“Amnesty İnternational” Rihanna və Şakiraya məktub göndərdi

Təşkilat müğənniləri Azərbaycanda insan haqları pozuntularına diqqət yetirməyə çağırıb

Beynəlxalq insan haqları təşkilatı “Amnesty İnternational” Bakıda konsert verməyə hazırlaşan dünyanın super ulduzları Rihanna və Şakiraya məktub ünvanlayıb. Təşkilat müğənniləri konsert verməzdən əvvəl Azərbaycanda insan haqları və demokratiya sahəsində baş verən pozuntulara diqqət yetirməyə çağırıb. Qeyd edək ki, məktubun müəllifləri “Demokratiya naminə oxu” kampaniyasının müəlliflərindən biri, hüquq müdafiəçisi Rəsul Cəfərov, digəri isə “Amnesty İnetrnational” təşkilatının Avropa və Mərkəzi Asiya proqramının direktoru Con Dalhauzendir

Müəlliflər Rihanna və Şakiraya ünvanlandıqları məktubda Azərbaycanda insan haqları və söz azadlığının hazırki durumuna toxunub. Dünyanın super starlarına 2005-ci ildə “Monitor” jurnalnın baş redaktoru Elmar Hüseynovun öldürüldüyü və qətlin sifarişçilərinin hələ də cinayət məsuliyyətinə cəlb olunmadığı bildirilib. Məktubu imzalayanlar həmçinin Azərbaycanda jurnalistlərin, blogger və siyasi fəalların həbsi, onlara qarşı təzyiqlərə də toxunublar.

“Müğənnilər “Eurovision” musiqi yarışmasından sonra ölkədəki vəziyyətlə tanış olmalıdır. Fotoreportyor Mehman Hüseynova barəsində qondarma cinayət işinin qaldırılması, ona qarşı xuliqanlıq maddəsinin irəli sürülməsinə diqqət yetirilməlidir. Hüseynov “Eurovision” musiqi yarışması ərəfəsində insan haqları kampaniyalarında fəal iştirak edib. Ona qarşı irəli sürülən ittihamlar “sübuta yetirilsə” fotoreportyoru 5 ilədək həbs gözləyir. Bundan başqa gənc müğənni 2012-ci ilin martında gənclərin dinc etiraz aksiyası zamanı həbs olundu. Təzyiqlər üzündən ölkəni tərk etmək məcburiyyətində qaldı. “Amnesty International” hesab edir ki, Azərbaycan hakimiyyəti jurnalistlərin, fəalların və sadə vətəndaşların fikir azadlığına hörmət etməli, onların öz fikirlərini sərbəst şəkildə ifadə etməsinə imkan yaratmalıdır. Sizin bizim ümidləri doğruldacağınıza inanırıq”, – deyə Rihanna və Şakiraya ünvanalanan məktubda bildirilir.