Geniş şpionaj-təxribat, qanlı qırğın yolu ilə qurulan əliyevçi hakimiyyət gələcəyi yerədək gəlib çıxıb. Illər uzunu başqalarına, başlıcası da müxalifətə etdikləri indi öz başlarına gəlir. 19 ildən bəri ölkədə bütün qanunları, ən elementar hüquq normalarını, TOXUNULMAZ milli-mənəvi dəyərləri belə, ayaq altına atan kimsələr indi özləri əkdiklərini biçməli olurlar. Onlar dünənədək qanunları, hüquq normalarını, eləcə də milli-mənəvi dəyərləri müxalifət adamlarını əzmək üçün ayaq altına alıb tapdayırdılar – indi bunu özlərini qorumaq üçün edirlər.
On beş il Beynəlxalq universitetdə baş verən qanunsuzluq, özbaşınalıq faktlarına PUL alıb göz yumanlar – o çağdan indiyədək görəvi dəyişməyən baş prokuror Zakir Qaralov, PA başçısı R.Mehdiyev, prezident I.Əliyev indi bu KEÇMIŞ universiteti kriminogen universitet, onun KEÇMIŞ rektoru E.Abdullayevi kriminal rektor olaraq tanımağa başlayırlar.
Yada bir Şəki gülməcəsi düşür: Hitler Almaniyası ilə beş illik savaş başa çatıb, o üz-bu üzdən milyonlarla adam qırılıb qurtarandan sonra Hacı Dayının ulusu bundan soraq tutur: “Ha indi müharibə olutdu?!”
Yox, işin üstündən çox keçib: indi kriminal E.Abdullayev deyil, E.Abdullayevin illərlə Baş Prokurorluq başda olmaqla, hakimiyyət orqanlarına göndərdiyi kriminal faktları “istintaq gedir” adıyla üst-üstə yığıb arxiv materialına çevirənlər, qanunu, qanunçuluğu bu sayaq ayaqlamalarla dövləti banditizm yuvasına dönüşdürənlərdir. Dövlət strukturlarının başında duran bu adamların özlərinin çoxillik kriminal xarakterli davranışları üzündən bu gün Elşad Abdullayev LEGITIM olaraq suçlanan deyil, suçlayandır!!!
Bəlli videodakı seçki alverinin başlıca fiqurantı olaraq adı çəkilən R.Mehdiyev Beynəlxalq universitetin “qanuni əsaslarla bağlandığını” bildirir. Biz bu “qanuni əsasa” inanardıq, əgər Azərbaycandakı təpədən dırnağadək rüşvətə bürünmüş orta məktəblərin, kolleclərin, universitetlərin HAMISI bağlansaydı. E.Abdullayev çoxdan ölkədən qaçıb getməli olub. Təkcə universitetlərdən hər il milyonlarla manat pul yığılır. Bəlkə, illərlə “milli” Məclisdə susub oturan rektor-deputatlar o pulları Parisdə oturan E.Abdullayevə göndərirlər? Bəlkə, bir çox iş adamlarının var-yoxunu, eləcə də Zülfüqarlı qardaşlarının zavodlarını da Parisdə oturan E.Abdullayev ələ keçirib?
Özünü “Təhlükəsizlik nazirliyinin zabiti, Tofiq Rəsulov” adlandıran birisi elektron poçtuma yazır: “Elşad Abdullayevin rektoru olduğu universitetdə Ramiz Mehdiyevin kürəkəni – ilin 365 gününün 300-nü xarici ölkələrdə əyləncələrdə keçirən Ilham Əliyevin doğma qardaşı, MTN-nin polkovniki Fikrət Əliyev prorektor olub. Özü də bu vəzifəyə heç bir əməliyyat təcrübəsi olmadan, birbaşa R.Mehdiyevin xeyir-duası ilə təyin olunub. Məqsəd tədricən E.Abdullayevə təzyiq göstərərək universiteti ələ keçirmək olub. E.Abdullayevdə F.Əliyevlə söhbətlərinin videogörüntüləri və səs yazıları var”.
Bilirik, adın özü qarışıq, bu deyilənlər yalan ola bilər, ancaq burası hamıya bəllidir: başqa bütün böyük gəlir qaynaqları kimi, universitetlər də PA-nın sərt kontrolu altındadır, pullar hamısı kontrol altında yığılaraq gərəkən yerə ötürülür.
Administrator-filosof seçki alverində adının çəkilməsini “kiminsə təxribatı” adlandırır. “Təxribat” ərəbcədir, sözlüyə görə, “müharibə, təbii fəlakət sonucunda dağıntı” deməkdir. Başqa cür desək, əliyevçi hakimiyətin rüşvəti, korrupsiyanı, oğurluğu, soyğunçuluğu DÖVLƏT SIYASƏTINƏ çevirməsindən yaranan “Yeni Azərbaycan”!
Doğal resurslardan yoxsul, qazı Azərbaycandan alan Gürcüstanın ən ucqar dağ yerlərində belə, qaz var. Buna görə Gürcüstanda meşələr toxunulmaz qalır. Bakının 150 km-dəki Neftçala rayonunun 46 kəndindən vur-tut 6-da qaz olduğundan, Azərbaycan meşələri vəhşicəsinə qırılıb oduna çevrilir. Təxribat budur!

Əliyevçi təxribat hakimiyyəti
•