Bəzən mənə elə gəlir, tarixi canrlara müraciət edənlər bunu indinin ağrısını azaltmaq üçün edirlər. Bu da özünəməxsus qaçışdır – bu gündən qaçış… O ki qaldı günün mövzusuna, mən də onun fərqindəyəm. Lakin mənə elə gəlir ki, hakimiyyət bu problemdən də qacacaq, onu elə çözəcək ki, sanki bu ölkə 10 milyon vətəndaşın deyil, daşın-divarın ölkəsidir. Ona görə mən başqa mövzuya keçirəm, Nizaminin 870 illiyində onun haqda söz demək istəyirəm.
Dünyada mütəfəkkirlərlə bağlı maraqlı sorğular keçirilir. Məsələn, Amerika tədqiqatçılarının keçirdiyi sorğuya görə ən çox öyrənilən mütəfəkkir Marks olub. Azərbaycanda belə tədqiqat aparılmayıb. Amma düşünürəm ki, əgər o aparılsaydı məlum olardı ki, ölkədə ən çox öyrənilən mütəffəkkir N.Gəncəvi olub. Hər halda, nədənsə, məndə belə bir əminlik var. Nizami bizim az qala məişətimizə daxil olub – o qədər ünvan onun adı ilə adlandırılıb ki… Amma mən onu həmişə gürcülərin Ş.Rustavelisi ilə müqayisə edirəm. Gürcülərin tarixə münasibəti də özünəməxsusluğu ilə seçilir. Amma hələ sovetlər vaxtı gürcülər mənə demişdi ki, Ş.Rustaveli hər bir gürcünün tanıdığı yeganə şair sayılır. Nizamiyə gəldikdə isə bir çox məsələlərdə M.Füzuli onun, necə deyərlər, əməlli-başlı “dabanını tapdayır”. Təbii ki, Fizuli özünün qəzəlləri ilə muğama həkk olunub, bu səmtdə o Nizamidən xeyli öndədir. Amma mən birinciliyi yenə də Nizamiyə verərdim, çünki o, epik şairdir. Iran prezidentini öz məqbərəsini ziyarət etməyə vadar edən də məhz Nizami olub. Bunun özü də çox maraqlı hadisə idi. Adını unutduğum keçmiş Iran prezidentlərindən biri müddətinin bitməsinə çox az qalmış Azərbaycana gəlmişdi və Gəncəyə Nizaminin məqbərəsini ziyarətə getmişdi. Bəli, Nizami hələ də prezidentləri, dövlət adamlarını öz ayağına çəkib gətirir. Lakin həmin prezident özünə xas tərzdə “Mən fars şairi Nizamini ziyarətə gəlmişəm”- demişdi. Indi Nizaminin 870 illiyi qeyd olunur. Artıq doqquz əsrdir ki, onunla bağlı mübahisələr bitib tükənmir. Bəzən mənə elə gəlir ki, dahilər özləri haqda tapmacalar qoyurlar ki, insanlar əsrlər boyu həmin tapmacalar üzərində baş sındırsınlar. Şekspir neçə əsrdir ki, öz dramları ilə hamını ovsunlayır. Amma necə əsrdir ki, onun kimliyi və müəllifliyi mübahisə predmeti olaraq qalır. Hətta Ingiltərədə buna yekun vura bilmirlər. Hələ də düşünürlər ki, pyeslərin müəllifi Bekon, yoxsa V.Şekspirin özü olub? Mən hələ onu demirəm ki, sufiliyin tədqiqatçılarından biri tamamilə ciddi şəkildə Şekspirin sufi şeyxi olmasını iddia etmişdi. Hələ müasir şair və yazıçılarla bağlı nə qədər belə tapmaca var! Dünyada bu gün də “Sakit Don”un müəllifliyi mübahisə doğurur. Mən bütün bunları nədən xatırladıram? Məsələ bundadır ki, böyük insanlardan böyük tapmacalar və müəmmalar qalır. Bu mənada Nizami də istisna deyil. Hətta bu gün də təkcə sovet hakimiyyətinin sayəsində Nizaminin azərbaycanlılara “hədiyyə” kimi verildiyi iddia olunur. Nə qədər belə iddialar olacaq? Amma mənə elə gəlir ki, bunlara artıq bir dəfə cavab verilib. O cavab da Nizaminin, demək olar, heç vaxt təkr etmədiyi Gəncədir…
Mən onu ikinci dəfə necə kəşf etdim?
