N!DA Vətəndaş Hərəkatının Bəyanatı

Sentyabrın 29-da səhər saatlarında N!DA Vətəndaş Hərəkatı idarə heyətinin üzvü, siyasi fəal və blogger Zaur Qurbanlı evinin qarşısında bir qrup mülki geyimli şəxs tərəfindən saxlanılmış, heç bir rəsmi sənəd göstərilmədən evində kobud formada axtarış aparılmışdır.
Eyni vaxtda Müsbət Dəyişiklik Gənclər Hərəkatının ofisinə də bir neçə mülki geyimli şəxs gələrək axtarış aparmağa başlayıblar. Gələnlər özlərini Daxili İşlər Nazirliyi Baş Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə İdarəsinin əməkdaşları kimi təqdim ediblər. Axtarış zamanı MDGH-ın ofisində N!DA-a məxsus olan çap məhsulları tapılmışdır.
Evində axtarış aparıldıqdan sonra Müsbət Dəyişiklik Gənclər Hərəkatının ofisinə gətirilən Zaur Qurbanlının iştirakı ilə burada video çəkiliş aparılmış və kamera qarşısında broşuraların N!DA-a aid olması təsdiqlətdirilmişdir. Daha sonra Zaur Qurbanlı naməlum istiqamətə aparılmışdır.
Sentyabrın 29-da baş verən bu hadisə ilə bağlı N!DA Vətəndaş Hərəkatının üzvləri, bir sıra hüquq müdafiəçi təşkilatı rəhbərləri, həmçinin media nümayəndələri gün ərzində Baş Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə İdarəsinə, Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə, eyni zamanda nazirliyin “102” Qaynar Xətt xidmətinə məlumat vermiş, Z.Qurbanlının kimlər tərəfindən həbs edildiyinin/oğurlandığının araşdırılması və onun harada saxlanılması haqqında məlumat verilməsini tələb etmişdir. Lakin aiddiyyatı orqanların heç biri gün ərzində Z.Qurbanlının hansı qurum tərəfindən həbs edildiyi/oğurlandığı və onun harada saxlanılması ilə bağlı məlumat yaymamışdır. Həmçinin, həmin gün hərəkat üzvləri tərəfindən Respublika Prokurorluğu, Bakı Şəhər Prokurorluğu və Ombudsman Aparatının “Qaynar Xətt”inə edilən bütün zənglər cavabsız qalmışdır.
İctimaiyyətin baş verən bu hadisə ilə bağlı 2 sutkadan artıq məlumatsız qalması, Z.Qurbanlının həmin 2 gün ərzində faktiki olaraq oğurlandığı fikrinin ciddiləşməsinin ardından, nəhayət oktyabrın 1-də Daxili İşlər Nazirliyinin rəsmisi Z.Qurbanlı ilə bağlı açıqlama vermişdir. Nazirlik rəsmisinin verdiyi açıqlamada iddia olunub ki, Zaur Qurbanlı narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə əlaqədar daxil olan əməliyyat məlumatı əsasında saxlanılarkən polis əməkdaşlarına müqavimət göstərib. Bu iddiaya əsasən, xidməti vəzifələrini yerinə yetirən polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmadığına görə onun barəsində Abşeron Rayon Məhkəməsi tərəfindən İnzibati Xətalar Məcəlləsinin 310.1-ci maddəsinin tələblərinə əsasən 15 gün müddətinə inzibati həbs qərarı çıxarılmışdır. Açıqlamada, həmçinin bildirilmişdir ki, Z. Qurbanlının iş yerində aparılan axtarış zamanı “qanunsuz sənədlər və digər əşyalar” (!) aşkar edilərək götürülmüşdür.
N!DA VH olaraq bəyan edirik ki, DİN-in rəsmi məlumatında “qanunsuz sənədlər” kimi bəhs edilənlər təşkilatımıza aid broşuralardır. Polis orqanları tərəfindən müsadirə olunan 8 min ədəd broşuralar təşkilata yeni üzvlərin cəlb olunmasına hesablanan təbliğat materialıdır. Üzərində “Mən 2013-də gedərəm, əgər …” yazılmış, arxa fonda isə Azərbaycan Respublikası prezidenti İlham Əliyevin silueti əks olunmuş bu bruşoraların Azərbaycan Respublikası qanunları çərçivəsində çap edildiyini və oradakı əksini tapan fikirlərin Azərbaycan Respublikası qanunlarına ziddi olmadığını vurğulamaq istəyirik. Həmçinin, bəyan edirik ki, müsadirə olunan bu broşuralarla bağlı məsuliyyəti (!) təkcə Zaur Qurbanlı yox, N!DA VH idarə heyətinin digər 6 nəfər üzvü də eyni dərəcədə daşıyır.
Eyni zamanda, oktyabrın 1-də Z.Qurbanlının vəkili Əsabəli Mustafayev Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsininin təcridxanasında Zaur Qurbanlı ilə görüşmüş, onun saxlanma şəraiti ilə maraqlanmışdır.
Oktyabrın 1-də məsələ ilə bağlı Reportyorların Azadlığı və Təhlükəsizliyi İnstitutunun mətbuat mərkəzində mətbuat konfransı keçirilmişdir. Konfransda N!DA Vətəndaş Hərəkatının idarə heyətinin üzvü Turgut Qəmbər bildirmişdir ki, Z.Qurbanlının yaşadığı evin önündən oğurlanaraq, 2 sutkadan artıq gizlədilməsi və baş verən qanunsuzluqla bağlı məsuliyyəti heç bir dövlət qurumunun üzərinə götürməməsi Azərbaycan hakimiyyətinin ona müxalif gənclərə qarşı növbəti repressiv addımlarından biridir. Həmçinin, bildirilmişdir ki, N!DA VH hazırda Z.Qurbanlının müdafiəsi və azadlığa buraxılması istiqamətində bütün gücü ilə çalışır və lazımi orqanların hamısına məlumat verilib. Mətbuat konfransında iştirak edən ABŞ, Almaniya və Böyük Britaniyanın ölkəmizdə səfirliklərinin nümayəndələri, həmçinin, ATƏT, NDİ (Milli Demokratiya İnstitutu) və daha bir neçə beynəlxalq təşkilatın Bakı ofislərinin rəsmiləri hadisə ilə bağlı məlumatlandırılmış və onlardan məsələyə adekvat reaksiya vermələri xahiş olunmuşdur.
Z.Qurbanlı həbs edildikdən dərhal sonra beynəlxalq təçkilatlara edilən müraciətlər də dərhal qarşılıq tapmışdır. Oktabrın 2-də “Amnesty International” təşkilatı Azərbaycan hakimiyyətini Zaur Qurbanlını azadlığa buraxmağa çağırıb.
Z.Qurbanlı ilə bağlı cinayət işi açılması ehtimalını nəzərə alaraq, məsələnin son ana qədər diqqətdə saxlanılmasının zəruriliyini qeyd edərək, bu qanunsuz həbsi pisləyir və bütün beynəlxalq və yerli təşkilatlardan, hüquq müdafiə institutlarından bu məsələ ilə maraqlanmağı, obyektiv mövqe nümayiş etdirmələrini gözləyirik.