Gülər Əhmədova partiyanın sıravi üzvüdür və o, partiya sıralarından çıxarılmayıb. Gün.Az xəbər verir ki, bunu YAP-ın icra katibinin müavini, millət vəkili Siyavuş Novruzov jurnalistlərə açıqlamasında deyib.
Onun qeyd etdiyinə görə, partiyanın müvafiq nizamnaməsinə əsasən üzvlərin YAP sıralarından xaric olunması məsələsinə ilk olaraq partiya təşkilatları baxmalıdır.
“Bir daha qeyd edirəm ki, bu məsələyə millət vəkilinin daxil olduğu ilk partiya təşkilatı qərar verməlidir. Yəni, hazırda Gülər Əhmədova partiyanın sıravi üzvüdür və o, partiyadan xaric olunmayıb”.
Millət vəkili eyni zamanda onun deputat toxunulmazlığının götürülməsi məsələsinin MSK-nın qərarından asılı olduğunu bildirib.
“Bu məsələ ilə MSK məşğul olur. Ona görə də bu məsələyə onlar qərar verməlidir”.
Qeyd edək ki, Gülər Əhmədovanın cəzalandırılması, konkret olaraq YAP-dan kənarlaşdırılması barədə xəbəri mətbuata YAP sədrinin müavini, YAP-ın icraçı katibi Əli Əhmədov vermişdi. O, deputatın bu hərəkətini “hakim partiyaya ləkə” də adlandırmışdı. Bu gün YAP-ın daha bir funksionneri Aydın Mirzəzadə də demək olar ki, eyni fikirləri bölüşüb.
***
30.09.12
Hakim Yeni Azərbaycan Partiyası (YAP) Gülər Əhmədovanı öz sıralarından xaric edib. Bu barədə Modern.az saytına YAP-dan məlumat verilib. Bildirilib ki, sentyabrın 29-da partiyanın rəhbər strukturlarının toplantısı keçirilib və son günlər adı rüşvət qalmaqalında hallanan deputat Gülətr Əhmədovanın YAP-dan xaric olunması barədə qərar çıxarılıb.
Gülər Əhmədova YAP-ın Qadınlar Şurasının üzvü idi.