“Gülər Əhmədova ilə bağlı iş prezidentin nəzarətindədir”

“Gülər Əhmədova ilə bağlı başlanan cinayət işi birbaşa prezident İlham Əliyevin nəzarəti altındadır. Bu cinayət işini siyasiləşdirmək olmaz”. APA-nın məlumatına görə, baş prokuror Zakir Qaralov fəaliyyəti dayandırılmış Azərbaycan Beynəlxalq Universitetinin rektoru Elşad Abdullayevin yaydığı video ilə bağlı başlanan cinayət işinin istintaqından danışarkən belə deyib.

Baş prokuror qeyd edib ki, videonu yayan Elşad Abdullayev Azərbaycana gəlməlidir: “İlk növbədə Elşad Abdullayevlə Gülər Əhmədova üzləşdirilməli, cinayət işi bağlı Elşad Abdullayevə müxtəlif suallar ünvanlanmalıdır. Bu suallardan biri budur ki, Elşad Abdullayev hansı səbəbə görə bu görüntüləri 7 il saxlayıb, yalnız Azərbaycanı tərk edəndən sonra ictimaiyyətə açıqlayıb. Əgər o, korrupsiyaya qarşı mübarizə aparan şəxsdirsə, deputatlığa namizədliyini verdiyi dövrdə ona qarşı olan əməlləri istintaq orqanına bildirməli idi. Belə bir müraciət isə olmayıb”.

Baş prokurorun sözlərinə görə, materiallarla bağlı müxtəlif ekspertizalar təyin olunub: “Dünən əməkdaşlarımız Azərbaycan Beynəlxalq Universitetinin binasında olublar. Həmin videoçəklişin aparıldığı otağa baxış keçirilib. Bütün bu araşdırmalar başa çatandan sonra aydın olacaq ki, həmin videoyazı hansı otaqda və hansı məqsədlə aparılıb”.

Baş prokuror deyib ki, G. Əhmədova özü istintaqın obyektiv aparılması üçün deputat toxunulmazlığı hüququndan imtina edib: “O da hesab edir ki, istintaqa yaxından kömək edəcək”.