Saakaşvili xalqa müraciət etdi

Gürcüstanda parlament seçkilərində ekzit-polların ilkin nəticələri elan olunandan sonra prezident Mixail Saakaşvili əhaliyə müraciət edib.

APA-nın “Gruziya Online” saytına istinadən verdiyi xəbərə görə, Saakaşvili bildirib ki, proporsional dairələrdə müxalif “Gürcü Arzusu”, majoritar dairələrdə isə hakim “Vahid milli hərəkat” koalisiyası qalib gəlib. O deyib ki, yaxın vaxtlarda kimin qalib gəldiyi məlum olacaq. Hal hazırda aydındır ki, biz şəffaf səs vermə keçirə bildik, seçkilər baş tutub. Saakaşvili deyib ki, müxalifət Tbilisidə, hakim koalisiya isə regionlarda üstün olub. O bəyan edib ki, yeni parlamentə keçid tam qanunauyğun baş tutacaq. Biz hamımız ölkədə demokratiya prosesinə qoşulmalıyıq.

***

“Exit-Poll”: Saakaşvilinin partiyası uduzdu

Gürcüstanda keçirilən parlament seçkilərinin ilkin nəticələri iqtidar üçün ürəkaçan olmayıb

Gürcüstanda keçirilən parlament seçkilərinin “exit-poll” nəticələri açıqlanıb. ANS PRESS-in gürcü mətbuatına istinadən verdiyi məlumata görə, 3 ayrı-ayrı təşkilatın keçirdiyi “exit-poll”un nəticələri hakim “Milli Hərəkat” üçün ürəkaçan deyil. ABŞ-ın “Edisson Research” təşkilatının açıqladığı nəticələrə görə, müxalif “Gürcü arzusu” 51 faiz, Saakaşvilinin “Milli Hərəkatı” 41 faiz, “Xristian demokratlar” 4 faiz, digər partiyalar isə ümumilikdə 3 faiz səs qazanıb.

Almaniyanın GFK təşkilatı isə bildirir ki, “Gürcü arzusu”na 35 faiz, Saakaşvilinin “Milli Hərəkatı”na 30 faiz, “Xristian demokratlar”a 1,36 faiz səs verilib. Respondentlərin 32 faizi ümumiyyətlə seçkilərdə kimə səs verdiyini açıqlamaq istəməyib.

Yuxarıda qeyd edilən təşkilatlardan fərqli olaraq “Gürcü arzusu”na yaxınlığı ilə seçilən “Seçicilər Liqası”nın “exit-poll”u daha kolorit görünür. Bu təşkilata inansaq, müxalifət seçkilərdə 70, 24 faiz, iqtidar isə 24,66 faiz səs qazanıb.

Onu da qeyd edək ki, artıq müxalif “Gürcü arzusu” koalisiyası parlament seçkilərinin baş tutduğunu bəyan edib. Müxalif blokun nümayəndəsi David Saqanelidze bildirib ki, səsvermə zamanı qanun pozuntuları qeydə alınsa da, onlar ümumi prosesə təsir etmək gücündə deyil.

***

Gürcü müxalifəti seçkiləri tanıdı

Gürcüstanda keçirilən parlament seçkiləri başa çatıb. “Gürcü Arzusu” müxalifət bloku seçkilərin baş tutduğunu elan edib. Blokdan yayılan açıqlamada səsvermə zamanı kütləvi qanun pozuntularının qeydə alındığı, lakin bu qanunsuzluqların seçkinin ümumi nəticələrinə təsir göstərmədiyi bildirilib.

***

Gürcüstanın əsas müxalifət bloku “Gürcü Arzusu” tərəfdarlarını Tbilisinin mərkəzindəki “Azadlıq” meydanına toplaşmğa çağırıb. Blokun mətbuat katibi Maya Pndikidze jurnalistlərə açıqlamasında seçkinin ilkin nəticələri barədə xəbəri “Azadlıq” meydanında eşitmək istədiklərini və bütün tərəfdarlarını meydana səsləyib.