Mirzə Cəlilin “Ölülər”indəki vəziyyət: dirilər gizli videoya qarşı

Bəs deyirdiniz bu dahi yazıçının möhtəşəm əsərini sevirsiniz? Onda yadınıza salın, dirilər niyə ölülərin dirilməsini istəmədilər. Getdilər, xub, fikirləşməyə. Çünki dirilərin ölülərdən gizli əməlləri onlara aşkarlanacaqdı….
Xalqı ölü sayan bizim dirilər də indi əl-ayağa düşüblər. Gülər Əhmədova olayı onları məcbur etdi ki, gizli video əleyhinə işə başlasınlar. Çünki bunların açılacaq çox şeyi var. Öz gizli şirkətlərinin aşkarlanmaması üçün şirkət sahiblərinin kimliyinin qapalı qalması barədə qanunu da onlar təzəcə qəbul ediblər. Gizlilik onların sərvətidir…
Etiraza bir az da əxlaq söhbəti qatdılar. Kişilik var, qadın-qız var. 3 nəfərin arasında olan söhbəti necə yaymaq olar?! Bəlkə bu 3 nəfər 3000 qadının ölümünə səbəb olan bir tibbi preparatın saxta variantını hazırlayırlar, onlardan biri isə məcbur edilib bu danışığa? Bəlkə burada terrordan söhbət gedir?
Amma psevdoəxlaqın keçməyəcəyini yaxşı bildikləri üçün söhbəti qanun-qadağa müstəvisinə də gətirib çıxarmaq istəyirlər. Başqa bir diskurs yaratmaq istəyirlər, sən demə, qanunsuz çəkilmiş video sübut sayıla bilməz.
Gizli video yox, gizli cinayət…
Bunların heç biri keçməz, cənablar! Mövzu gizli video deyil, mövzu gizli cinayətdir. Qaranlıq səhnədə əxlaq və ədalət teatrı qurmağa ehtiyac yoxdur. Avropa Insan Haqları Konvensiyasına qol çəkmiş Azərbaycan Avropa Insan Haqları Məhkəməsinin yurisdiksiyası altındadır. Ictimai insanın, deputatın, məmurun şəxsi həyatı istisna olmaqla, bütün fəaliyyəti gizli şəkildə qeyd edilə bilər, yayıla bilər. Bu, nəinki hüquqdur, həm də tutaq ki, jurnalistika üçün bir vəzifədir. Yeni media dövründə isə, bu, istənilən blogger, xalq jurnalisti üçün də vəzifədir.
Çünki bu gizlinləri bilmək cəmiyyətin haqqıdır. Bu insanlar isə topluma şəffaf idarəçilik vəd ediblər, buna and içiblər, üstəlik, qanunla buna borcludurlar. Onlar bizim taleyimizlə bağlı qərarlar verirlər. Onlar bizə məxsus pullar üzərində sərəncam verirlər. Onların niyə gizli əməli olmalıdır? Qanun niyə onların gizlinlərini aşkarlamağa qadağa qoymalıdır? Bu niyə əxlaqsız və qanunsuz sayılmalıdır?
Odur ki, dünyanı özünüzə güldürməyin. Siz şəxsi həyatla ictimai həyatı, özəl sirlə gizli cinayəti eyni tutarkən bizi idarə edənlərə xəlvətdə hər əməl törətmək hüququ tanıyırsınız. Bu, onların gizlində cinayət etməyinə haqq verməkdir.
Sabah onlardan biri deyəcək: mən filankəsdən rüşvəti gizlində almışam, başqasının ixtiyarı yoxdur ki, buna burnunu soxsun, görsün, yazsın və ya çəksin. Hətta deyəcək ki, bu, sübut sayıla bilməz. Budurmu istək? Axı deyin görək, kim rüşvəti aşkarda alır, kim cinayəti aşkarda törədir ki, gizlinlər yox, aşkarda olanlar çəkilsin?
Gizli çəkiliş də şahidlikdir
Şahid olmaq nə vaxtdan qadağan olub? Bir var gözlərinlə şahidlik edirsən, bir də var videogözlərlə. Həm də bu zaman qadağan olunmuş hər hansı sistemə müdaxilə etmirsən. Heç yol hərəkəti qaydasını da pozmursan.
Kimsə haray çəkdi: “Bu, cəmiyyətdə pis nəticələr verəcək. Sabah bilirsiniz nə qədər belə videolar çıxacaq!”. Bax, bu, əla sözdür. Qoy çıxsın. Məgər cinayətlərin aşkarlanması pisdir? Şəxsi həyatı çəkmək qadağandır. Şəxsi həyatı çəkənə dövlət cəza versin və özü bununla məşğul olmasın! Qalan videolara, necə deyərlər, gözümüz üstə yer var.
Kimsə bizə yetim uşağın internatdakı yağının, çörəyinin oğurlanıb bazarda satıldığını göstərən gizli video gətirsə, əxlaqsız deyəcəksinizmi ona?
Polisin qadın alveri yuvalarına hamilik etdiyini açan gizli videoya da qanunsuzmu deyərdiniz? Bəlkə bunun üçün polisdən icazə almalıdırlar?
…Bir şeyi də sual edin özünüzə. Vətəndaşa gizli çəkiliş etməməyə başqa variant qoyulubmu? Hüquq-mühafizə orqanlarına müraciət nəticə verəcəkmi? Bəlkə məhkəmə onun haqqını tanıyacaq, doğru dediyini qəbul edəcək? Varmı bu məhkəmə? Varmı bu istintaq? Baş prokuror öz dili ilə deyir ki, istintaq prezidentin nəzarətindədir.
Elşad Abdullayevin kimliyi
Deyirsiniz ki, Elşad özü cinayətkardır, elə rüşvət verməklə də cinayət törədib. Məgər onun öz cinayətini çəkmək və yaymaq ixtiyarı yoxdur? Bəlkə universitetində təhsil pis olub, qiyməti rüşvətlə yazıblar, ona görə olmaz? Elşadın dütdülü universitetindən çox danışdıq. Bəlkə dövlətin universitetlərindən, onların rektorlarından danışaq. Onların hansında vəziyyət çox fərqlidir ki?! Məgər o biri rektorlar zavod açmaqla oliqarx olublar?
Bu, tamam ayrı mövzudur və Elşad Abdullayevin də əl-üzün yumur. Amma indi mövzu başqadır. Başqa fakt, başqa siyahı, başqa alver var.