Gülər Əhmədova olayı yeni tendensiyanın başlanğıcıdır

e fetullayev-brifinq“Onu məhz “prezidentin siyahısını dəyişdirmişəm” cümləsinə görə cəzalandırdılar”

Eynulla Fətullayev: «Ramiz Mehdiyev «heç kimə güzəşt olmayacaq» deyəndə hakimiyyətdaxili qüvvələrə mesaj ünvanlayıb»

Azərbaycanda parlamentin hansı üsul ilə formalaşmasını, dövlət vəzifələrinin satıldığını bilməyən olmasa da Elşad Abdullayevlə Gülər Əhmədova arasındakı video ciddi rezonansa səbəb oldu. Müsahibimiz hüquq müdafiəçisi, araşdırmaçı jurnalist Eynulla Fətullayev hesab edir ki, baş verənlər Azərbaycan tarixinə yazılan hadisələrdir. Çünki ilk dəfədir ki, hakimiyyət öz sıralarında olan şəxsi cəzalandırmağa məcbur olur:

– Artıq bu hadisəni bütün cəmiyyət birmənalı qiymətləndirib. Hökumət də ictimai rəyin reaksiyasını nəzərə alaraq ilk addımlarını atıb. Gülər Əhmədova mandatdan məhrum edilib. Ortada faktlar var və onu hökumaət inkar edə bilməz. Indiyə qədər belə bir çox faktlar mövcud idi. Amma indiyə qədər iqtidar heç zaman hansısa məmuru, hakim partiyanın hansısa üzvünü cəzalandırmamışdı. Iqtidar ictimai fikrin qarşılığında və tələbi hökumət məmuru cəzalandırdı. Hesab edirəm ki, bunun çox böyük tarixi əhəmiyyəti var. Bu artıq Azərbaycan ictimai fikrinin böyük müvəfəqiyyətidir.

Məmurlar İlham Əliyevin münasibətini gözləyirdi

– Baş verənlər rüşvət videosunun təsadüf nəticəsində ortaya çıxmasıdır, yoxsa bu bir başa iqtidardaxilindəki qruplaşma savaşının təzahürüdür?
– Bunun qruplaşmalar arasında savaşın təzahürü kimi meydana çıxmasına inanmıram. Hakimiyyət daxilində müxtəlif qruplaşmalar, məmurlar arasında hansısa ziddiyyətlər olsa da, həmişə iqtidarın mənafeyi və təhlükəsizliyi məqamında bütün qruplaşmalar birləşir. Elşad Abdullayev həbs təhlükəsi altında Azərbaycanı tərk edib. Amma heç kim gözləmirdi ki, Elşad Abdullayev işini ehtiyatlı tutaraq bir çox söhbətləri lentə alıb və sonradan bu materialları hüquqlarının müdafiəsi üçün istifadə edəcək. Əgər bu məsələdə Azərbaycan ictimai fikri mövqeyini ortaya qoymasaydı, hakimiyyətin müvafiq tədbirləri olmazdı. Bu artıq yeni tendensiyanın başlanğıcıdır. Diqqətli müşahidəçilər bunu sezdilər.

– Gülər Əhmədovaya münasibətdə hakimiyyət təzadlı yanaşma ortaya qoydu. Əvvəlcə Gülər Əhmədova sərt tənqid olunsa da, sonradan mövqe nisbətən yumuşaldıldı. Bunun səbəbi nədir?
– Azərbaycanda bütün proseslərə məmurların və dövlət xadimlərinin hansı yanaşmanı sərgiləyəcəyi birinci şəxsin münasibətindən asılıdır. Bu məsələdə bir çox məmurlar gözləmə mövqeyi tutdular. Görünür, birinci şəxs artıq son qərarını verəndən sonra həm Ramiz Mehdiyev, həm də digərləri danışmağa başladılar. Baş verənlərdə hakim rejim üçün təhlükəli situasiya yarandı. Çünki indiyə qədər hətta mitinqçilərə güllə atan məmurlar, Aqil Xəlilin olayında zorakılığa yol verənlər müdafiə olunublar. Amma ilk dəfə qəzəblənmiş ictimai rəyin qarşısında məmur cəzalandı. Əslində bu hakimiyyət üçün pis president yaradır. Çünki sabahları qanun pozuntusuna gedən məmur ciddi cəhdlə düşünəcək.

