«O təyyarə vurulmayacaq, sadəcə, Azərbaycan öz hava məkanını Ermənistanın mülki təyyarələrinin üzünə bağlayacaq»
Xankəndi aeroportunun işə düşəcəyi ilə bağlı xəbərlər erməni mətbuatının gündəmindən düşmür. Azərbaycan tərəfi isə açıqlamalarında məsələni konkret qoyur. Aeroportun fəaliyyətini qanunsuz adlandıraraq istismara veriləcəyi təqdirdə onun vurulacağını gizlətmir.
Azərbaycan Xarici Işlər Nazirliyinin fikrincə, bu addım erməni tərəfinin münaqişənin nizamlanması üçün siyasi iradə nümayiş etdirmək istəmədiyini göstərir və Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına dair danışıqlar prosesinə böyük zərbə vurur.ÿMəlum ərazinin Azərbaycanın hava məkanına aid olduğunu deyən XIN rəsmiləri bu ərazidə aeroportun açılmasını Mülki Aviasiyaya dair Çikaqo Konvensiyasına zidd olduğunu bildirir.ÿMüdafiə Nazirliyi isə bəyan edir ki, Ermənistan beynəlxalq qaydaları pozduğu halda ona uyğun vəziyyətlə qarşılaşacaq. Yəni rəsmi Bakı Xankəndidə aeroportun qanunsuz fəaliyyət göstərməsinə yol verməyəcək.
Xatırladaq ki, 2011-ci ilin mayında ermənilər aeroportun hazır olduğunu və tezliklə uçuşların başlanacağını bildirmişdi. Lakin uçuşların qarşısının alınacağı barədə Bakının xəbərdarlığından sonra erməni tərəfi bu ideyadan imtina etmişdi. Bakı həmçinin bildirmişdi ki, aeroportun beynəlxalq səviyyədə sertifikatlaşdırılmasına yol verməyəcək.ÿHazırda erməni tərəfi aeroportu işə salmaq üçün Ramil Səfərovun əfv olunması ilə bağlı vəziyyətdən istifadə etmək istədiyini gizlətmir. Bu məqsədlə erməni diplomatiyası aktiv kampaniyaya başlayıb. Qarabağda mülki təyyarələrin vurulmasının yolverilməzliyi ilə bağlı Bakıya xəbərdarlıq edən amerikalı konqresmen Bred Şermanın bəyanatına da məhz bu kontekstdə baxmaq lazımdır.ÿYaxın günlərdə erməni lobbisi və rəsmi şəxsləri tərəfindən yeni diplomatik demarşları gözləmək lazımdır. Eyni zamanda erməni ekspertləri etiraf edirlər ki, əsəb müharibəsi başlayıb və tərəflərdən heç biri digərinin hərəkətindən əmin deyil. Ermənilər düşünürlər ki, Azərbaycan heç nəyə baxmayaraq, mülki təyyarəni vura bilər.ÿ
Hərbi ekspert Üzeyir Cəfərov hesab edir ki, Azərbaycan heç vaxt erməni təyyarəsini vurmaz: “Biz məsələlərə həmişə çox yumuşaq yanaşmışıq. Düşmənilərimiz də bundan yaxşı istifadə ediblər. ATƏT-in Minsk Qrupunun həmsədrlərinə ”minnətdarlıq etmək” lazımdır ki, onlar erməniləri belə həvəsləndirdilər. Bir neçə ay əvvəl onlar belə bir bəyanat vermişdilər ki, Xankəndi aeroportunun faəliyyətinə heç bir problem yaradıla bilməz. Bu cür sözlər erməniləri ruhlandırdı. Separatçıların lideri isə açıqlama vermişdi ki, aeroportun açılması hələ uçuşların həyata keçiriləcəyi demək deyil. Onlar da hiss edirlər ki, vəziyyət nəzarətdən çıxa bilər”.
Ü.Cəfərovun fikrincə, vəziyyət nəzarətdən çıxarsa, bunun ən böyük zərbəsi ermənilərə dəyəcək: “Ermənilər başa düşürlər ki, indiyə qədər onların nazı ilə çox oynayıblar. Bu səbəbdən 20 ilə yaxındır torpaqlarımızı işğal altında saxlayırlar. ATƏT vəziyyətin gərginləşməsində maraqlıdır. Azərbaycan cəmiyyətində də, rəsmilərdə də belə bir qənaət var ki, ATƏT heç nəyə qadir deyil. Amorf bir təşkilat kimi ermənilərin xeyrinə işləyir. Əgər münaqişə olarsa, həmsədrlər bölgəyə bundan sonra daha tez-tez gələcək. Onlar üçün hər cür şərait yaradılır, yüksək məvacib verilir. Bunların hamısını Dağlıq Qarabağın hesabına əldə edirlər. Vəziyyətin gərginləşməsində maraqlı olan qüvvələr var. Qəribə də olsa, bunu istəyənlər arasında beynəlxalq təşkilatlar da var. Onsuz da, Ramil Səfərov məsələsindən sonra tərəflər arasında az qala, toqquşma yaranacaqdı. Şükür ki, bu baş vermədi. Amma aeroport məsələsi onlara regionda gərginliyi artırmağa şans verib. Amma ermənilər də ehtiyatlı tərpənəcək. Ola bilər ki, onlar da Azərbaycan ictimaiyyətinin nəbzini yoxlayırlar. Azərbaycan da mövqeyini bildirib ki, bütün vasitələrdən istifadə edəcək. Amma bu addımlar təyyarənin vurulmasına qədər gedib çıxmayacaq”.
Ekspertin sözlərinə görə, ermənilər aeroportu işə salsalar, Azərbaycan tərəfi öz hava məkanını Ermənistanın üzünə bağlaya bilər: “Ermənistanın mülki təyyarələri bizim hava məkanından istifadə edirlər. Bu hava məkanı onların üzünə bağlanarsa, çox böyük çətinliklə üzləşmiş olarlar. Beynəlxalq Aviasiya Təşkilatı da öz fikrini bildirib. Ermənilər bu təşkilatın qərarına qarşı getsələr, bundan sonra atacaqları addımlar onların xeyrinə olmayacaq”.