Vaşinqtonda Qarabağ məsələsi müzakirəyə çıxarıldı

Ekspertlər:”Rusiya Qarabağ nizamlanmasında maraqlı deyil”

ABŞ-ın Cənubi Qafqaz üzrə aparıcı analitikləri Rusiyanın regional münaqişələrdə, əsasən Dağlıq Qarabağda rolu və maraqlarının müzakirəsində iştirak ediblər. Bazar ertəsi Vaşinqtonda Atlantik Şura yanında Avrasiya Mərkəzində “Rusiyanın Dağlıq Qarabağda məqsəd və prioritetləri” mövzusunda müzakirələr keçirilib.  
Bu barədə Turan-ın Vaşinqton müxbiri məlumat verib.
ABŞ-ın Azərbaycandakı keçmiş səfiri, hazırda Avrasiya Mərkəzinin direktoru Ross Uilson xatırladıb ki, Vaşinqton və Paris o zamankı prezident Medvedyevin  və xarici işlər naziri Lavrovun təşəbbüsünü fəal şəkildə dəstəkləmişdilər. Belə ki, onlar MInsk Qrupunun vasitəsilə 2009 və 2011-ci illərdə “Nizamlanmanın əsas prinsipləri” adlı sənədi təklif etmişdilər. Lakin Rusiyanın Qarabağda rolu və maraqları çoxdan spekulyasiya mənbəyi olub və belə fikirlər var ki, Moskva Minsk Qrupunu kənara “çəkib” və başqa maraqlar güdüb.
Uilson deyib ki, məsələ bundadır ki, Moskva Dağlıq Qarabağ məsələsinə yanaşmasını necə formalaşdırır və onun Bakıda və Yerevanda maraqları necədir?
Karneqi Fondunun eksperti Tomas de Vaal güman edir ki, əslində Rusiya istəmir ki, münaqişə həll olunsun “çünki o, həm Bakı, həm də Yerevanla hərbi əməkdaşlıq da daxil olmaqla, geniş əlaqələrə malikdir. Lakin Moskva Azərbaycana və Ermənistana öz təsirini itirir”.
Hələ 1990-cı illərdə Rusiya dinc danışıqlar zamanı tərəflər arasında atəşin dayandırılması üçün öz sülhməramlılarını regiona yeritmək istəyirdi.
Kreml dinc danışıqlarda hakim mövqe tutmaq istəyirmi? Bu sualın cavabında De Vaal deyib ki, bu məsələ ilə bağlı Putinin mövqeyi Medvedyevin mövqeyindən fərqlənir.
Rusiya-Ermənistan münasibətlərinə gəlincə, De Vaal qeyd edib ki, 2009-cu ildə prezident Sarkisyan Gürcüstanla münasibətlərini möhkəmləndirəndə Yerevan “Putini acıqlandırıb”.
“Ramil Səfərovla bağlı 3 gün lazım gəldi ki, Rusiya Azərbaycanın hərəkətinə reaksiya versin, halbuki, Ağ Ev bunu dərhal etdi. Bu, Ermənistan üçün mesaj idi”, – o əlavə edib.
Rusiyalı ekspert, Strateji və Beynəlxalq Araşdırmalar Mərkəzinin (CSIS) təmsilçisi Sergey Markedonov qeyd edib ki, Moskva əslində Azərbaycanla Ermənistan arasında sülhün olmasında maraqlı deyil. “O, Cənubi Qafqazdakı bütün kozır kartları əlində saxlamaq istəyir”, – o vurğulayıb.
R.Səfərovla bağlı məsələyə gəlincə, I.Əliyev öz daxili siyasi maraqları naminə onu azad edib. Belə ki, gələn il prezident seçkiləri olacaq və indiki prezident getmək istəmir. Dinc danışıqlarda Rusiyanın mümkün roluna toxunan Markedonov əlavə edib ki, status-kvonun saxlanması daha yaxşıdır, nəinki kompromis sazişin olmaması.
Amerika Xarici Siyasət Şurasının baş elmi işçisi Ueyn Merri  qeyd edib ki, bu gün “Türkiyə amili” Rusiyanın regional maraqları üçün əsas təhlükəyə çevrilib.
“Rusiya ehtiyat edir ki, real böhran vəziyyətində Türkiyə çox mühüm rol oynayacaq”, – o vurğulayıb.
Eyni zamanda Merri hesab edir ki, müharibə çox realdır, nə ABŞ, nə də AI onun qarşısını almaq iqtidarında deyil.