– Ramiz Mehdiyev açıqlamasında vurğulayıb ki, bu videonun yayılması bir təxribatdır. Sizcə, Ramiz Mehdiyevi hazırkı situasiyada kim hədəf seçə bilər?
– Ramiz Mehdiyev çıxışında bildirir ki, bu təxribatdır. Amma o, bu təxribatı özünə qarşı deyil, hakimiyyətə qarşı sayır. Amma mən belə düşünmürəm. Çünki Gülər Əhmədova məhz Prezident Administirasiyasına yaxın şəxsdir. Ona görə Gülər Əhmədova tərəfindən təxribatın baş verməsi inandırıcı deyil. Elşad Abdullayevə gəlincə isə, o təhlükəsizliyini təmin etmək üçün bu addımı atıb.

Gülər Əhmədova Elşad Abdullayev kimi video açıqlaya bilməz

– Gülər Əhmədova öz növbəsində bildirib ki, onda da bir sıra vido görüntülər var. Bu nəyin mesajı idi?
– Istisna etmirəm ki, Gülər Əhmədovada da hansısa videolar ola bilər. Amma düşünmürəm ki, Elşad Abdullayevdən fərqli olaraq Gülər Əhmədova həmin videoları yayımlaya bilər. Hakimiyyətin yazılmayan qanunları var. Gülər Əhmədova bu hakimiyyət camiyəsinin uzun müddət üzvü olub, bu komandadan bəhrələnib. Əgər Gülər Əhmədova bunu etsə, bu xəyanat kimi dəyərləndiriləcək və nəticədə o cəzalandırılacaq. Çünki Gülər Əhmədovanın əməllində cinayyət tərkibi var. Amma əvvəlki təcrübə göstərir ki, hakim zümrəyə xəyanət edən şəxs hər şeydən məhrum olur. Hazırda baş verənlər yeni bir dalğadır. Gülər Əhmədova yalnız bir məsələdə incik düşə bilər ki, nəyə görə məmurlar əvvəl müdafiə olunurdu, mən isə müdafiə olunmadım. Gülər Əhmədova siyasi karyerası dövründə bu hakimiyyətdən çox bəhrələnib və bir anda hər şeyi itirə bilər.

– Ramiz Mehdiyev eyni zamanda açıqlamasında vurğulayır ki, bu məsələdə heç kimə güzəşt edilməyəcək. Bu kimə mesajdır?
– Bu hakimiyyətdaxili qüvvələrə olan mesajdır. Əslində Gülər Əhmədova Elşad Abdullayevlə söhbətində ciddi və bağışlanmaz bir yanlışa yol verdi. O, Elşad Abdullayevlə söhbətində bildirdi ki, o, prezidentin siyahısını dəyişdirib. Gülər Əhmədovanı məhz o cümləyə görə cəzalandırdılar. Bununla Gülər Əhmədova məmurlar üçün tabu sayılan mövzuya toxundu. Gülər Əhmədovanın eyni zamanda hakimiyyətin ikinci şəxsi sayılan Ramiz Mehdiyevin adından istifadə etməsi onun cəzalandırılmasına səbəb oldu.

Səməd Seyidova qarşı hücum təsadüfi deyil

– Hakimiyyətlə bağlı daha bir qalmaqallı olay Səməd Seyidovun adının rüşvət qalmaqalında hallanması idi. Sizcə, eyni zamanda ortaya çıxan Gülər Əhmədova və Səməd Seyidov hadisələri arasında əlaqə varmı?
– Düşünmürəm. Bu iki olayı birləşdirən ümumi səbəb görmürəm. Amma xatırlatmaq istəyirəm ki, 2005-ci ildə oxşar bir ssenari ilə Səməd Seyidovun rəhbərlik etdiyi institutda yoxlama aparıldı və onun mühasibi həbs olunmaq təhlükəsi ilə üz-üzə qaldı. Sonradan bu iş ört-basdır edildi. Yenidən Səməd Seyidova qarşı hücum təsadüfi deyil. Çünki Azərbaycanda korrupsiyalaşmış bir çox məmurlar var. Düşünürəm ki, Səməd Seyidov bu sırada bəlkə də ən sonuncudur. Səməd Seyidova qarşı təhdidlər görünür hansısa daxili maraqlarla bağlıdır.

