İlham Əliyev Britaniyadan sehrbaz gətizdirir

“… Bu ay mən Azərbaycana dəvətlə uçacağam, Prezident İlham Əliyevi əyləndirmək üçün”

Britaniyanın populyar sehrbazı və aparıcısı Nigel Mead öz səhifəsində yazıb ki, Azərbaycana ölkə prezidentini əyləndirmək üçün gedir.
“… Bu ay mən Azərbaycana dəvətlə uçacağam, Prezident İlham Əliyevi əyləndirmək üçün” – onun adından oktyabrın 1-də səhifəsində “Azərbaycan çağırır” başlığı ilə yazılmış xəbərdə deyilir.
Cənab Mead saytında bu barədə gələn ay məlumat verəcəyini deyib.
“BBC Azərbaycanca” sehrbazla əlaqə saxlayıb və cənab Mead Azərbaycana Prezident üçün xüsusi tədbirə gedəcəyini təsdiqləyib və onun ictimaiyyətə açıq olub-olmadığından xəbərsiz olduğunu deyib.
O, öncə müsahibə verməyə razılaşıb və təşkilatçıdan təfərrüatları öyrəndikdən sonra danışa biləcəyini deyib.
Ancaq agentilə danışdıqdan sonra fikrindən daşınıb və deyib ki, “bu çıxışla bağlı” mediaya müsahibə verə bilməz.
“Bu, özəl müştəridir və agentimin təlimatına görə, təfərrüatlar və tədbir müzakirə olunmur” – o deyib.
Sehrbaz deyib ki, dünya boyunca ictimai tədbirlərdə çıxış edir və həmin tədbirlər haqda məmnuniyyətlə müsahibə verər.