Ramiz Mehdiyev rəqiblərinə mesaj verdi

ramiz mehdiyevPA rəhbərinin “Gülər Əhmədova olayı” ilə bağlı dedikləri hansı anlama gəlir?

Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev Elşad Abdullayevin yaydığı məlum video görüntülərlə bağlı məsələyə münasibət bildirib.
“Azərtac”ın məlumatına görə, Ramiz Mehdiyev bildirib ki, məsələ ilə bağlı artıq dövlət rəsmiləri tərəfindən qəti formada kifayət qədər münasibət bildirilib: “Səsləndirilən fikirlərə yalnız onu əlavə edə bilərəm ki, bəhs olunan görüşdə mənim adımın təkidlə hallandırılması cəhdi kiminsə tərəfindən düşünülmüş ciddi təxribatdır. Məqsəd də ondan ibarətdir ki, hakimiyyət nümayəndələrini belə çirkin əməllərə bulayıb nüfuzdan salsınlar. Qeyd etməliyəm ki, belə cəhdlər müstəqillik dövründə dəfələrlə olub, lakin əsası olmadığı üçün baş tutmayıb və bu tipli təxribatçılar öz məqsədlərinə nail ola bilməyiblər. Hazırkı olay da heç bir nəticə verməyəcəkdir.
Inamla deyə bilərəm ki, Prezident Administrasiyasının nümayəndələrinin belə çirkin olaylarla heç bir əlaqəsi yoxdur və ola da bilməz. Elşad Abdullayevin deputat seçilməməsi və onun rektoru olduğu Beynəlxalq Universitetin qanuni əsaslarla bağlanması faktı da fikirlərimi bir daha təsdiq edir.
O ki qaldı, ortada canfəşanlıq edən dələduzlara, Elşad Abdullayevin və onun kimilərin açdığı bazara – bu, onların öz problemləridir. Belə dələduzlar həmişə olub, bu gün də vardır. Onlar uçun ən inandırıcı yol, əlbəttə ki, vəzifəli insanların adını hallandırmaq və istifadə etməkdir. Belələri gec-tez hər zaman ifşa olunub və qanun qarşısında məsuliyyətə cəlb ediliblər. Bundan sonra da kimliyindən asılı olmayaraq belələrinə heç bir güzəşt olmayacaq”.
Ramiz Mehdiyevin belə sərt danışmasının kökündə təbii ki, bu məsələdə onun adının da hallanması dayanır. Gülər Əhmədova rüşvət videosunda pulu özü aldığını desə də, hər kəsə bəllidir ki, keçmiş deputat PA rəhbərinin komandasına daxildir. Bu baxımdan da iddia edilirdi ki, Gülər Əhmədova Elşad Abdullayevi məhz Ramiz Mehdiyevin dəstəyi ilə deputat seçdirmək istəyib.
PA rəhbəri isə dünənki açıqlaması ilə nümayiş etdirdi ki, bu məsələnin ona heç bir aidiyyatı yoxdur. Elşad Abdullayevlə mandat alveri Gülər Əhmədovanın özfəaliyyətidir və elə buna görə də sabiq deputat cəzalandırılır.
Ramiz Mehdiyevin açıqlamasında maraqlı məqamlardan biri də, adının hallandırılması ilə bağlı söylədikləridir. PA rəhbərinin “bəhs olunan görüşdə mənim adımın təkidlə hallandırılması cəhdi kiminsə tərəfindən düşünülmüş ciddi təxribatdır” söyləməsi həm də rəqiblərinə mesaj kimi dəyərləndirilməlidir. Rüşvət videosu ortalığa çıxanda belə iddialar var idi ki, bu, hakimiyyətdaxili ziddiyyətlərin təzahürüdür. Iqtidarda anti-Mehdiyev qruplaşması PA rəhbərini “vurmaq” üçün rüşvət videosunun ictimailəşməsinə “yaşıl işıq” yandırıb. Ramiz Mehdiyevin adının hallandırılması ilə bağlı dediklərində həm də buna işarə vurduğunu söyləmək olar.

Namiq