– AŞ PA-nın növbəti ssesiyasına az müddət qalıb. Səməd Seyidov barəsində belə imicin yaradılması hakimiyyətin özünə də sərf etməməlidir?
– Səməd Seyidov ümumiyyətlə bu hakim zümrəyə yad elementdir. Səməd Seyidov son illər mühafizəkar simaya çevrilib. Halbuki 2000-ci ilin ortalarında Səməd Seyidov olduqca orijinal fikirlər səsləndirirdi. Səməd Seyidov ümumi boz kütlədən fərqlənirdi. Səməd Seyidov kimi insanları hakimiyyətin bu boz kütləsi sevmirdi, indi də sevmir. Məqam tapdıqca belə adamları hakimiyyət içindən çıxdaş etməyə cəhd edirlər. Amma görünür həm də bacarmırlar. Çünki Səməd Seyidovun da özünə xas statusu var. O, birinci şəxsə yaxın adamdır. Səməd Seyidov ağıllı, parlaq, qeyri-adi düşüncəyə xas, savadlı şəxsdir. Birinci şəxsin dəstəyi olmasaydı Səməd Seyidov öz kürsüsünü itirmiş olardı. Məhz təhdidlərin qarşılığında Səməd Seyidov öz simasını dəyişmiş oldu. Daha da mühafizəkarlaşdı.

2013-də hakimiyyət dəyişməsə belə prosesdən zəifləmiş çıxacaq

– Mətbuatda yaxın zamanlarda hakimiyyəti ifşa edən daha bir qalmaqalı videonun yayılacağı gözlənilir. Belə bir hadisə proseslərə necə təsir edə bilər?
– Artıq Azərbaycan çox gərgin, eyni zamanda çox mürəkkəb mərhələyə qədəm qoyub. Prezident seçkilərinə təxminən bir il qalıb. Ilham Əliyev üçüncü dəfə namizədliyini irəli sürmək niyyətindədir. Bu isə həm daxildə, həm beynəlxalq aləmdə təbliğatın aparılmasına ciddi zəmin yaradacaq. Azərbaycanda keçiriləcək bu seçkiləri Rusiyada keçirilmiş seçkilərlə müqayisə etmək istərdim. Heç kəs Rusiyada seçkilərə bir qalmış böyük fırtınanın qopmağını gözləmirdi. Bir il əvvəl heç kim ağlına gətirmədi ki, sistemsiz müxalifət birdən yüz minlərlə insanı küçələrə tökəcək və Rusiyanın orta sinfi baş qaldıracaqdı. Əminliklə deyə bilmərəm ki, Azərbaycanda bu cür proses təkrarlanacaq. Amma ehtimal olduqca yüksəkdir. Bu situasiyalarda oxşarlıq görürəm. Ola bilsin ki, 2013-cü ildə Azərbaycanda hakimiyyət Rusiyadakı kimi dəyişməsə belə iqtidar proseslərdən zəifləşmiş halda çıxacaq. Bunu proqnozlaşdırmaq olar. Bu seçkilər iqtidar üçün olduqca çətin və mürəkkəb şəraitdə keçəcək.

– Hazırkı gündəm hakimiyyətə sərf etmir. Təcrübə göstərir ki, belə hallarda hakimiyyət gündəmi müəyyən addımları ilə dəyişməyə çalışır. Bu dəfə biz hansı hadisələrin şahidi ola bilərik?
– Hazırkı gündəmi dəyişmək üçün ehtiyatda olan resurslar çox azdır. Əslində Gülər Əhmədova kimi olay başqa ölkədə baş versəydi ciddi istefalar olardı. Normal ölkədə bu ciddi siyasi kataklizmlərə gətirib çıxarardı. Inanmıram ki, Azərbaycanda elə bir hadisə baş versin ki, hazırkı gündəmi dəyişsin. Bəziləri “Nida” Gənclər Təşkilatının sədrinin həbsinin gündəmi dəyişmək cəhdi kimi qiymətləndirsələr də, mən belə düşünmürəm. “Nida”çının həbsi yeni siyasi represiya  olayının aktuallığını daha da gücləndirmiş oldu. Çünki bütün ölkə, ictimai fikir bu hadisədən sonra hökuməti qınadı. Çünki Gülər Əhmədova iqtidarın təmsilçisidir. Nigar Yaqublunun hələ də həbsdə qalması bu fikri daha da sərtləşdirdi.
Bəlkə cəbhə bölgəsində hansısa insident gündəmi dəyişə bilər. Amma onu da nəzərə almaq lazımdır ki, bu cür gərgin geosiyasi vəziyyətdə cəbhə bölgəsində vəziyyətin gərginləşdirilməsi seçkilər ərəfəsində ciddi fəsadlar verə bilər. Ramil Səfərov məsələsində hakimiyyətin mövqeyi həm Ermənistanı, həm Rusiyanı təngə gətirib. Ona görə mən elə amil görmürəm ki, bu siyasi gündəmi dəyişsin. Əksinə seçkilər ərəfəsində daha yeni sürprizlərin şahidi ola bilərik.

Xəyal