“Azadlıq”a müraciət edən bir qrup şəxs 1 saylı Iqtisad Məhkəməsinə müraciətlə Əmlak Məsələləri Dövlət Komitəsindən şikayət edib. Müraciətdə deyilir:
“Iddia ərizəmiz üzrə 1-ci cavabdeh ƏMDK qanunvericiliklə ona verilmiş hüquqlardan istifadə edərək Lökbatan qəsəbəsi, 28 may küçəsində yerləşən 15 saylı kolxoz bazarı və bizə məxsus mağazaları xəlvəti şəkildə hərraca çıxarıb. Qurum həmin obyektləri 5 oktyabr 2010-cu il hərracı və bazarla əlaqəsi olmayan Hüseyn Qasımova satıb ki, bu barədə DƏDRX Bakı şəhər Ərazi Idarəsində qeyd aparılıb və müvafiq çıxarış verilib. 20 ilə yaxın müddət ərizində bizim sahiblik və istifadəmizdə olan mağazaların bazara heç bir aidiyyəti yoxdur. Biz həmin müddət ərzində müstəqil fəaliyyət göstərmişik və bazarla icarə müqaviləmiz olmayıb. Buna baxmayaraq öz vəsaitimizlə tikilən mağazaları ƏMDK bazarın tərkib hissəsi kimi pasportlaşdıraraq hərraca çıxarıb və bazarla əlaqəsi olmayan şəxsə satıb ki, bu da müvafiq qanunvericilik normalarına ziddir. Bir qrup şəxs cinayət əlaqəsinə girərək bu əməli törədib. Məhkəmədən xahiş edirik ki, 15 saylı bazarın alqı-satqısına dair ƏMDK ilə H.Qasımov arasında bağlanan hərrac protokolu və DƏDRX-in Ərazi Idarəsində aparılan çıxarışın etibarsız hesab edilməsi barədə qərar, dövlətə külli miqdarda dəyən 4.597.388 manat ziyana görə ona cavabdeh vəzifəli şəxslər barədə müvafiq maddələrlə cinayət işinin başlanması barədə xüsusi qərar çıxarsın”.
Sosial şöbə