Keçmiş deputatın obyektini bağladılar

Baba Tağıyevin “Avropa Qapıları”nın satışına qadağa qoyulub

Azərbaycan Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi yanında Texniki Tənzimləmə və Standartlaşdırma üzrə Dövlət Nəzarəti Xidmətinin Sumqayıt Ərazi İdarəsi tərəfindən Komitəyə daxil olmuş şikayət məktubu əsasında “Tağıyev” şirkətində dövlət nəzarəti aparılıb. Komitədən «APA-ECONOMICS»ə verilən məlumata görə, şikayət məktubunda «Tağıyev» şirkəti tərəfindən istehsal olunan və şikayətçinin mənzilində quraşdırılmış «Avropa qapıları» nişanlı qapıların keyfiyyətsiz olduğu iddia olunub.

Araşdırma zamanı müəyyən olunub ki, müəssisədə PVC, MDF və şpon qapılar normativ sənədləri olmadan istehsal olunur, müəssisədə taxtaların qurudulması üçün istifadə olunan qurutma kamerası işlək vəziyyətdə deyil, taxtaların nəmlik dərəcəsi ölçülmədən emala verilir. Bundan başqa, istismarda və yoxlanılan məhsulların istehsalında istifadə olunan 48 ədəd ölçmə vasitəsi dövlət yoxlamasından keçirilməyib. Aşkar olunmuş nöqsanlarla bağlı «Tağıyev» şirkətində «Avropa qapıları» nişanlı MDF, PVC və şpon qapıların, haşiyənin, həmçinin mətbəx mebel dəstinin istehsalı və satışı qadağan edilib, inzibati protokol tərtib edilərək cərimə edilib.

Qeyd edək ki, “Avropa Qapıları” keçmiş deputat Baba Tağıyevə məxsusdur.