Yazıçılarla təmasın da öz qəribəlikləri var. Bu qəribəliklər o qədər mənalı və sehrli olur ki, uzun illər ərzində onları nə qədər çalışsaq da, unuda bilmirik.
Biz hər bir yazıçını, şairi bir dəfə oxuyuruq. Amma sonradan onu tamamilə yenidən kəfş edirik. Mənim həyatımda iki belə ədəbiyyat adamı olub: Hüqo və Nizami. 2000-ci ildə rayona çəkilmişdim. Orada əlimə artıq köhnəlmiş, hətta üz qabığı cırılmış kitab düşdü. Bu Hüqonun “Səfillər”i idi. O vaxt onu təzədən oxumağa başladım və özüm üçün yenidən Hüqonu kəşf etdim. Nizami ilə bağlı isə bir qədər fərqli olmuşdu. Roma Papası, məşhur I.Pavel Azərbaycana səfərə gəlmişdi. 21 illik müstəqillik dövründə bu səfər yaddaşıma həkk olan yeganə səfərdir. Papa çıxış etdi. Təssəvvür edin, çıxış tamamilə Nizamidən sitatlar üzərində qurulmuşdu. Özü də bir sitat yox, bir neçə sitatdan söhbət gedir. Həmin gün mənim üçün Nizaminin bir daha kəfş edildiyi gün oldu. O vaxt fikirləşdim ki, Nizaminin əsərləri hər birimizin evində olmalıdır, çünki o, bizim ensiklopediyamız adlanmağa layiqdir. Bunu elə qəbul etməyin ki, Roma Papası dedi və biz də Nizaminin böyüklüyünü o saat təsdiq etdik. Yox, məsələ bunda deyil. Sadəcə, bəzən dahi şair, yazıçı sözləri də “inflyasiya”ya məruz qalır, biz bu epitetləri o qədər adama şamil edirik ki, onlar qiymətdən düşür və ucuzlaşır. Mənə elə gəlir ki, bu da nəfsin təzahürüdür, hamı özünü və yaxınlarını əbədiyyətə sırımaq istəyir. Elə bil ki, əbədiyyət də fəxri qəbiristanlıqdır, səlahiyyətin çatırsa, özünü və yaxınlarını burada dəfn edə bilərsən…
Kiçik sözardı
Bu kiçik yazı da bitdi. Mənim başqa məqsədim yox idi. Sadəcə, bu vaxtda, Nizaminin 870 illiyində mənim də gücüm bu iki-üç sətirə çatdı. Mən artıq 10 milyona çatan azərbaycanlılardan sadəcə biriyəm. Nizami isə təkdir. Amma bəzən adi oxucunun duyduğu mətləbləri neçə illərin təlqiqatçıları da birdən hiss edə bilmirlər. Bu mənada Nizami mənim üçün həmişə həm məlum, həm də məchul olaraq qalacaq. Sadəcə, ümid zamana, əsrlərədir. Zaman dahiləri də cilalayır. Biz meyvənin qabığını kənarlaşdırdığımız kimi, zaman da dahini cilalayır, onun yaradıcılığındakı əsas cövhəri üzə çaxırır. O vaxt ikinci və ya üçüncü dərəcəli məsələlər arxada qalır, çünki onlar meyvənin qabıqları kimi bir şeydir, soyulub atılır. Qalan isə, necə deyərlər, meyvənin yeməli hissəsi olur…

Büt önündə…
•