gurcu-secki

Gürcüstanda müxalifət parlamenti götürdü

gurcu-seckiSaakaşvili məğlubiyyətini etiraf etdi; onun istefası gündəmə gəldi; İvanişvili hədəflərini açıqladı

Gürcüstanda parlament seçkiləri arxada qaldı. Gərgin seçki kampaniyası ilə müşahidə olunan proses Gürcüstanda demokratiyanın növbəti təntənəsilə başa çatdı. Beynəlxalq və yerli müşahidəçilər seçkilərin azad və ədalətli şəkildə keçirildiyini bəyan edib.
ATƏT, Avropa Şurası və NATO Parlament Assambleyası müşahidəçilərinin birgə bəyanatında budəfəki parlament seçkilərinin ölkədə demokratik seçki keçirmək ənənəsinin möhkəmlənməsi istiqamətində vacib addım olduğu vurğulanıb.
Səslərin sayılması prosesinin davam etməsinə baxmayaraq, artıq milyarder Bidzina Ivanişvilinin lideri olduğu “Gürcü arzusu” koalisiyası qələbəsini bayram edir. Müxalif milyarder artıq yerli və beynəlxalq təbrikləri qəbul etməyə başlayıb. ABŞ-ın Gürcüstandakı səfiri Riçard Norland, amerikalı senatorlar Cin Şafin və Ceyms Riş Bidzina Ivanişvili ilə görüşərək, milyarderin liderlik etdiyi koalisiyanın qələbəsi münasibətilə onu təbrik ediblər. ABŞ səfiri demokratik seçki münasibətilə gürcü xalqını da təbrik edib.
Gürcüstan prezidenti Mixail Saakaşvili qurucusu olduğu Vahid Milli Hərəkat Partiyasının məğlubiyyətini qəbul edərək, partiyasının müxalifətə keçdiyini açıqlayıb. Saakaşvili bildirib ki, dövlət başçısı olaraq, yeni parlamentin fəaliyyətə başlayıb sədr seçməsini və yeni hökuməti formalaşdırmasını təmin etməyə çalışacaq. O, Vahid Milli Hərəkatın lideri olaraq bəyan edib ki, onun partiyası müxalifətə keçir: “Biz müxalif güc olaraq, ölkənin gələcəyi haqda düşünəcəyik və son illər ölkə naminə nə yaradılıbsa, onu qorumaq üçün mübarizə aparacağıq”.
Saakaşvili Ivanişvilinin liderlik etdiyi “Gürcü arzusu” koalisiyasının proqram və baxışlarını qəbul etmədiyini də əlavə edib. Lakin seçkilərdə xalqın müxalifətə səs verməsini də hörmətlə qarşıladığını söyləyib: “Biz hesab edirik ki, onların baxışları doğru deyil. Lakin qərarı gürcü xalqının əksəriyyəti verib və biz bu seçimə hörmətlə yanaşırıq”.
Jurnalistlərin seçkinin nəticələrilə bağlı suallarını cavablandıran Bidzina Ivanişvili müxalifətin fəaliyyət istiqamətlərini və gələcək planlarını açıqlayıb. Müxalif milyarder müxalifətin Avropa və Qərb dəyərlərinə sadiq qalacağını, NATO və Avropa Birliyi kimi təşkilatlarla sıx əməkdaşlığa üstünlük verəcəyini bildirib: “Bizim əsas marağımız NATO və Avropa Birliyinə üzvlüklə bağlıdır. Çünki Avropa Birliyindən daha yaxşı demokratik institut və NATO-dan daha yaxşı beynəlxalq təşkilat hələlik mövcud deyil. Lakin mən Gürcüstanın Avroatlantik yolunu və Rusiya ilə yaxşı münasibətlər qurmasını bir-birilə uyğunlaşdıra bilərəm”.
Ivanişvili deyib ki, Gürcüstanın NATO-ya can atması nə qədər təbiidirsə, Rusiyanın bunu əngəlləmək istəməsi də o qədər təbiidir: “Hər ölkənin, o cümlədən Rusiyanın, Ermənistanın, Azərbaycanın, Türkiyənin və ABŞ-ın öz geosiyasi maraqları var. Universal resept yoxdur. Lakin biz ölkə daxilindəki problemlərin həllindən başlamalıyıq, demokratik institutların inkişafını təmin edərək öz ərazimizi həm NATO, həm də abxaz və osetin qardaşlarımız üçün cəlbedici etməliyik. Hələlik vəziyyət belədir ki, osetinlər və abxazlar Gürcüstanı cəlbedici saymır və ölkənin bir çox vətəndaşı Gürcüstanı tərk edir”.
Gürcüstan parlamentinin yeni tərkibdə ilk iclasının oktyabrın 20-də keçiriləcəyi bildirilib. Seçkilərdə qalib gəldiyi ehtimal olunan müxalifət blokunun parlamentin spikerliyinə namizədi hələ ki, məlum deyil. Müxalif lider Bidzina Ivanişvili keçirdiyi brifinqdə spikerliyə namizədini müəyyənləşdirmədiyini söyləyib. O, qurulacaq yeni hökumətə Saakaşvilinin komandasından heç kimin daxil edilməyəcəyini də bildirib.
Müxalif lider keçirdiyi brifinqdə parlament seçkilərində məğlubiyyətə uğrayan hakim partiyanın qurucusu, prezident Mixail Saakaşvilini istefa verməyə çağırıb. Bidzina Ivanişvili Saakaşvilinin istefa verməsi və növbədənkənar prezident seçkilərini elan etməsi tələbini irəli sürüb: “Bu, onun üçün ən yaxşı və yeganə doğru yoldur. Saakaşvili nüfuzunu qorumaq və xoş gələcəyi naminə istefaya getməlidir”.
Mərkəzi Seçki Komissiyasının ilkin məlumatına görə, mojaritar seçki sisteminin keçirildiyi 73 məntəqədən 60-nın nəticələri məlumdur. Müxalif namizədlər mojaritar qaydada keçirilən seçkilərdə də üstünlük əldə edib. Son məlumatlara görə, hakim Vahid Milli Hərəkat partiyasından mojaritar qaydada 29, müxalif “Gürcü arzusu” koalisiyasından isə 31 millət vəkili seçilib.
MSK-nın məlumatına görə, səslərin hesablanmasının hazırkı mərhələsində “Gürcü arzusu” 53,3 faiz səslə liderdir. Hakim Vahid Milli Hərəkat partiyası 41,5 faiz səslə ikinci yerdədir.
Acarıstan muxtar vilayətində də müxaliflər öndə gedir. Yayılan məlumatlara görə, hakim partiya bölgədə 44,8 faiz, müxalifət isə 48,5 faiz səs toplayıb.

Elxan