ortada heç nə yoxdu. Prezident bəlkə də bu işlərlə heç maraqlanmır. Bu tip təbliğatla isə əslində ölkə başçısına qarşı düşmənçilik missiyası həyata keçirilir: “Elmar Hüseynovun, Rafiq Tağının qətli, jurnalistlərin döyülməsi prezidentin nəzarətində idi. Belə çıxır ki, prezidentin nəzarətində olan işlər heç vaxt açılmayacaq. Çünki cəmiyyətə elan edilən prezidentin nəzarəti altında olan bütün cinayət işləri üzrə heç bir nəticə əldə edilməyib. Bir hüquqşünas kimi belə düşünürəm ki, prezidentin nəzarəti altında olan işlər üzrə obyektiv, hərtərəfli istintaq da aparılmayacaq”.
M.Baxış Baş Prokurorluğun bir qurum kimi məhv edildiyini də bildirdi: “Tam məsuliyyətlə bildirirəm, 2000-ci ilin aprel ayında Zakir Qaralov Azərbaycan Respublikası baş prokuroru təyin ediləndən sonra belə bir orqan məhv edilib. O adam dediyi sözlərin nəticələrini dərk etmir. Düşünmürəm ki, Elşad Abdullayevin bu müraciətinə əsasən həmin cinayət işində təqsiri olan şəxslər cinayət məsuliyyətinə cəlb edilib cəzalandırılacaq. Sadəcə olaraq şou xarakterli bir-iki bəyanatlar verəcəklər. Ola bilər Sevinc Babayevanı cinayət məsuliyyətinə cəlb edəcəklər. Nə qədər ki, bu siyasi hakimiyyət mövcuddur, cinayət işində təqsiri olan şəxslər cinayət məsuliyyətinə cəlb edilməyəcəklər”.
Fizzə