Hakimiyyət daha bir fəalı narkotiklə “vurur”

Zaur Qurbanlının həbsində də ənənəvi «polisə müqavimət», «narkotik» ittihamlarından istifadə olundu

Bir neçə gün əvvəl evindən çıxarkən Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə Idarəsinin (BMCMI) əməkdaşları tərəfindən həbs edilən “Nida” Vətəndaş Hərəkatının üzvü Zaur Qurbanlı barəsində Abşeron Rayon Məhkəməsi 15 sutkalıq inzibati həbs qərarı çıxarıb. Amma gənc fəalın harada saxlanıldığı hələ də dəqiq məlum deyil.

Yenə narkotik ittihamı…

Daxili Işlər Nazirliyinin mətbuat xidmətinin şöbə rəisi Orxan Mansurzadə “Azadlıq” radiosuna deyib ki, Zaur Qurbanlı narkotik vasitələrin qanunsuz dövriyyəsilə əlaqədar daxil olan əməliyyat məlumatı əsasında saxlanılıb: “Saxlanılarkən polis əməkdaşlarına müqavimət göstərib. Asayiş keşikçilərinin qanuni tələblərinə qəsdən tabe olmadığına görə Abşeron Rayon Məhkəməsi tərəfindən barəsində Inzibati Xətalar Məcəlləsinin 310.1-ci maddəsinin tələblərinə əsasən 15 gün müddətinə inzibati həbs qərarı çıxarılıb”.
Orxan Mansurzadə onu da qeyd edib ki, Zaur Qurbanlının iş yerində axtarış zamanı qanunsuz sənədlər və digər əşyalar götürülüb: “Hazırda bununla bağlı araşdırma aparılır. Sonra nə olacaq, zamanı çatanda məlumat veriləcək”.

Hakimiyyət məqsədinə nail ola bilməyəcək!

Ötən gün “Nida” Vətəndaş Hərəkatının üzvləri, müstəqil və müxalifyönlü gənclər, hüquq müdafiəçiləri, diplomatik korpusun nümayəndələri, o cümlədən demokratik düşərgənin təmsilçiləri Zaur Qurbanlının həbsilə əlaqədar Reportyorların Azadlığı və Təhlükəsizliyi Institutunun ofisində mətbuat konfransı keçirdilər.
“Nida”nın həmtəsisçilərdən Turqut Qəmbər bildirdi ki, hakimiyyət ənənəsinə sadiq qalaraq, bu cür addımlarla aktiv gəncləri parçalamaq, onların fəaliyyətini darmadağın etmək istəyir: “Ancaq hakimiyyət məqsədinə nail ola bilmir. Biz daha da güclənirik. Sıralarımıza daha çox gənc daxil olur. Zaurun azadlığa buraxılması üçün bütün lazımi vasitələrdən istifadə edəcəyik”.

“Hökumət Gülər Əhmədova olayını kölgədə qoymaq istəyir”

“Nida”nın Idarə Heyətinin üzvü Rəşad Həsənov bildirdi ki, hadisədən öncə gənclər ofisə polis hücumu barədə ona SMS-lə məlumat veriblər: “Ofisimizə basqın edən şəxslər özləri haqqında bizə heç bir məlumat vermədilər. Az sonra Zauru da gətirdilər. Polislər Zauru aparanda bildirdilər ki, Yasamal Rayon Polis Idarəsinə gedirlər. Hadisədən dərhal sonra Daxili Işlər Nazirliyinin mətbuat xidmətinə zəng vurdum. Oradan dedilər ki, hadisə barədə xəbərsizdirlər. 102 xidmətindən isə dedilər ki, bu barədə ancaq valideynlərinə məlumat verə bilərlər. Indi də nazirlikdən deyirlər ki, narkotik əməliyyatı zamanı saxlanılıb. Amma üstündə narkotik aşkarlanmayıb. Məlumat yayıldı ki, Zaura 15 sutkalıq inzibati həbs cəzası verilib. Biz bilirik ki, bu qondarma məhkəmə heç keçirilməyib. Ola bilsin ki, bu 15 sutkanın məqsədi dindirmə zamanı ona verilən işgəncələrin izlərinin bu müddətdə yox olmasıdır”.
Çıxışlarda bu fikir də vurğulandı ki, hakimiyyət Zauru həbs etməklə hazırda gündəmdə olan Gülər Əhmədova məsələsini kölgədə qoymaq istəyir.
Araşdırmaçı jurnalist Xədicə Ismayıl çıxışında məlumat verdi ki, Zaurun sonuncu bloq yazısı dövlət başçısının qızı Leyla Əliyevanın şeirinin 5-ci sinif dərsliyinə salınması haqda olub.

Zaur Qurbanlının həbsi ictimai fəaliyyətilə bağlıdır

Hakimiyyətin siyasi sifarişilə həyata keçirilən həbslərə nəzər salanda görünür ki, bu cür situasiyalarda bir qayda olaraq, “narkotik”, “polisə müqavimət” kimi şablonlardan istifadə olunur. Elə təkcə bu məqamın özü Zaur Qurbanlının həbsinin kökündə tamam fərqli səbəblərin dayandığını düşünməyə əsas verir.
Zaur Qurbanlıya qarşı baş verənlərlə əlaqədar ölkənin ictimai-siyasi kəsimi, gənclər təşkilatları etiraz bəyanatlarıyla çıxış ediblər. Bəyanatlarla gənc fəalın həbsinin onun ictimai fəaliyyətilə bağlı olduğu vurğulanır və cərhal azadlığa buraxılması tələb olunur.

Gənc fəal “Bandotdel”də saxlanılır

Dünən axşam saatlarında Zaur Qurbanlının saxlanıldığı yer məlum oldu. Vəkil Əsabəli Mustafayev “mediaforum”a açıqlamasında gənc fəalın Mütəşəkkil Cinayətkarlıqla Mubarizə Idarəsində saxlanıldığını bildirib: “Saxlanma şəraitindən, ona olan münasibətdən şikayət etmədi. Tutulan vaxt isə müəyyən problemlər, mübahisə olub. Bu idarədə nə qədər saxlanılacağı məlum deyil. Adətən inzibati həbs olunanları Binəqədidəki müvəqqəti məntəqədə saxlayırlar. Ancaq belə məlum olur ki, Zauru Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə Idarəsində saxlayacaqlar”.

Ramin DEKO