Britaniya qəzeti ilginc kəşfiyyat məlumatı yayıb
“İran Suriyadakı Bəşər Əsəd hakimiyyətini dəstəkləmək üçün milyardlarla dollar xərcləyib”. APA-nın məlumatına görə, bu barədə Böyük Britaniyada nəşr olunan “The Times” qəzeti qərb ölkələrinin kəşfiyyat orqanlarına istinadən xəbər yayıb.
Məlumatda bildirilir ki, suriyalı zabitlərin maaşları belə İran tərəfindən ödənilir: “Vətəndaş müharibəsinin yatırılması üçün Suriya rəhbərliyinə bu günə qədər 10 milyard dollardan çox yardım edən İran heç bir nəticənin alınmamasından narahatdır. Bu vəziyyət xüsusilə ali dini lider, ayətullah Əli Xamneyi ilə İran İslam İnqilabı Keşikçiləri Korpusunun (“Sepah”) “Qüds” qanadının komandanı Qasım Süleymaninin arasında narazılıq yaradıb. Çünki İranın bölgədəki strategiyasının memarlarından biri olan Q.Süleymani ötən il suriyalı müxaliflərin yatırılması üçün ayətullah Xamneyiyə zəmanət versə də, hələ də bu məsələdə müvəffəqiyyət əldə edə bilməməsi iki şəxsin münasibətini pozub. İrana qarşı son dövrdə sanksiyaların sərtləşməsi də Q.Süleymaninin Suriya strategiyasının sorğulanmasına səbəb olur”.
Qəzet yazır ki, İran rəsmiləri ölkədə inflyasiyanın və işsizliyin artdığı dövrdə bu cür xərclərin qarşılana bilməyəcəyini düşünür və bu məlumatların ictimaiyyətə acıqlanmasından narahatdır. “The” Times” qeyd edir ki, Q.Süleymani ayətullah Xamneyiyə ən yaxın adamlardan biri sayılır: “Onun adı tez-tez gələn il keçiriləcək seçkidə İran prezidentliyinə namizəd kimi çəkilir. Ancaq son hadisələrdən sonra ayətullah Xamneyinin Süleymanini indiki vəzifəsində saxlayacağı ehtimal olunur”.